Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:41

Çərkəz Qurbanlı Betti Bleyerə cavab verdi


Çərkəz Qurbanlı
Çərkəz Qurbanlı
AzadlıqRadiosunun «İz» proqramının başladığı, «Can Bakı» proqramının davam etdirdiyi «Dünyanın ən məşhur sevgi romanını kim yazdı?» mövzusunda müzakirə sona çatmaqdadır. Romanla bağlı söz-söhbət, iddia və müəmmalarsa davam edir... Hələlik son dediyimiz budəfəki müzakirədə «İz»in qonağı Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcısı, onun 6 əsərini, o sıradan haqqında söhbət açılan «Əli və Nino» romanını almancadan çevirən Çərkəz Qurbanlıdır.

ƏSƏD BƏY İÇƏRİŞƏHƏRDƏ, İNDİKİ SABİR KÜÇƏSİNDƏ YAŞAYIB

--Çərkəz müəllim, Əsəd Bəyi sizin dilinizdən tanıya bilərikmi?

-- Özünün yazdığına görə, Əsəd Bəy neft maqnatının oğludur. Dayəsi alman olub -- Alisye Şulte. Bu qadın uşaqlıqdan ona alman dilini səlis öyrədib. Hər yay tətilində onu Almaniyaya aparıb. Əsəd Bəy 15 yaşına, yəni 1920-ci ilə qədər dayəsiylə bir neçə dəfə Almaniyada olub. Öləndə də bütün var-dövlətini, Bakıda qalan mülklərini, neft yataqlarını və əsərlərinin qonorarını dayəsinə vəsiyyət edib. Təəssüflər olsun ki, Alisye Şulte bunları ala bilməyib. O da eynən Əsəd Bəy kimi kasıbçılıqla dünyasını dəyişib. Əsəd Bəy alman dilindən başqa ərəb dilini, farsı gözəl bilib. Bakıda rus məktəbində oxuyub. Əsəd Bəyin ailəsi İçərişəhərdə Qala divarlarına paralel küçə qalxır -- Sabir küçəsi, əvvəllər Aşumov adlanırmış -- orada yaşayıb. Cümhuriyyət hökuməti devriləndə ailəsi ilə İstanbuldan keçib Almaniyaya gedib. Başqa adla gedib. İndi bilinmir, bu öz adıdırmı, ya xalasının əri Avraam Nussimbaumundurmu? Əsəd Bəy ora Lev Nusssimbaum adıyla gedib. Bəzi tədqiqatçıların dediyinə görə, 1922-ci ildə Türkiyə səfirliyində müsəlmançılığı bərpa edib. Alman tədqiqatçılarının, o cümlədən Əsəd Bəyin ən sanballı araşdırıcı sayılan Gerhard Höppün dediyinə görə, sonradan islama keçib, islamı qəbul edib. Amma dediyim kimi, bəzilərinin fikrincə, o islamı səfirlikdə bərpa edib.

«ƏLİ VƏ NİNO İLK DƏFƏ QOT ƏLİFBASINDA ÇIXIB


--Çərkəz müəllim, Əsəd Bəyin adını ilk dəfə nə vaxt eşitdiniz?

--İlk dəfə professor Zeydulla Ağayevdən eşitdim. O, 1996-cı ildə ABŞ-da olanda, Əsəd Bəyin «Altunsaç» romanını tərcümə etmək üçün tapıb Bakıya göndərmişdi. Roman gəlib mənə çatdı. Əsər çətin tərcüməyə yatırdı. 1937-ci ildə çap olunan bu əsər Qot əlifbasında çıxıb. Mən vaxtilə Qot əlifbasını öyrənmişdim. Çox adam tərcüməyə girişmək istədi, əlifbanı bilmədiyi üçün geri çəkildi. Mən başladım tərcüməyə. Əslində, əsərin adı «Qızıl Buynuzdan olan qız»dır. Hə, sonra iş elə gətirdi ki, mən 3 aylıq Almaniyaya--Boxum Universitetinə alimlərin mübadiləsi proqramı ilə gedəsi oldum. Və universitetin kitabxanasında, şəhər kitabxanasında Əsəd Bəyin bütün əsərlərini tapdım. Qəribə bir mənzərəylə rastlaşdım. Bütün əsərlərinin üzərində yazılır -- Əsəd Bəy. Məhəmməd sözü yoxdur. Kitabın içində yazır ki, Lev Nussimbaum. Ancaq kitabxanaçı onu Lev Nussimbaum kimi təqdim edir. Dünyada dolaşıqlıq da ordan gəlir.

