Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:35

Bəxtiyar Hidayət "Talisman" (Hekayə)


Bu tərəflərdə akasiyaya daha çox rus ağacı deyilir ki bununda öz səbəbi var.

Ilk dəfə dəmir yolu ətrafında əkilərdi bu tərəfdə akasiyalar.

Çünki o vaxtlar qatarların odunla işləyən vaxtları idi və bu ağac bu tərəflərin palıdından da göyrüşündən də tez yandığına görə qatarların ləngiməsinin qarşısını ala bilərdi.

Yoxsa ki hardan alasan quru palıdı və yaxud quru göyrüşü.

Rus ağacının höyüşü ilə qurusunun o qədər də fərqi yoxdu yanmaqda.

Həm də ruslarda qurunun oduna yaş bir elə də yanmır.

Daha sonra isə rus ağacları başqa yerlərə də ayaq açdı.

Ilk öncə məktəb həyətlərində basdırılan bu ağaclar sonra bir-biri ilə münasibətləri pis olan qonşuların çəpərləri boyu da düzülərək sanki öz tikanları ilə pis qonşuların gözünü çıxarmaq istəyirdi.

Hətta sonralar susuzluğa davamlı olmasını və tez böyümə qabiliyyətini nəzərə alıb bu ağac növündən təzə meşə də saldılar bu tərəfdə.

Və beləcə də “milliləşdi” bu ağac. Di gəl ki elə adı qaldı rus ağacı.


Azər müəllim isə elə yerdə özünə torpaq sahəsi almışdı ki, ehtiyacı yox idi pis qonşu ilə çəpərinin qırağına akasiya əkməyə.

Çəpərinın heç kimin çəpəri ilə sərhəddi yox idi Azər müəllimin.

Və olsa da araya akasiya ağacı əkməzdi.

Azər müəllimin əla bir bağı var idi. Bağın ətrafı meşə ağacları ilə çəpərlənmişdi.

Dəmirğara, göyrüş, palıd, ağcaqayın, yemışan və sair ağaclar idi onun çəpərinin keçilməz səddi.

Azər müəlimin bu qədər əziyyəti vardı bu çəpərin belə gözəl və keçilməz olmasında.

Az qala 5-6 il keşik çəkmişdi çəpərboyu ağaclar böyüyüncə Azər müəllim onlara ki heyvan ağaclara dəyməsin.

Çünki bir ağaca ki heyvan nəfəsi bir-iki dəfə dəydimi o ağac daha inkişafdan qalacaq-deyirdi Azər müəllim.

Ona çox məsləhət etmişdilər ki - müəllim, bu əziyyəti çəkirsən onsuz da, tök akasiyanı çəpər boyu, səndən su istəmir, qorunmağa ehtiyacı yox, tikanları da oğruya zada imkan verməz ki aşıb çəpərə keçsin.

Amma o razı olmamışdı:

- Əşşi rus ağacının nə işi var mənim çəpərimdə? Mən milli ağaclar əkirəm. Qoy milli ağaclar qorusun mənim bağımı.

Azər müəllimin bağı da bağ idi ha.

Almadan alma, armuddan armud, gavalıdan gavalı, gilasdan gilas, alçadan alça-hər nə desən var idi.

Və bazardan bir dənə də alınma şitil yox idi. əslində bütün bar ağaclarının kökü də meşə ağacları idi.

Gətirib əkmişdi və bir ildən sonra özü calaq vurmuşdu.

Calaq vurmaq üçün seçdiyi qələmələri əvvəl torpaqda basdırar, qələmələr bir az sulanan kimi də götürüb calaq vurardı.

Hətta zarafatla deyirdi ki mən Allahdan güclüyəm.

Mən basdırdığım canlıya yenidən bu dünyada həyat verirəm.

Allah isə bunu saxlayır o dünyaya.

O da ki nisyə söhbətdi.

Bağda bir dənə də küçükləyən meyvə yox idi.

Baxmayaraq ki bağında gavalı, gilas, gilanar kimi küçükləyənlər fəsiləsinə aid ağaclar çox idi.

Azər müəllim bunun öhdəsindən belə gəlmişdi-gavalıların hamısının kökü meşə alçası idi, gilas və gilənarların da kökü meşə gilası.

