Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:58

Bakıda gündəlik bahalaşma


Son bir-iki ayda Azərbaycanda ərzağın qiyməti bahalaşmaqda davam edir. Satış mərkəzlərində əsasən şəkər, şəkər tozu, kərə və bitki yağlarının qiymətinin bahalaşdığı bildirilir. Bakının mərkəzindəki mağazalardan birində söhbətləşdiyim satıcı Arif Əzizov son bir ayda bahalaşan ərzaq növlərindən danışır:

-Misal üçün şəkər tozu bir ay əvvəl 1 dollar 20 sent idi, indi 12 sent bahalaşıb. Qənd 1 dollar 50 sent idi, indi 24 sent bahalaşıb. Yumurta 18 sent idi, indi 22 sent olub. Kərə yağının bir kiloqramı 7 dollar 20 sent idi, indi 60 sent bahalaşıb. Siqaretlərin hamısının qiymətində təxminən 10-15 faiz bahalaşma var. Hər şey yavaş-yavaş bahalaşır.

Satıcılar yerli məhsulların bahalaşmasının nə ilə bağlı olduğu barədə bir söz deyə bilmirlər. Amma xaricdən Azərbaycana idxal olunan məhsulların bahalaşmasını mənşə ölkələri və dünya bazarındakı qiymət artımı ilə izah edirlər.

«Misal üçün biz mal aldığımız firmadan Rusiyadan gələn malların bahalaşmasının səbəbini soruşanda deyirlər bu mal həmin ölkənin özündə bahalaşıb. Şəkər tozunun və qəndin qiymətindəki artımı isə həmin malların dünya bazarındakı bahalaşması ilə əlaqələndirirlər».

MAAŞ 1 MANAT, QİYMƏT 10 MANAT QALXIB

Bakıda söhbətləşdiyim adamlar indiki maaş, pensiya artımı ilə qiymət artımının bir-birindən yerlə göy qədər uzaq olduğunu deyirlər.

25 yaşlı dönər bişirən Vüqar Əhmədov:
«Pensiya, maaş bir manat qaldırılır, amma qiymətlər bu artımdan dəfələrlə çox bahalaşır».

Təqaüdçü Baba Qasımov deyir o, 35 illik əmək stajı ilə təqaüdə çıxıb, amma qiymətlərin od tutub yandığı vaxtda aldığı təqaüd cəmi 85 manatdır.

«Təqaüdü alıram hamısını da ödəyirəm kommunal xidmətlərə. İşləyib bir təhər özümü dolandırmasam mən acından ölərəm».

Rəsmi statistikaya görə, Azərbaycanda orta aylıq əməkhaqqı 406, pensiya isə 142 dollardır.

BAHALIQDAN TƏKCƏ ALICI YOX, SATICILAR DA GİLEYLƏNİR


Bazarlardakı bahalaşmadan təkcə alıcılar yox, satıcılar özləri də gileylənirlər.

Misal üçün paytaxt Bakının bazarlarında həmişə 2 dollar 40 sentə satılan banan bir həftə əvvəl hətta 6 dollara olub.

Əlli bir yaşlı Mahmud Quliyev: «Bir həftə idi ölkədə banan yox idi, ona görə bahalaşmışdı. Lap beş manata (6 dollara) da satırdılar».

Təkcə banan deyil, satıcılar xaricdən gətirilən bütün meyvələrin qiymətində xeyli artım müşahidə olunduğunu bildirirlər.

Qadın satıcı Fatma Səmədova: «Armud, alma, portaxal hamısı bahalaşıb»

Satıcılar hesab edirlər ki, bahalaşma onların qazancına xeyli mənfi təsir edir. Baha aldıqları malı çox çətinliklə satırlar. Çünki indi əvvəlki kimi alıcı da yoxdur deyirlər.

ŞƏKƏR TOZU AZƏRBAYCAN 35 SENTƏ GƏLİB ÇIXIR, AMMA...