-- Bu nədən qaynaqlanır?

--Dediyim kimi, Əsəd Bəy xaricə xalasının əri—Avraam Nussimbaumla getmişdi. Gələcək yazıçının anası Slutskaya soyadlı Ukraynalı zadəgan bir qadın idi. Yəhudi deyildi, ortodoks -- pravoslav idi. Əsəd Bəy avtobioqrafik «Şərqdə neft və qan» əsərində yazır ki, atam evə gələndə bütün hərəmxana kəndlərə köçürüldü, atam onlara düşən payı verdi və anam atamın tək qadını oldu.

ONDA ÇƏMƏNZƏMİNLİ ƏDƏBİ OĞRUDUR?


--Çərkəz müəllim, Xanım Betti bu fikrin əleyhinə çıxır. Onu uydurma, fantaziya sayır...


--Onun əlində əsas varmı ki, bu, fantaziyadır? Bu əsər Əsəd Bəy adı ilə çıxıb. «Əli və Nino» isə Qurban Səid imzasıyla. Birinci kitabdakı bütün səhnələr ikinciyə köçürülüb. Bir neçə il öncə bir mətbuat konfransında da dedim ki, yaxşı, tutaq ki, mən qəbul edirəm «Əli və Nino»nu Yusif Vəzirin yazdığını. Və o saat da deyirəm ki, Çəmənzəminli ədəbi oğrudur! Çünki «Əli və Nino»da olan parçalar eyni ilə «Sonuncu Peyğəmbər», «Allahu-Əkbər» və «Qafqazın 12 sirri»ndə var! «Əli və Nino» ən axırıncı əsərdir. Əgər bu romanı Yusif Vəzir yazıbsa, bu artırmalar ədəbi oğurluqdur. Mən Çəmənzəminlini Azərbaycanın ən görkəmli yazıçılarından sayıram. Və ona bu böhtanın atılmasını istəmirəm...

ŞƏRQ GƏRƏK «ALLAHU-ƏKBƏR» YOX, «NEFTÜ-ƏKBƏR» DEYƏYDİ

--Çərkəz müəllim, bəlkə Yusif Vəzir romanın özək hissəsini Əsəd Bəyə verib, o da artırmalar edib. Xanım Bleyer belə deyir...

--O Bettinin xəyalıdır! Qətiyyən mümkün deyil! Əsəd Bəy özü böyük şərqşünas idi. Şərqi gözəl bilirdi! Əsəd Bəyin əslində Avropada qısnanması, izlənməsi, adının arzuolunmaz yazıçılar siyahısına salınması bir şeylə bağlıdır. Axırıncı dəfə Əsəd Bəy imzasıyla yazdığı «Allahu Əkbər» romanı ilə. Əsəd Bəy orada yazır ki, Avropa Şərqə Səlib yürüşü eləmişdi. Bu, xristianların islam dünyasına, Şərqə Səlib yürüşü idi. Və əlavə edir ki, bu, Şərqin fikridir. Sözündən ustalıqla qaçır! Bu əsər çıxandan sonra qadağalar başlandı. Çünki Avropanın Şərqə qarşı etdiyi bütün oyunları açıb göstərirdi. Mən o əsəri tərcümə etmişəm. 1998-ci ildə çıxıb. Azərbaycan Demokratik Cümhuriyyətinin 80, Heydər Əliyevin 75 illiyinə həsr etmişəm. Kiril əlifbasında çıxdı və sensasiya doğurdu. Siyasətçilər üçün gözəl əsərdir. Orada Əsəd Bəy deyir ki, Şərq gərək «Allahu-Əkbər» deməyəydi, «Neftü-Əkbər» deyəydi. Çünki Şərqin başına gələn bütün bəlalar neftdən gəlir...Fikrimcə, «Allahu-Əkbər» klassik əsərdir. Əsərdə 600-ə qədər qeyd var. Axırda böyük ədəbiyyat siyahısı var. Bu əsər Avropada çıxandan sonra qadağan olundu. Başladılar müəllifi izləməyə... Əsəd Bəy ondan sonra Qurban Səid imzasıyla yazdı.

