Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:05

Təmiz hava udmaq hüququ


Samir İsayev
Samir İsayev
Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə görə, “Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ var”.

Azərbaycanın 10-dan çox qanunu ilə qorunan bu hüququn tam təminatı varmı? Ölkədə sağlam yaşamaq hüququnu pozanları hansı cəza gözləyir və ümumiyyətlə bu sahədə cəzalandırılanlar olurmu?

Bu suallara AzadlıqRadiosunun “İnternyus Azərbaycan” təşkilatı ilə birgə hazırladığı “Hər kəsin haqqı var” verilişində cavab axtarılıb.

ƏTRAF MÜHİTLƏ BAĞLI MƏHKƏMƏYƏ ŞİKAYƏT EDƏN OLMUR

Verilişin qonağı olan “Ekoleks” Hüquq Mərkəzinin rəhbəri, hüquqşünas Samir İsayev deyir ki, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunması üçün ölkədə böyük qanunvericilik paketi qəbul olunub, bir sıra beynəlxalq öhdəliklər götürülüb. Bununla belə, bu məsələ ilə bağlı vətəndaşlar tərəfindən qaldırılan iddiaların sayı çox azdır – barmaqla sayılacaq dərəcədədir:

“Adətən bu sahədə pozuntu halları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müfəttişliyi nəticəsində müəyyən olunur. Lakin təəssüf ki, vətəndaşlar inzibati və ya cinayət prosesi başlamaqla əlaqədar məhkəməyə müraciət etmirlər. Əslində, bu sahədə pozuntu faktları az deyil. Sadəcə, iqtisadiyyat sahəsində qanunvericilik zəif işləyir. Həm də əhalidə təbii sərvətlərə qənaətli münasibət formalaşmayıb. İllər ərzində belə qəbul edilib ki, suyu çirkləndirmək olar, ağacları kəsmək də olar. Maşınyuma məntəqəsində gəlib sahibkarı cərimələməsələr, onlar suyu elə boş yerə açıb axıdacaqlar”.

SUYUN TƏMİZLƏNMƏSİ İLƏ BAĞLI PROBLEMLƏR VAR

Ekologiya Standartlarının Monitorinq Fondunun rəhbəri Rauf Sultanov deyir ki, Bakıda suyun çirklilik problemi mövcuddur. Çünki bizim içməli suyumuz bəzi qonşu dövlətlərin ərazisindən axıb gəlir və orada da suyla bağlı sanitar-gigiyenik qaydalar pozulur:

“Bu suyun təmizlənib evlərə verilməsi də problemlidir. Suyun tərkibində cüzi miqdarda civə, barium, xlor maddələrinin olması insan orqanizmi üçün olduqca təhlükəlidir. Suyun tərkibində 60-70-ə qədər kimyəvi birləşmələr var ki, bunu daim nəzarət altında saxlamaq lazımdır”.

RUSİYADAN GƏLƏN YENİ MAŞINLAR DA HAVANI ÇİRKLƏNDİRİR

Rauf Sultanovun sözlərinə görə, hazırda Azərbaycanda atmosferin çirklənməsinin 60 faizi maşınların hesabına baş verir. Dövlət Yol Polisi ilə birlikdə apardığı monitorinqin nəticələrinə əsaslanan ekoloq deyir ki, Rusiyadan gələn, zavoddan yeni çıxan avtomobillərdə karbon oksidinin dərəcəsi 0,3 əvəzinə 3-dür:

“Artıq zavoddan çıxanda bu maşınlar atmosfer üçün təhlükəlidir. Xaricdən gətirilən maşınlarda bu göstərici 0 dərəcə olur. Amma bir müddət sonra bu cür avtomobillərin karbüratoru dəyişdirilməlidir. Onlar da baha olduğu üçün insanlar bunu dəyişmir və Bakıda atmosferin çirklənməsi prosesi gedir”.

