Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:43

«Bir milyarda bir yox, üç stadion tikmək olar»


BAKI OLİMPİYA STADİONU NEÇƏYƏ BAŞA GƏLİR?

«2011-ci ildə Bakıda yeni, möhtəşəm, gözəl Olimpiya stadionunun təməl daşı qoyulmalıdır. Artıq layihə hazırdır, stadion üçün yer müəyyən edilib. Azərbaycan kimi idman dövlətinin paytaxtı Bakı şəhəri üçün ən müasir texnoloji imkanlara malik olan yeni Olimpiya stadionu tikilməlidir».

Bunu ötən ilin sonunda Azərbaycanın dövlət başçısı İlham Əliyev demişdi. Həmin stadion Böyük Şor gölünün yanında inşa olunmalıdır. 64 min nəfərlik, FİFA VƏ UEFA standartlarına uyğun tikilməli stadionun sifarişçisi Dövlət Neft Şirkətidir. Layihə müləlifi isə Türkiyənin TOCA (The Office of Contemporary Architecture) şirkətidir. Yerli mətbuat bu stadionun bir milyard dollara başa gələcəyini yazır.

Amma həm layihə müəllifi, həm də sifarişçi şirkət bu məlumatı təsdiqləmir.
Dövlət Neft Şirkətininin mətbuat xidmətinin rəhəri Nizaməddin Quliyev AzadlıqRadiosuna layihənin tamamlanmadığını deyir. Ona görə də stadionun neçəyə başa gələcəyinin, hansı şirkət tərəfindən tikiləcəyinin bəlli olmadığını bildirir.

Erdinc Çiftçi: «BU LAİYHƏ 400-500 MİLYON DOLLARA BAŞA GƏLƏR»


TOCA şirkətinin memarı Erdinc Çiftçi isə deyir ki, layihələndirmə davam etdiyi üçün qiymət söyləmək çətindir.

Şirkət rəhbərinə deyirik ki, yerli mətbuat bu layihəyə bir milyard dollar ayrılacağını yazır. Cavabı bu olur:
«O bir az yüksək rəqəm kimi gəldi mənə. Bir milyard dollar çoxdu. Dünyada buna bənzər nümunələr var. 400-500 milyon dollara 64 min nəfərlik stadionlar tikilir. Amma bəlkə burda özəl bir şeylər düşünülsə, qiymət o rəqəmə yaxınlaşa bilər».
TOCA-nın bu işdə qazancı nə qədər olacaq? Bu sualı şirkət rəhbəri cavablandırmır. Deyir ki, bunu sifarişçi açıqlasa yaxşıdır. Ərdinç Çiftçinin söylədiyinə görə, onlar layihə üçün böyük miqdarda pul almayacaqlar.

«BİR MİLYARDA ÜÇ STADİON TİKMKƏ OLAR»

İqtisadçı Zöhrab İsmayıl deyir ki, bir milyard dollara bir yox, üç stadion tikmək olar.
«Fantastik rəqəmdir. Bu rəqəmə üç stadion tikmək olar. Özü də tam standartlara uyğun. Faktlar var. Məsələn, Türkiyədə itsifadəyə verilmiş Türktelekom arenaya 382 milyon dollar xərc çəkilib. Amma bu stadion şəhərdən bir az aralıda, bir təpədə inşa olunub. Orda infrastruktur yox idi, yenidən quruldu, yeni metrostansiya çəkildi».
Zöhrab İsmayıl başqa bir nümunə də gətirir. Lukoyl Neft Şirkəti Rusiyada 2018-ci ilə kimi yeni stadion tikmək istəyir. Şirkət bu stadionun 235 milyon avroya başa gələcəyini bildirir. Həmin stadion təxminən 50 min yerlikdir.

Ekspert deyir ki, 5-10 min yerin az və ya çox olması milyonlarla dollar fərq yarada bilməz.

Erdinç Çiftçi isə deyir ki, Türktelekomun tikdiyi sadəcə futbol stadionudur. Onlarsa Bakıda Olimpiya Stadionu tikirlər.

Yeri gəlmişkən, qış Olimpiya Oyunlarının keçiriləcəyi Soçidə mərkəzi olimpiya stadionu, böyük və kiçik buz meydançalarına birgə təxminən 580 milyon dollar xərclənməlidir. Təşkilatçılar bunu da deyirlər ki, Rusiya dünyanı yersiz dəbdəbə və xərclərlə heyrətləndirməməlidir.

«AZƏRBAYCAN BİZDƏN İDDİALI VƏ DƏBDƏBƏLİ BİR LAİYHƏ İSTƏDİ»


Gələk Bakı Olimpiya Stadionu layihəsinə. Erdinç Çiftçi Olimpiya Stadionu ilə bağlı təklifin Bakıdan gəldiyini deyir. Amma əlavə edir ki, bunun üçün tender keçirilməyib. ARDNŞ seçimi də layihələr arasında yox, şirkətlər arasında aparıb. Ərdinç Çiftçi deyir ki, Azərbaycan hökuməti onlardan dəbdədəbli və iddialı bir layihə istəyib.