Əsəd Bəy
ROMANIN BAŞQASINA MƏXSUSLUĞU ABSURDDUR!

--Niyə Qurban Səid?

--Onun gənclik dostu vardı, İslamı qəbul etmişdi -- Ömər Ehrenfels. Hindistana getmişdi. Qayıdanda, Əsəd Bəy Ömərin həyat yoldaşı Elfride Ehrenfelsdən (qızlıq soyadı Bodmerson) xahiş etdi ki, adı qadağan olunduğu üçün bir təxəllüs götürsün və o kitablarını həmin imzayla çıxarsın. O da Avstriya Yazıçılar İttifaqının reyestrində qeydiyyatdan keçdi və Qurban Səid təxəllüsü Xanım Elfridenin adına keçdi. Məndə Xanım Elfridenin Əhməd Şmideyə yazdığı bir məktub var. Orada yazır ki, mən Qurban Səid deyiləm. Qurban Səid adı altında gizlənən Məhəmməd Əsəd Bəydir. Mən onunla «Altunsaç» əsərində bir yerdə çalışmışam. Başqa bir məktubda Əsəd Bəy Pozitanoda xəstə olanda dostu Ömər Ehrenfelsə yazır ki, Xanım Qurban Səid, yəni Xanım Elfride kitabdan mənə çatacaq qonorarı göndərsin, ehtiyacım var. Yəni bu, açıq-aşkar belədir. Sübuta ehtiyacı yoxdur. «Əli və Nino»nun başqa adama məxsus olması absurddur! Cəfəngiyatdır! Bütün dünya qəbul edir ki, Qurban Səid -- Əsəd Bəydir, həm də Lev Nussimbaumdur.

ƏSƏD BƏY İKİ ROMANINI SEVDİYİ QADINA BAĞIŞLAYIB?!

--Gerhard Höppün bir yaxşı sözü var. Deyir, Əsəd Bəy iki romanını sevdiyi xanıma bəxşiş edib və xanım o romanı öz adıyla nəşr etdirib. Həmin xanım--Zelinko bir yazısında etiraf edir ki, mənim ədəbi yaradıcılığım «Dessirree» («Vida») romanı ilə başladı. Bu roman 1958-ci ildə çıxıb. Höpp deyir ki, Zelinkonun 30-cu illərdə çıxan iki romanını da Əsəd Bəy yazıb. Bunlar da üstünə gələndə, Əsəd Bəy 20 roman yazmış olur.

DÜMA YAZA BİLƏR, ƏSƏD BƏY YOX?!

--Amma Xanım Betti buna da inanmır. Bir yazıçı qısa zaman fasiləsində, həm də o dövrdə belə məhsuldar ola bilməz! -- deyir...

--Onda mən də Bettiyə və buna inananlara sual verirəm: Necə olur ki, Düma yaza bilir, Əsəd Bəy yaza bilmir?! Nə təhər olur ki, Çingiz Abdullayev yaza bilir, Əsəd Bəy yaza bilmir? Mən Əsəd Bəyin 6 əsərini iki ilə tərcümə etmişəm. Onda desinlər ki, Çərkəz müəllim kiminləsə birləşib çevirib? Mən bütün bunları absurd sayıram!

--Siz bu fikirdəsiniz ki, Əsəd Bəy Çəmənzəminlidən heç nə götürməyib, onlar hətta tanış olmayıblar...

--Qətiyyən götürə bilməzdi! Çəmənzəminli elə bir fərqli yazıçıdır ki, səhər-günorta-axşam yediklərini də gündəliyinə salıb. Necə olur ki, dəqiq gündəlik yazan yazıçı belə bir romanının olmasını bir yerdə qeyd etməsin?