İLHAM ƏLİYEV: “ELƏ ETMƏLİYİK Kİ, AZƏRBAYCAN VƏTƏNDAŞLARI SAĞLAM OLSUNLAR”


İlham Əliyev
Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev də Bakıda havanın və suyun çirklənməsi hallarının mövcud olduğunu deyib. Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışında çıxış edən prezident deyib ki, ölkədə tikinti-quruculuq işləri aparılır ki, bu da istər-istəməz havanı çirkləndirir:

“İnsanların yaşayış səviyyəsi qalxır, hər il Bakıya on minlərlə avtomobil gətirilir. Bu da, əlbəttə, havanın çirklənməsinə ən böyük zərbə vuran amildir. Biz havanı təmizləməliyik. İçməli su keyfiyyətli olmalıdır. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. Elə etməliyik ki, dünyada mövcud olan ən qabaqcıl meyarlar Azərbaycanda bütün sahələrdə tətbiq edilsin. Biz artıq “Avro-2” standartlarına keçmişik. İndi “Avro-3” standartlarına, ondan sonra “Avro-4” və s. daha da yüksək ekoloji standartlara keçməliyik. Bu, nəyə gətirib çıxaracaqdır?! Ona gətirib çıxaracaqdır ki, hava daha da təmiz olacaq”.

BAKIDA HAVA 10-15 QAT ÇİRKLİDİR

Atmosferə gəlincə, Ekoloji Standartların Monitorinq Fondunun rəhbəri Rauf Sultanov deyir ki, indi digər şəhərlərə nisbətən Bakıda insan orqanizminə dəyən ziyan 10-15 dəfə çoxdur. Səbəblərdən biri də Bakının küləkli şəhər olması və şəhərdə həddən artıq tikinti işlərinin aparılmasıdır:

Rauf Sultanov
“Tikintilərdə təhlükəsizlik qaydalarına riayət edilmir. Bakı havasında toz hissəcikləri olduqca çoxdur. Havanın təmizlənməsi üçün ən yaxşı üsul – yaşıllıqların salınmasıdır. 2010-cu ildə 6 milyon ağac əkilib. Bununla belə, ağacların kəsilməsi də baş verir. 40-50 il yaşı olan ağaclar gecə ikən kəsilir, onların yerində tikinti aparılır. Bu, yerli icra hakimiyyətlərinin məsələyə barmaqarası yanaşmasının təzahürüdür. Fikrimcə, bu cür hallarla mübarizə üçün nazirliyin nəzdində Ekoloji Polis yaradılmalıdır”.

AĞACLARI KƏSMƏK YOX, KÖÇÜRMƏK LAZIMDIR

Samir İsayev dünyanın hər yerində tikinti aparıldığını, amma inşaat zonasında ağacların kəsilmədiyini, xüsusi qaydalara əməl etməklə köçürüldüyünü deyir:

“Başqa yerlərdə çox nadir hallarda - yaşıllığın bol olduğu yerdə ağac kəsilir. Amma bizdə hansısa sahibkar gedib tikintiyə icazə alır və deyir ki, ağacı köçürəcəyəm. Sonra da ağacı kəsib gecəynən qoyur yerə, kökünü də çıxarır ki, köçürtdüm”.

175 MİN MANATLIQ CƏRİMƏNİN 357 MANATI ÖDƏNİLİB

Hüquqşünasın sözlərinə görə, nazirlik əməkdaşları bu cür qanunsuzluqlarla bağlı onlarla aktlar tərtib edirlər. Məsələn, su ilə bağlı 2009-cu ildə 71 inzibati akt yazılıb və bu zaman kəsilən cərimələrin məbləği 175 min 430 manat olub. Amma il ərzində onların 9-u (357 manat) ödənilib.

Samir İsayev düşünür ki, bu sahədə cərimələri maksimal həddə çatdırmaq çıxış yolu ola bilməz. Bunun üçün digər addımlar da atılmalıdır. Məsələn, hansısa tikinti şirkətinə boş inşaat sahəsi verilməlidir. Ağacların köçürülməsinə Bakı Şəhər İcra Hakimiyyətinin yaşıllıq idarəsi baxmalıdır və köçürəndən sonra boş sahəni tikinti üçün ayırmalıdır.


XS
SM
MD
LG