Bunlar da ki küçükləyib bağı başına alan şey deyillər. Azər müəlllimin bu haqda da bir deyimi vardı:

- Kök özümüzdən olmalı, yoxsa gəlmələr küçükləyib ölkəni başına götürəcək.

Pensiyaya çıxan kimi məktəbdən ayrıldı Azər müəllim:

- Daha mənim zəmanəm deyil. Indi uşağı vurmaq olmur. Uşaq adamın üzünə qayıdır. Həm də lap ağını çıxarıb hökumət. Qəzetpulu ver, süpürgəpulu ver, jurnalpulu ver, abadliqpulu ver. O qədər pulu da verdin gərək uşaqdan pul yığasan. Di gəl bundan sonra uşağı özündən qorxut. Mənlik deyil bu sistemlə işləmək.

Beləcə də az qala bütün vaxtını bağa ayırdı Azər müəllim.

Evdə tək idi - uşaqlar hamsı Rusiyada, arvad da ki ömrünü tapşırmışdı balalarına.

Azər müəllim 5 arıq toğlu da alıb atdı çəpərə - balaca şitil yoxdu ki yeyələr.

Qoy bağda otlayib kökəlsinlər, uşaqlar gələndə kəsdiyimi kəsərəm, kəsmədiyimi də satıb qazanc edərəm - dedi.

Payıza dönəndə isə elə yarpaq bəs edər toğlulara. Yaxşı ət götürəcəklər o vaxta qədər.

Amma uşaqlardan bu tərəfə hərlənən olmadı. Həmin il qış da tez düşdü.

Azər müəllim baxdı ki ot yoxdu toğlulara verməyə.

Evi akasiya meşəsinə yaxın idi.

Hər gün gedib akasiyanın lobyayaoxşar toxumlarını meşədən yığıb gətirirdi.

Akasiya toxumları sanki toğluları saatla, dəqiqə ilə kökəldirdi.

Beləcə də aradan iki ay keçdi. Azər müəllim peyin bağa dağıdırdı.

Və birdən ortancıl oğlu Rusiyada ilişdi.

Artıq burmabuynuz qoç olmuş toğluları da satıb Azər müəllim özünü yetirdi Rusiyaya.

Sözsüz Azər müəllimin ortancıl oğlu türməyə düşmədi.

Qardaşları xeyli pul töküb onu qurtardılar. Amma vəziyyət belə gətirdi ki Azər müəllim bir də üç ildən sonra qayıdası oldu

Rusiyadan. Uşaqlar onu buraxmırdılar və Azər müəllim özü də yavaş-yavaş öyrəşirdi rus ağacının Vətəninə.

Rus ağacları onun Vətəninə necə uyğunlaşmışdısa o da rus torpağına elə öyrəşmışdi.

Nəhayət kəndə qayıdan Azər müəllimi az qala ildırım vurdu bağı görən kimi.

Bağda bağlıq qalmamışdı. Saki akasiya meşəsinin filialı açılmışdı burda.

Bağda o qədər rus ağacı vardı ki donuza tır desən girə bilməzdi bağa.

Azər müəllim işi anladı.

Demək toğluların peyinini bağa dağıtmiş və rus ağacının toxumları da beləcə münbit torpağa düşüb bitmişdilər.

Üçcə ilə də artıb bağı basmışdılar.

Indi kənddə toy mövsümü idi-məhərrəmliyin gəlməsinə bir ay vardı və hamı istəyirdi bu bir ayda xeyir işini başa çatdırsın.

Toylara da odun lazım idi. Azər müəllim bağdan rus ağaclarını beləcə rədd elədi.

Hamısı kəsilib xeyir işdə sərf olundu məlun “kafir ağacları”nın.

Azər müəllim yenidən Rusiyaya qayıtdı və bu dəfə iki il Rusiyada qaldı

Geri qayıdanda lap dəhşətə gəldi - bir ağacın yerındə onu bitmişdi.

Azər müəllim qoyun adlı varlığın bərəkətinə də damazlığına da söyə-söyə qaldı.

Başa düşdü ki bu ağacların kökünü çıxartmaq lazımdı bağdan.