--Bəlkə qorxub?

--Nədən?

--Sovet hökumətindən.

--Niyə? O əsərdə heç bir siyasi şey yox idi.

--Onu ən azından qınaya bilərdilər ki, öz əsərini başqasına vermisən, ya satmısan, Cümhuriyyətdən yazmısan...

--Qınaya bilməzdilər. O, Cümhuriyyət hökumətində Fransada səfirimiz olmuşdu. Sonrakı dövrlərdə də Sovet hökumətinin siyasəti ilə barışıb...

--Bəli, 1926-cı ildə Bakıya dönüb...

--Bakıya gəlib, siyasətlə barışıb...

--Amma bu da onu xilas edə bilməyib...

- Elədir! Xilas edə bilməyib! Adam gərək insafla danışsın, axı...

VAXTİLƏ PƏNAH XƏLİLOV DA BELƏ DEYİRDİ

--Çərkəz müəllim, Xanım Bettinin jurnalda verdiyi Əsəd Bəyin Yusif Vəzir olduğunu sübut etmək istədiyi 101 səbəb haqqında nə deyərsiniz? Oxumusunuzmu?

--Yox, oxumamışam. 101 yox, 1001 səbəb də tapmaq olar. Vaxtilə professor Pənah Xəlilov da belə deyirdi. Hollandlar Əsəd Bəy haqqında 90 dəqiqəlik bir film çəkmişdi, Orada Pənah müəllimlə mənim kəskin mübahisəmiz oldu...

--O film haqqında eşitmişəm. Deyəsən, filmdə göstərilir ki, siz yarımçıq çıxıb gedirsiniz...


«Əli və Nino» ingilis dilində
--Mən yox, Pənah müəllim çıxıb getdi.

--Pənah müəllim nə deyirdi ki?

--O israr edirdi ki, müəllif Yusif Vəzir Çəmənzəminlidir. Amma sonradan mən Əsəd Bəyin əsərlərini tərcümə edib önsöz yazandan sonra yola gəldi. Daha danışmadı. Onun demək istədiklərini indi Xanım Betti deyir. Vaxtilə Pənah müəllimi də ələ almışdılar. İnandırmışdılar ki, Yusif Vəzirdir...

YAZIÇILAR İTTİFAQI ARAYIŞ VERMİŞDİ...

--Kim ələ almışdı, kim inandırmışdı?

--Yusif Vəzirin oğlu Fikrət...Məni danışdırmayın, çox şey bilirəm...

--Biz istəyirik hər şey aydınlığa çıxsın, roman həqiqi müəllifinə qayıtsın...

--Fikrət o zamanlar Nazirlər Kabinetində İşlər müdiri çalışırdı. Bütün bu məsələləri o rəhmətlik eşələyib ortaya qoymuşdu. Yazıçılar İttifaqı da arayış vermişdi ki, bu əsər Yusif Vəzirindir. Bir yazımda qeyd etmişəm ki, təəssüflər olsun, mənim də üzv olduğum Yazıçılar İttifaqı Mənzil İstismar İdarəsinə çevrilib arayış verir ki, əsər kimindir...Özü də yazıçının heç bir əsərini oxumadan. O arayış veriləndə, Əsəd Bəyin heç bir əsəri tərcümə olunmamışdı. Bunlarda belə bir təsəvvür vardı ki, yalnız «Əli və Nino»dur. Onun iki romanı barədə heç kəsin təsəvvürü yox idi. Biri «Altunsaç», o biri «Sevgidən bixəbər kişi». İkincinin adını mən tərcümə etmişəm. Əlyazma şəklində var.

--Betti xanım yazır ki, artıq prof. U. Furman tərəfindən alman dilinə transliterasiya edilərək çap edilib. Nuridə xanım deyir ki, mən dilimizə tərcümə etmişəm, qalır çapı...

--Tərcümə eləsin, özü bilər... O əlyazmanın hüququ Ralf Marşallekdədir (Əsəd Bəy haqqında ən son çəkilən «Aşıq» filminin ssenaristi və rejissoru—S.İ.). Ralf onu mənə versə, tərcümə edərəm.