«Bu Azərbaycanın ilk Olimpiya Stadionudur. Üstəlik də Qafqaz bölgəsində ən böyük stadion olmaq iddiası var. İddialı layihədir. Azərbaycanın bitr istəyi vardı - adını dünyada duyura biləcək, inkişafını göstərəcək bir layihə gerçəkləşsin».

«ARDNŞ QİYMƏTİ DEMƏLİDİR»

Bakı Olimpiya Stadionu deyəsən, növbəti anoloqu olmayan layihələrindən biri olmalıdır. Bu məqsədlə pul əsirgəməyəcək. İqtisadçı Zöhrab İsmayıla görə, Dövlət Neft Şirkətinin stadionun neçəyə başa gələcəyini deməməsi normal deyil.

«Dövlət Neft Şirkətinin, Neft Fondunun maliyyəlşədirdiyi layihələrin təcrübəsindən çıxış edib demək olar ki, bu gün bir milyarda dediyi bina sabah milyard yardıma başa gələ bilər. Xüsusən də Dövlət Neft Şirəktinin inşa etdiyi müalicə diaqnostika mərkəzləri, məktəblər nəticədə elan olunan qiymətdən 1,5-2 dəfə baha inşa olunur. O zamanda deyirdilər ki, rəqəm deyə bilmərik».

Zöhrab İsmayıla görə, hökumət bu cür layihələri reallaşdırarkən şəffaf olmalı, tender keçirməli, münasib qiymət təklif edən şirkətlərə üstünlük verməlidir.

TOCA – NEFT ŞİRKƏTİNİN KÖHNƏ TANIŞI

Yeri gəlmişkən, TOCA Dövlət Neft Şirkətinindən birinci dəfə deyil sifariş alır. Buna qədər ARDNŞ üçün Buzovnada ofis və yaşayış binasını layihələndirib. Neft Daşlarındasa kiçik bir istirahət guşəsinin.

Bundan başqa şirkət Yevlaxda Toxumçuluq Zavodunun layihəsini (Bu layihənin 2010-cu ildə Dünya Memarlıq Festivalında birinci yeri qazandığı deyilir) verib.

ERDİNÇ ÇİFTÇİNİ MƏYUS EDƏN XƏBƏR


TOCA rəhbəri bizimlə söhbətdə özünü həm də Dövlət Neft Şirkətinin keçirdiyi tenderin qalibi kimi təqdim etdi. Dövlət Neft Muzeyinin layihəsini hazırladığına görə. Amma Dövlət Neft Şirkətindən Nizaməddin Quliyev məlumatı təkzib etdi. Muzey üçün dörd şirkətin, o cümlədən TOCA-nın da təklif etdiyi layihələrin texniki standartlara cavab vermədiyini səbəb göstərərək.

Azərbaycan tərəfin dediklərini Erdinç Çiftçiyə çatdıranda məyusluğunu gizlətmədi. «Bəlkə yeni planları var, niyə elə etdilər, bir şey deyə bilməyəcəm» söyləməklə kifayətləndi.

DUBAYDA VƏ AZƏRBAYCANDA İŞLƏYƏN ŞİRKƏT

Maraqlıdır ki, bu şirkət neft pullarının axdığı Dubayda və Azərbaycanda daha çox populyardır, nəinki Türkiyədə. Üstəlik də bahalı layihələrə imza atır. Bunu TOCA-nın Azərbaycandakı oliqarxlara bağlı olmasıyla izah edənlər də az deyil. Amma şirkət rəhbəri deyilənləri rədd edir.

«Bizim layihələrimiz gözəldir, başqa səbəb aramağa gərək yox. Biz sadəcə, Azərbaycanın mədəni və sosial yapısını doğru anlaya bildik. Ordakı insanların istəklərini doğru yansıtdıq. Bir ara Dubay çox məşhurdu, Dubayda çox layihələr geçəkləşdirdik. İndi Azərbaycanda böyük layihələr hazırlanır, önəmli bazardır. Türkiyədən daha çox önəmli bazardır. Türkiyədə bu qədər böyük layihələrin reallaşması mümkün deyil».

Bakı Olimpiya Stadionu Böyük Şor gölünün yaxınlığında tikiləcək. İnşaat 2015-ci ildə tamamlanmalıdır. Hələlik neftlə çirklənmiş torpaqlar təmizlənir. Stadion 50 hektarlıq ərazidə inşa olunmalıdır. Stadionun ətrafında informasiya və ticarət mərkəzləri, idman muzeyi, avtodayanacaq olmalıdır.

Yeni Olimpiya Stadionunun neçəyə başa gələcəyi bəlli deyil. Amma son illər Azərbaycan hökumətinin imza atdığı layihələr Bakı-Qəbələ-Oğuz su kəməri, Heydər Əliyev Mərkəzi də təxminən bir milyard dollara başa gəlib.
XS
SM
MD
LG