Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:40

«Eurovision» korrupsiyası, Mübarəkin heykəli...


«Eurovision» korrupsiyası, Mübarəkin heykəlini götürmək istəyənlər, işdən çıxarılanlar və Azərbaycanda terror təhlükəsi...

Fevralın 13-də, istirahət günü çıxan qəzetlər bu haqda yazır

«Yeni Müsavat» qəzetinə müsahibəsində keçmiş dövlət müşaviri Vəfa Quluzadə Azərbaycanda terror təhlükəsindən danışıb. Yada salaq ki, ABŞ-la Böyük Britaniyanın ardınca İsrail də Azərbaycanda terror təhlükəsiylə bağlı vətəndaşlarına xəbərdarlıq edib. Bu xəbərdarlıqla bağlı Vəfa Quluzadə deyib:

«Bu ölkədə dəfələrlə terror olub. Ən axırıncı terror Neft Akademiyasında baş verdi. Azərbaycanda metro partladılması kimi böyük terror aktı olub. Yəni Bakı elə təhlükəsiz yer deyil. Sadəcə bizim camaat bir az əhlikef camaatdır. Amma amerikanlar, ingilislər, yaxud yəhudilər öz həyatlarını qiymətləndirirlər. Ona görə də bu cür xəbərdarlıq edirlər».

Vəfa Quluzadə deyir ki, Azərbaycanda terror dörd tərəfdən ola bilər:

«İranla Azərbaycan arasında münasibətlər gərgindir. Üzdəki gülüşlərə baxmayın, Azərbaycan-Rusiya münasibətləri də gərgindir. Özü də terroru ermənilərin əli ilə edə bilərlər. Üstəlik, ASALA-nın da hərəkətə keçməsi haqqında məlumatlar yayılıb. Həmçinin PKK təhlükəsi var. Amerika öz vətəndaşlarına terror təhlükəsini İrandan gözləyir. Ancaq biz bu təhlükəni hamıdan gözləməliyik».

Ekspertin fikrincə, rəsmi qurumlar məsələyə çox həssas yanaşmalıdır: «Azərbaycanda bir nömrəli terror həyəcanı elan olunmalıdır. DİN, MTN tərəfindən nə kimi tədbirlərə ehtiyac var, görülməlidir. Metro, dövlət binaları, camaatın çox yığışdığı yerlər hamısı nəzarət altına alınmalıdır».

DİN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovsa qəzetə deyib ki, dünyanın heç bir ölkəsi, hətta superdövlətlər də terror təhlükəsindən sığortalanmayıb. Amma bununla belə, Daxili İşlər Nazirliyinin üzərinə düşən vəzifənin öhdəsindən gəldiyini bilditrib.
MTN-in mətbuat xidmətinin rəhbəri Arif Babayev də vəziyyətin nəzarətdə olduğunu söyləyib.

«Diktatorun heykəli götürülsün»

«Diktatorun heykəlinin Xırdalandan götürülməsi ilə bağlı gənclər kampaniya aparır».
Bu haqda «Azadlıq» qəzeti yazır:

«Ötən gün səhər saatlarında parka baş çəkib heykəlin sağ və salamat olduğunu gördük. Heykəlin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Parka giriş qadağan edilib. Parkın yanında 3 polis maşını dayanıb. 10-dan çox polis Mübarəkin heykəlinin mühafizəsinə cəlb edilib. Polislər parka bütün giriş-çıxışlara nəzarət edir.
Görünür, Mübarəkin istefasından sonra Azərbaycan hakimiyyəti heykəllə bağlı nə qərar verəcəyini hələ müəyyənləşdirməyib.»

Bir qrup gəncsə «Facebook» sosial şəbəkəsində «Diktator heykəlinin rədd edilməsi tələbi» adlı kampaniyaya başlayıb. Kampaniyaya deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev start verib. Onlar Xırdalan şəhərində Hüsnü Mübarəkin heykəlinin yığışdırılmasını və onun arvadı Syuzanın adının Xırdalan şəhər 9 saylı məktəbdən götürülməsini tələb edirlər. Gənclər bu barədə president.az saytına məktub göndəriblər. Kampaniya qısa zamanda ətrafına çoxsaylı etirazçı toplayıb».

Nöqsanlaradan danışan Penitensiar xidmət

«Azərbaycan» qəzeti Ədliyyə Nazirliyinin Penitensiar xidmətində ötən ilin yekunları ilə bağlı keçirilən Əməliyyat Şurası haqda yazır. Xidmətin rəhbəri Nazim Ələkbərov məruzəylə çıxış edib.

«Məruzədə nöqsanlara da toxunulub, onların aradan qaldırılmasına dair konkret tapşırıqlar verilib. Ötən il xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə 1 və 2 saylı xüsusi müəssisələrin rəisi vəzifələrini icra edən İ.Yunusov, A.Məmmədov, eləcə də Mühafizə alayının bir neçə bölük komandiri tutduğu vəzifədən azad edilmiş, bəzi əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb ediliblər.

Əməliyyat Şurasında Prezident İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə 2011-ci il yanvarın 27-də keçirilmiş Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclasında müzakirə edilmiş məsələlərlə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilib».

«Bu da «Eurovision» korrupsiyası...»


«Yeni Müsavat» qəzeti bəstəkah Gövhər Həsənzadənin Azərbaycanı bu müsabiqədə təmsil edəcək Nigar CamalEldar Qasımovla bağlı fikirlərini öyrənib.

«Bəstəkarın fikrincə, 5 ifaçı arasında beynəlxalq müsabiqə üçün ifa baxımdan ən layiqli namizəd İlhamə Qasımovadır. Buna görə də bəstəkar münsiflər heyətinin seçimdə səsi yox, başqa parametrləri əsas götürdüyünü güman edir:

«Heç vaxt düşünməzdim ki, o beşlikdən Azərbaycanı təmsil etməyə Nigar gedəcək. Bilmirəm münsiflər heyəti hansı parametrlərlə seçim edib».

Bəstəkar həmçinin azərbaycanlı müsiqiçiləri «Eurovision»a hazırlayanların əcnəbi olmasından da narazılığını bildirib.

«Bizim nəinki “Eurovision”, digər beynəlxalq yarışmalarda da iştirak üçün bəstəkarlıq, aranjeman, stilist, performansda da hərtərəfli, Avropa standartlarına uyğun peşəkarlarımız var, sadəcə onların təcrübəsindən istifadə olunmur. Bizim Azərbaycan pullarının hesabına kənardan, muzdla kadr gətirməyə ehtiyacımız yoxdur. Burada kimlərin nə marağı var, bilmirəm».

Qəzetsə yada salır ki, «Eurovision-2010» mahnı müsabiqəsində dünya mətbuatının ən çox diqqətində olan Azərbaycanın bu yarışmaya ayırdığı maliyyəydi.

«Bütün hallarda "Eurovision" neft pullarını xərcləmək üçün bəhanədirsə, onda Azərbaycan mədəniyyətinin xaricdə layiqli təmsil olunmasından danışmağa lüzum varmı?!»
XS
SM
MD
LG