«ÇƏMƏNZƏMİNLİDİR» DEYƏNLƏR KİMLƏRDİR?

--Çərkəz müəllim, iki aydır ki, AzadlıqRadiosunda və saytımızda bu mövzuda müzakirələr aparırıq. Fikirlər haçalanır. Kimi deyir Çəmənzəminli yazıb, kimi deyir...

--Yox, Çəmənzəminlidir deyənlər Anardır, Elçindir, Betti Bleyerdir, bir də Çəmənzəminlinin oğlanları...Fikrət rəhmətə getdi, o biri durur...

--Çox təəssüf ki, ötən ilin fevralında Orxan Çəmənzəminli də dünyadan köçdü...

--Heyf...Mən deyəndə ki, --istəyirsiniz deyim ki, əsər Yusif Vəzirindir, amma ardınca bir məqalə yazacam ki, Çəmənzəminli ədəbi oğrudur -- o məclisdə Orxan Çəmənzəminli də vardı (Sükut).

--Son vaxtlar Nuridə Atəşi araşdırmalar aparır...

--Nuridə arxiv materialları ilə işləyib. Onun kitabının redaktoru da mənəm.

--»Yüz ilin sirləri»nin?

--Hə, gətirdi, bir yay bütün işimi kənara qoyub redaktə etdim. Gözəl tədqiqatdır. Gözəl araşdırmaları var. Sənədlərlə işləyib. Başqa heç nə deyilmir.

YENƏ HİLAL MÜNŞİ...

--Təsəvvür edirsinizmi, Hilal Münşi nələr edib? Təkcə özü mübarizə aparsa dərd yarıdır. «Yaş Türküstan»ın (yaş və ya yas qədim türkcədə cavan deməkdir), gürcülərin, iranlıların mühacirətdə olan adamlarını, hətta italyanları qoşub Əsəd Bəyin əleyhinə anonim yazdırıb. Bizim çox görkəmli azərbaycanlımız var, onun adını deməyəcəyəm -- onu da işə qoşub. Gestapoya yazır ki, bu, yəhudidir. Gestapo cavab yazır ki, araşdırdıq, yoxladıq, onun yəhudiliklə əlaqəsi yoxdur. Yenə israr edir ki, yox, bu yəhudidir, siz düzgün hərəkət etmirsiniz. Bu cür təzyiqlər olub. Əsəd Bəy Mussolini ilə müqavilə bağlamışdı, onun tərcümeyi-halını yazmalıydı.

--Deyilənə görə, bu məqsədlə İtaliyaya gedib və oteldə gözləyə-gözləyə qalıb...

--Elədir. Mussolini də millətçi və faşist idi. Xəbər çatdırdılar ki, bu yəhudidir, sənin haqqında necə kitab yazacaq? -- və s. Mussolini imtina elədi.

PAXILLIQ?!


-- Çərkəz müəllim, Hilal Münşi Azərbaycan mühacirətinin tanınmış isimlərindən biridir, Berlindəki Azərbaycan icmasının rəhbəriydi. Mən bu sualı həmişə təktrarlayıram: Ona nə düşmüşdü ki, tanınmış yazıçıdan gestapoya yazsın?


-- Nə düşmüşdü? Paxıllıq. 1929-cu ildə «Şərqdə neft və qan» çıxanda, Əsəd Bəy birdən-birə parladı. Mən bir məqalə yazmışam, amma çap etdirməmişəm. Tom Raysa cavabdır. Orada yazmışam ki, yəhudilik irq deyil, ideologiyadır. Yəhudilərin içində avropoidlər var, samilər var, afrikalılar var, türklər var -- fəraim türkləri. Vaxtilə Xəzərlər, peçeneqlər yəhudi dinini qəbul etmişdi.
Betti Bleyer
Yəhudi irq deyil. Əsəd Bəy və ya başqa biri əgər yəhudiliyi atıbsa, o, daha yəhudi sayılmır. İslama keçibsə də, yəhudi sayılmır. Ona yəhudi demək, ona damğa vurmaq bizim savadsızlığımızdır. Özü də, bütün yəhudilərin 15 yaşına qədər sinaqoqlarda adı gedir. Amma Azərbaycandakı sinaqoqlarda Əsəd Bəyin adı yoxdur.

