Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:01

Azərbaycan «Cənub qaz dəhlizi»nə qaz verir


Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu «Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə»ni imzaladılar
Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu «Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə»ni imzaladılar
«CƏNUB QAZ DƏHLİZİ» BƏYANNAMƏSİ

Avropa Birliyi və Azərbaycan yanvarın 13-də Bakıda «Cənub qaz dəhlizi» haqqında birgə bəyannamə imzalayıblar. Sənəddə Bakının Avropaya uzun müddət «kifayət qədər» həcmdə qaz verməsi nəzərdə tutulur.

Bəyannaməni Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso və Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

Avropa Komissiyasından yayılan məlumatda qeyd edilir ki, bu, Azərbaycanın Avropaya qaz təchizatında ilk yazılı öhdəliyidir.

Bəyannaməyə əsasən, Azərbaycanın verəcəyi «kifayət qədər» həcmdə qaz «Cənub dəhlizi»nin yaradılmasını da mümkün edir.

Sənəddə Azərbaycan qazının konkret nə vaxtdan Avropaya ötürülməyə başlayacağı, razılaşmanın müddəti, yaxud satılacaq qazın həcmi barədə məlumat verilmir. Hələlik Barroso bu sənədi «çox vacib addım» adlandırır.

Bəyannamədə Azərbaycan Avropa Birliyinin «Cənub qaz dəhlizi»nə qaz vermək öhdəliyi götürür. Amma həmin qazın bu dəhlizə daxil olan konkret hansı kəmərə veriləcəyi də dəqiqləşdirilmir.
"Nabucco" kəmərinin xəritəsi

«CƏNUB QAZ DƏHLİZİ»NƏ DAXİL OLAN KƏMƏRLƏR

2009-cu ilin mayında Praqada Avropa Birliyinin elan etdiyi «Cənub qaz dəhlzi» layihəsində Xəzər regionundan Avropaya qaz nəql edəcək bir neçə kəmər nəzərdə tutulur.

Onların ən vaciblərindən biri Brüsselin Rusiya qazından asılılığını azaltmaq üçün planlaşdırdığı «Nabucco» kəməridir. Türkiyə ərazisi ilə Avropa Birliyi ölkələrinə daxil olması nəzərdə tutulan və 3300 kilometr uzunluğunda bu kəmərin çəkilişinin 2016-cı ilə başa çatdırılması gözlənir. Bu kəmərlə ildə 31 milyard kubmetr qazın Avropaya nəqli planlaşdırlır.

İkinci layihə Türkiyə-Yunanıstan-İtaliya qaz kəməridir. Hələlik təklif səviyyəsində olan bu layihə reallaşsa, ildə 8 milyard kubmetr qaz nəql edə biləcək.

Üçüncüsü də hələlik ideya şəklində olan Trans-Adriatik Kəmər isə Yunanıstan ərazisi ilə Albaniya, Adriatik dənizin altı ilə İtaliyaya çıxmalıdır. Bu kəmərlə də ilə 10 milyard kubmetr qaz nəqli plnalşaıdırlır.

«Cənub qaz dəhlizi»ndə «Ağ Axın» adlı başqa bir kəmərin də Qara Dənizin altı ilə Ruməıniya, ya da Ukraynaya, oradan da Mərkəzi Avropaya çıxması nəzərdə tutulur. Amma hələlik bu layihənin maliyyələşməsi ilə bağlı ciddi problemlər var.

Hər dörd kəmər layihəsində Türkiyə Azərbaycan qazının Avropaya nəqlində şəbəkə rolunu oynayır.

AVROPANIN
«TOYUQ, YOXSA, YUMURTA» DİLEMMASI

Hələlik Bakı ilə ilkin razılaşma olsa da problemlər qalır. Ən böyük problem də Xəzərdən Rusiyadan yan keçməklə Avropaya uzanan kəmər şəbəkəsinin olmamasıdır. Bu istiqamətdə hələlik yalnız bir - Bakı-Tbilisi-Erzrum qaz kəməri var. «Nabucco» kəmərinin tikintisinə də hələ heç başlanmayıb.

Uzun müddət Avropa Birliyi bu məsələdə sanki «toyuq, yoxsa yumurta birinci olub» dilemmasına bənzər bir çıxmazda ilişmişdi. Bilinmirdi ki, əvvə qazı tapıb, sonra kəməri çəkmək lazımdır, yoxsa, əksinə, kəməri çəkib, sonra ona qaz tapmaq.
Nord Stream kəmərinin sxemi

RUSİYANIN RƏQİB KƏMƏRLƏRİ

Avropa Birliyinin «Cənub qaz dəhlizi»ni Rusiya özünə rəqib görür. Çünki Rusiya «Nord Stream» kəməri ilə tezliklə Almaniyaya, oradan da başqa Avropa ölkələrinə ildə 55 milyard kubmetr qaz ötürməyə başlayacaq. Bu ilin sonuna həmin kəmərin artıq işə salınacağı gözlənir.

Rusiyanın «Cənub Axını» adlı başqa bir layihəsi isə birbaşa «Nabucco»ya rəqib hesab edilir. Moskva 2015-ci ildə tikintisini başa çatdıracağı bu kəmərlə də Qara dənizin altı ilə Mərkəzi Avropa ölkələrinə ildə 63 milyard kubmetr qaz çatdırmağı nəzərdə tutur.

Rusiya, xüsusilə də Baş nazir Vladimir Putin tez-tez təkrar edir ki, «Nabucco»nun reallaşacağı ağlabatan deyil, çünki onu doldurmağa regionda kifayət qədər qaz yoxdur.

AZƏRBAYCANIN RUSİYA İLƏ QAZ MÜQAVİLƏSİ VAR


Elə bu yaxınlarda Putin bir daha bildirib ki, «Rusiya Avropa Birliyinin həmin kəmərlərinə qaz verməyəcək, İranın qaz yataqları hələ istismar olunmur, Azərbaycanın isə qazı azdır. Üstəlik, Bakı hələ Rusiyaya da qaz satmaqla bağlı müqavilə imzalayıb».
José Manuel Barroso (sağda) Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov (solda)

Yanvarın 14-də Barroso «Nabucco»ya qaz almaq üçün Türkmənistana gedir. Aşxabad da Bakı kimi indiyə qədər şifahi şəkildə bu kəmərə qaz verməyə hazır olduğunu bildirib. Amma hələlik bu barədə Türkmənistanla rəsmi sənəd imzalanmayıb.

Azərbaycan da Türkmənistan da artıq Rusiyaya da qaz satmaqla bağlı müqavilə imzalayıb. ekspertlər deyirlər ki, bu ölkələrin hər ikisi Avropa Birliyinin kim bilir reallaşıb-reallaşmayacaq layihə ideyalarına görə Moskvanı qəzəbləndirmək istəmirlər.

Ola bilər, Varopa Birliyi Türkmənistanla danışıqlarda daha ciddi uğurlar əldə edə bilər. Çünki son iki ildə qaz alqı-satqısında mübahisələrə görə Aşxabadın Moskva ilə münasibətlərində gərginlik var. Rusiya 2009-cu ildən bu yana Türkmənistandan aldığı qazın həcmini 75 faizə qədər azaldıb.
XS
SM
MD
LG