Beləcə də yenə bağdan ağaclar toylar üçün kəsildi.

Amma bu dəfə daha sonra bağa kotan salındı. Di gəl ki kotandan da bir kar aşmadı.

Kotan qırıldı. Traktorçu Səlim də söyüm-söyüm söylənə-söylənə getdi.

Azər müəllimin özünün isə dabanına və sağ əlinə akasiya tikəni batdı.

Bu tikan da ki bir yerə batdımı adama azar verir - nə var ee özümüzün milli qaratikan tikanına.

Akasiyanın tikanı hara batdısa yara qurtarmaq bilmir ki bilmir.

Və az qala on beş gün xəstəxanada yatası oldu Azər müəllim.


Azər müəllim bunun belə olmayacağını anladı. Nəsə başqa bir plan qurmaq lazım idi.

Yoxsa rus ağacları artıq çəpərboyu əkilmiş ağacları da sıxıb qurudurdu.

Ağlına gəldi ki bağa neft axıtsın. Amma bağda salamat qalmış bir neçə ağacı da quruda bilərdi.

Beləcə də bu işin başını buraxıb kənddən çixdı Azər müəllim.

Yenə uşaqların yanına getməyi qərara aldı.

Rayon mərkəzinə gedən mikroavtobusa əyləşdi. Mikroaftobusun qabaq aynasına içəridən vurulmuş bir şəkil diqqətini çəkdi.

Şəkil uzaqdan Cövhər Dudayevə oxşayırdı. Yaşıl paltar, qaragül dərisindən papaq və səliqəli bığlar Azər müəllimin fikrini qətiləşdirirdi.

Və ürəyində dedi ki - Ay beçərə Dudayev haa.

Ruslarla bacarmaq asan iş deyil, heç mən rusun ağacı ilə bacara bilmədim, sən necə bacara biləydin.

Amma bir az da diqqətlə baxanda gördü ki yox, bu Dudayevin şəkli yox, hansısa seyidin şəklidir.

Şəklin altında seyidin adı da yazılmışdı, amma hərflərin bir-ikisi yaxşı oxunmurdu. Sürücüdən soruşdu:

- Bala bu Cövhər Dudayevə oxşayan kimdi belə?

- A kişi , gör kimi kimə oxşadırsan? Nə Cövhər Dudayev, bu Seyid Yasin agadı. Qurban olum onun kəramətinə.

Sürücünün üz-gözündən zəhrimar yağırdı.

Bir az getmişdilər ki mikroavtobusun qarşısına qoyun sürüsü çıxdı.

Azər müəllim qoyunların damazlığına və bərəkətinə bir-iki ağız söydü.

Deyəsən sürücü bunu da eşitdi və Azər müəllimə-sən Allah qoy rahat işləyək, balalarımıza çörəkpulu qazanaq-dedi.

Azər müəllim dillənmədi. Artıq sürücünün onu maşından düşürməyə bəhanə gəzməsini duymuşdu.

Ürəyində - Kopolu lap qoyundu ki. Seyidi Cövhər Dudayevə oxşadıram elə bilir qəzaya uğrayacaq.

Qoyunların damazlığına söyürəm elə bilir ki başına müsibət gələcək.

Heyvanına şükür, ilahi!

Və bir azdan Azər müəllim özü mikroavtobusun dayandırılmasını istədi.

O düşmək istəyirdi. Anlamışdı ki daha bu maşında gedə bilməz.

Çünki elə o seyid şəklinin başı üzərində də bir kiçik akasiya budağı talisman kimi asılmışdı - üstü də tikanlarla dolu.

Elə bil yaralarına yenidən akasiya tikanı batırdılar Azər müəllimin:

- Saxla bala mən bu maşında gedəsi olmadım

- Nooldu ki?

- Sənin seyidin də akasiyan da qoy səni yaxşı-yaxşı qorusun, mən ... evdə sənədlərim qalıb.

Azər müəllim mikroavtobusdan düşdü.

Indi onun gözünə bütün güllər, çiçəklər akasiya tikanı kimi görünürdü.

Yaraları elə zoqquldayırdı ki...
XS
SM
MD
LG