--Yəni demək istəyirsiniz ki, Lev Nussimbaumun adı yoxdur?


--Yoxdur!

--Axı, Betti xanım Bakıdakı Kişi gimnaziyasında onun adını tapmışdı.

--Bilirəm. Arayış da varmış -- qiymət cədvəli.

--Hətta eşitdiyimə görə, Sara xanım Aşurbəyli də şəkildə onu məktəblilərin arasından tanıyıb -- bu, Lyovadır, cuhud balası -- deyib...

--Onu Tom Rays yazıb. Betti ondan götürüb. Onun görüşdüyü, müsahibə aldığı adamların arasında mən də vardım. Bəs Tom Rays niyə məndən bir kəlmə demir? Çünki Tom Rays müəyyən məqsədlə gəlmişdi -- Əsəd Bəyi yəhudi çıxarmaq üçün. Onun maliyyəsi də yəhudi diasporundan gəlirdi.

YƏHUDİ BELƏ YAZARDIMI?

-- Belə çıxır ki, siz Tom Raysın ümidlərini boşa çıxardınız, ona dəstək olmadınız?


-- Əlbəttə, dəstək olmadım! Dedim ki, sizə deyilən fikirlər yanlışdır. Əsəd bəylə Qurban Səid eyni adamdır və onun da yəhudiliklə əlaqəsi yoxdur. Xalis azərbaycanlıdır, özü belə yazır. Türkmənistandan, Buxaradan gəlmişik -- deyir. Onun əsərində bir yer var, yazır ki, içki alıb oturur, qızlar ona sataşırlar, dönüb cavab verir. Deyir ki, mən ora qonaq gedəndə, əmizadələrim danışığımdakı səhvləri üzümə vurmurdular. Özləri də mənim kimi danışırdılar ki, utanmayım. Romanda belə incə ştrixlər var. «Allahu-Əkbər» romanında Ənvər Paşanın Buxaraya girişinin təsviri var, onu ilahiləşdirir. Deyir ki, Ənvər Paşa Buxaraya girəndə, bütün qadınlar çadralarını açdılar. Çünki Ənvər Paşa onlar üçün artıq kişi deyildi, yarı tanrısal bir varlıq idi! Yəhudi belə yazardımı?

-- Xanım Betti deyir ki, o hansı əsəri yazırdısa da, onun kimliyini qəbul edirdi. Məsələn, Nikolay haqqında yazırdısa, rus olduğunu deyirdi...


-- Mən o romanı oxumuşam, axı. Betti xanım, sən alman dilini bilmirsən. O romanı harada oxumusan? Kim deyir ki, o romanı yazanda, özünü rus sayırdı? Mən eşitdim o deyir ki, bunların üslubu birdir. Harada tərcümə üslubları tutuşdurulur? Yoxlananda, yazılan dilin -- alman dilinin üslubları yoxlanılmalıdır.

ÜSLUB YÜZDƏ-YÜZ EYNİDİR!


--Yeri gəlmişkən, Çərkəz müəllim, sizə vermək istədiyim ən əsas sualın üstünə gəlib çıxdıq. Siz Əsəd Bəyi alman dilində oxumuzunuz. Üslub məsələsinə sizin münasibətinizi bilmək maraqlı olardı.

