Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:58

Xuliqanlıq, yoxsa incəsənət?


Onların işi Bakının çirkin görünən divarlarını bəzəmək, şəhərin monoton görüntüsünə rəsmlərlə rəng verməkdir. Qraffiti marağı onları polis bölmələrinə düşmək, xuliqan damğası almaq ehtimalından da qorxutmur.

Onların işi incəsənətdən başqa hər cür qəbul edilir. “Nesto” ləqəbli qraffitist deyir ki, küçə divarlarına yazılar və rəsmlər həkk etdikləri vaxt dəfələrlə hüquq-mühafizə orqanları onları saxlayıb:

BƏZİLƏRİ ANLAYIR, BƏZİLƏRİ YOX

“Bizi tutub aparmışdılar. Amma buraxdılar. Vəziyyəti izah etmək olar. Qanun müdafiəçilərinə izah etmək olar ki, biz nə edirik. Bəziləri anlayır, bəziləri yox”.

Qraffitinin dünyada vandalizm kimi qəbul edildiyi zamanlar da olub. Amma indi daha çox küçə mədəniyyətinin bir nümunəsi hesab edilir. “Rolin” ləqəbli qraffitist deyir ki, Azərbaycanda qraffiti ilə məşğul olanlara münasibət hələ də ibtidaidir, yəni xuliqanlığa, vandalizmə olan münasibətə bərabərdir:

İCTİMAİ ASAYİŞİ POZMAQ HESAB EDİLİR

Qraffitistlər divar yazıları yazmağı boş vaxtlarından daha səmərəli istifadə hesab edirlər
“İctimai asayişi pozmaq hesab edilir qanunda bu. İnsanların az olduğu yerə getmək lazımdır. Bəziləri dayanıb baxır, başqalarının da diqqətini çəkir. Bəziləri isə aqressiv davranır ki, siz burda nə edirsiniz? Və polisə zəng edirlər. Onların vecinə deyil biz nə edirik orda, gəlib bizi aparırlar”.

Qraffitistlər divar yazıları yazmağı boş vaxtlarından daha səmərəli istifadə hesab edirlər:

ŞƏHƏR DAHA GÖZƏL GÖRÜNÜR

“Biz boş, baxımsız bir sahəni götürürük. Pis gündə olan bir divarı seçirik və ona ikinci nəfəs veririk. Şəhər daha gözəl görünür belə. Özünüz qərar verin, siz yolla gedirsiniz, yağışlı, tutqun bir gündür. Kefiniz yoxdur, işə gecikirsiniz. Avtobusdasınız, böyük tıxac var. Birdən hansısa rəngli, parlaq divarlar görürsünüz. Və görürsünüz ki, elə adamlar var ki, nə isə deməyə çalışırlar, sizə xoş təsir edir hardasa və gün daha pozitiv olur”.

Bir müddət əvvəl Bakının mərkəzində metronun “28 May” stansiyası yaxınlığındakı divarlarda qraffitistlərin əl işlərinə rast gəlmək olurdu. İndi o divarlar götürülüb. Qraffitist “Skeeper” deyir ki, çəkdikləri rəsmləri bir neçə gün sonra silinmiş görmək heç xoş hiss deyil. “Rolin”sə düşünür ki, onların işini çətinləşdirən amillərdən biri də paytaxtdakı tikinti bumudur:

QİYMƏTLƏNDİRMƏDİLƏR

Qraffitistlər Azərbaycan cəmiyyətində incəsənətin bu növünə maraq görməsələr də, işlərindən qalmırlar
“28 Mayda, 8-ci mikrorayonda, Xətaidə vardı işlərimiz. Bəzi divarları ümumiyyətlə götürüb aparıblar. İnsana pis təsir edir ki, mən axı öz vaxtımı sərf etmişdim buna, öz ürəyinin bir hissəsini qoymuşdum bu işə, amma qiymətləndirmədilər”.

“Dawoolf”un fikrincə, qraffiti özünü ifadə etmək azadlığıdır, qraffitist dünyagörüşünü divarda ifadə edir. “Rolin” öz həmkarının fikrinə əlavə edir ki, Azərbaycanda nəyi dəstəkləyirlərsə, o da inkişaf edir:

“Azərbaycanda daha çox muğam mədəniyyətinə maraq var. Breyk-dansa var”.

“Skeeper”:

“Bizdə daha çox Şərq mədəniyyəti var. Məsələn, güləşə, boksa maraq göstərirlər”.

Qraffitistlər Azərbaycan cəmiyyətində incəsənətin bu növünə maraq görməsələr də, işlərindən qalmırlar. Düşünürlər ki, elə onların qraffitidə israrlı olmağı nə vaxtsa Bakı küçələrində divar yazıları mədəniyyətinə təkan verəcək.
XS
SM
MD
LG