--Alman dilində Əsəd Bəydə -- Qurban Səiddə olduğu qədər sifət yoxdur. Sifətdən geninə-boluna istifadə edən belə bir yazıçıya rast gəlməmişəm. Bunu sizə adi oxucu demir. Mən Kafkanın tərcüməçisiyəm. Bu tərcüməyə görə, Avstriya hökumətinin mükafatını almışam. Mən Götenin tərcüməçisiyəm. H.Hesseni, Tomas Mannı, Henrix Mannı, Henrix Böllü çevirmişəm. Mən onların hamısının üslubuna bələdəm. Bilirəm, kim hansı üslubda yazır. «Şərqdə neft və qan» la «Əli və Nino»nun üslubu yüzdə-yüz eynidir. O biriləri tarixi əsərlərdir. Tarixi əsərlə bədii əsərin üslubu eyni ola bilməz. Bettinin dediyi ilə ancaq bixəbərləri inandırmaq olar. O, bizim universitetdə də görüş keçirdi. Mən getmədim. Dedilər niyə getmirsən? Dedim, Betti xanım almanca bilmir, Azərbaycanca bilmir, ingiliscə bilir. Mənim də Azərbaycan dilində dediklərimin ancaq 30 faizini çatdıra biləcəklər ona -- sinxron tərcümədə ancaq 30 faiz mümkündür. Mən özüm Moskvada Moris Torez adına Xalqlar Dostluğu Universitetinin sinxron tərcümə şöbəsində oxumuşam. Mən rəhmətlik Heydər Əliyevin şəxsi tərcüməçisi olmuşam. Sinxron tərcümənin necə edildiyini bilirəm. Demək, heç bir disputdan, dialoqdan söhbət gedə bilməz. Mən Betti ilə hansı dildə mübahisə aparacaqdım? Ona görə getmədim...

-- Xanım Betti Əsəd Bəyin Cümhuriyyət sevgisinə də şübhə ilə yanaşır. 1928-ci ildə Cümhuriyyətimizin 10 illiyi münasibətilə yazdığı məqaləni başqasının yazdığını iddia edir.

-- Elə allahsızlığa qalsa, mən də Alman ədəbiyyatındakı əsərləri başqasının yazdığını deyərəm.

-- Betti xanım deyir ki, həmin məqaləni yazan adam «Şərqdə neft və qan»ı yaza bilməzdi. Orda yazıçı deyir ki, Qoca Şərq mənim üçün ölmüşdür və ordan qurtulduğuna sevinir.

«Əli və Nino» urdu (hind) dilində
--Elə demir. Deyir ki, Şərq ölmüşdür (Doğrudan da, Betti xanım sitatda «mənim üçün» sözünü yazmır—S.İ.). Bakıya Avropa gəlirdi. Söhbət Bakıda Şərqin ölməyindən gedirdi. Artıq Bakıya Şərqi Avropa qədəm qoyurdu. Qonaqlıqlar, qəbullar başlayırdı. Cümhuriyyətin baş nazirinin qəbulları bunların evində keçirməsi zamanı deyir ki, Şərq ölmüşdür. Yeni Cümhuriyyət yeni həyat gətirmişdi...

ETİRAF...

-- Çərkəz müəllim, sizə bir etiraf edimmi? «Əli və Nino» mənə də çox dərindən təsir edib. Təbii ki, sevgi tarixçəsi yox, Cümhuriyyətimizlə bağlı hissələr, Əli Xan Şirvanşirin Gəncə çayının qırağında şəhid olması... Betti xanımın açıqlamalarından çox öncə məndə belə bir hiss oyandı ki, bu romanı yazan adam Cümhuriyyətin tarixini bilən, onun süqutunu öz taleyində yaşayan, bu süquta yanıb tökülən birisidir. Axı, müəllif dediyiniz adam Bakıdan köç edəndə, cəmi 15 yaşı vardı...

-- Çox gözəl sual verdiniz, xanım. Onda Cəfər Cabbarlı 15 yaşında «Solğun çiçəklər»i yazıb deyəndə, niyə bir nəfər qalxıb demir ki, Cabbarlı bu yaşda yaza bilməzdi?

-- Deyirəm, bəlkə müəllifin başqa millətə məxsusluğu bu sualı doğurur məndə?


-- (Gülür) Ay sağ ol! Buna önyarğı deyirlər. Bu önyarğıdan əl çəksək, həqiqəti tapacağıq. Cəfər Cabbarlıya heç kim demir ki, 34 yaşında şedevr yaratdı. Səməd Vurğun 50 yaşında dünyasını dəyişdi, amma nələr qoydu getdi? İkincisi də, Əsəd Bəy vunderkindlər sırasındadır. Biz Mosartın o yaşda yazdıqlarına inanırıq, özümüzə gələndə, deyirik ki, yaza bilməz. Özümüzə çəkməkdənsə, niyə özümüzdən atırıq? Əsəd Bəy dünyada tanınır. Bir dəfə mən Əsəd Bəylə bağlı bir yerdə söylədim ki, adam heç yerdə tanınmayanda, bir tayfanın övladı olur. Bir az məşhurlaşanda kəndin, sonra bölgənin, ölkənin, tam məşhurlaşanda isə dünyanın övladına çevrilir. Göteyə, Hesseyə alman deyən varmı? Ya başqalarına -- Hayneyə, Balzaka, Hüqoya, Pasternaka, Şoloxova? Əsəd Bəy də onlar kimi dünyanın övladıdır.

«STALİN» ƏSƏRİ VƏ ÇİKAQO QANQSTERLƏRİ


-- Çərkəz müəllim, lütfən tərcümələrinizdən danışın. Nələri çevirmisiniz, nələr hələ yoldadır?

-- Deməli, Əsəd Bəyin 6 əsərini tərcümə etmişəm, çıxıb. «Allahu-Əkbər»dir, «Son Peyğəmbər»dir, «Şərqdə neft və qan»dır, «Altunsaç»dır, «Əli və Nino»dur və «Ağ Rusiya»dır. İndi qalıb --»QPU -- Dünyaya qarşı qəsd». Əsəd Bəy əsərin adını elə «QPU» saxlayıb. Qlavnoye Politiçeskoe Upravleniye -- ÇeKa-nın ilk adıdır. Əsəd Bəyi qınayırlar ki, niyə adını gizlədib? O, bir əsərində yazır ki, Azərbaycandan bura gələnlərin Gürcüstana hansı kənddən keçdiyini təsvir edəndən sonra o kəndi yerlə yeksan elədilər! Bunu deyən adam həmin «QPU -- Dünyaya qarşı qəsd» əsərində yazır ki, əsəbləri zəif olanlar bu fəsli oxumasın. Yazır ki, kommunizm deyilən kabus 2 ilin içində 3 milyon qaymaq insanı məhv edib! «Stalin» əsərini yazıb. 1940-cı ildə Riqada rus dilinə tərcümə edilib. Amma ixtisarla və çox pis üslubda. İngilis dilinə çevrilib və 1 milyon tirajla satılıb! Sonra da sual edirsiniz ki, Münşi nə istəyirdi? O dövrdə 1 milyon tirajla əsər satılardımı? Bu əsərdən sonra Əsəd Bəy 3 dəfə ABŞ-a səfər edir. İlk gəlişində «Vaşinqton Post» qəzeti yazırdı: « Stalinin bioqrafı gəlib. Onun «Stalin» əsərini oxuyanda, biz Çikaqonun qanqsterlərinə şükür oxuyuruq». Stalin haqda, QPU haqda bu cür yazan adam, ilk dəfə Mikoyanın homoseksual olmasını «Stalin» əsərində deyən adam öz adını, soyadını, kimin oğlu olduğunu açıq deyərdimi? Mənim fikrimcə, Əsəd Bəyin bu şəkildə müəmmalı qalmasının bir səbəbi də budur. Sovetlər tərəfdən KQB-nin qorxusu, Almaniyadan Gestaponun qorxusu, bir yandan da Münşinin qorxusu... Nə qədər olar?

--Bəlkə elə erkən ölümcül xəstəliyə tutulmasının səbəbi də qorxudur?


--Bəlkə də... Dahi ömrüdür -- cəmi 37 yaş yaşayıb...1905-ci ildə doğulub, 1942-də İtaliyanın Pozitano şəhərində ölüb. Bütün dahilər kimi...

--Çərkəz müəllim, təşəkkür edirəm dönə-dönə, nə yaxşı gəldiniz...

--Minnətdaram. Siz ki, məni dilə tutub xəstə-xəstə bura gətirə bildiniz, böyük məharətdir...(Gülüşmə)
XS
SM
MD
LG