İqtisadi Tədqiqatlar Mərkəzinin yanvar ayında Azərbaycanda apardığı araşdırmalara görə ən çox bahalaşan baş soğan olub, təxminən 26 faiz. Meyvə-tərəvəz məhsullarının qiyməti yanvarda 11 faizə yaxın bahalaşıb.

Süd, süd məhsulları, yumurta və şəkər tozunun qiymətlərində isə bahalaşma 3 faizdən çox olub. Mərkəzin məlumatında ucuzlaşmalardan da söz açılır.

Bildirilir ki, yanvar ayında pomidorun qiymətində 6, peçenyenin qiymətində isə 5 faizə yaxın ucuzlaşma olub. Ən çox ucuzlaşma ölkə daxilində hava sərnişindaşıma nəqliyyatı xidmətində olub.

İqtisadçı Qubad İbadoğlu deyir ki, Azərbaycanda bahalaşma daha çox idxal və mövsümü malların qiymətində müşahidə olunur. O, mövsümü malların qiymətindəki bahalaşmanı təbii hal sayır. Amma idxal mallarının qiymətindəki bahalaşmanı inhisarla əlaqələndirir.

«Məsələn soğan, fındıq və quru noxud, bunlar hamısı Azərbaycanda istehsal olunur və bahalaşma da mövsümlə bağlıdır, amma şəkər tozu idxal olunan maldır. Bizim hesablamalara görə, şəkər tozu gömrükdə 35 sentə sənədləşdirilir. Amma Azərbaycanda şəkər tozunun bazar qiyməti 1,20 dollardır».

İqtisadçı hesab edir ki, dünyada 3-5 faizlik bahalaşmadan sonra belə şəkər tozunun Azərbaycana gəlib çıxma qiyməti 42 sentdən artıq deyil.

AZƏRBAYCANDA TAXIL 24 FAİZ BAHALAŞIB

Dünya Bankının ərzaq qiymətləri ilə bağlı açıqladığı son məlumatlar da ürəkaçan deyil. Dünya Bankının prezidenti Robert Zoellick fevralın 15-də keçirdiyi mətbuat konfransında təkcə son 4 ayda qiymətlərin 15 faiz artdığını bildirib. O, indiki vəziyyətin 2008-ci ildəki ərzaq böhranı səviyyəsinə çatdığı deyib.

Robert Zoellickə görə, qiymət artımı Tunis və Misirdəki inqilabların əsas səbəbkarı olmasa da, insanları cana yığan önəmli faktorlardan olub.

Qiymət artımının durmadan davam etdiyini bildirən Dünya Bankının prezidenti hesab edir ki, baha ərzaq və insanların daha da kasıblaşması Orta Asiyada da sosial və siyasi partlayışlara səbəb ola bilər.

Dünya Bankının məlumatına görə, son altı ayda Azərbaycanda taxılın qiyməti 24 faiz bahalaşıb.

AZƏRBAYCANDA İNFLYASİYAYANIN SÜRƏTLİ ARTIMI OLA BİLƏR

Bu günlərdə Beynəlxalq Valyuta Fondunun (BVF) Bakıda səfərdə olan missiyasının rəhbəri Nadim İlahi ərzaq qiymətlərinin artmasının Azərbaycanda inflyasiyanın sürətli artımına səbəb ola biləcəyini deyib. Bu da 15-də, mətbuat konfransında deyilib, yoxsa başqa yerdə, başqa vaxt?

Missiya rəhbərinə görə, bahalaşma yoxsul təbəqələr üçün əlavə ünvanlı sosial köçürmələrin ayrılmasını tələb edəcək. Onun fikrincə, üstəlik, iqtisadiyyatdakı pozuntuları aradan qaldırmaq və dövlət sektorunun effektliliyini artırmaq üçün kompleks tədbirlər həyata keçirilməlidir.

«2011-ci ilin perspektivləri ümidvericidir, lakin ilin sonuna 10 faizə qədər artacağı gözlənilən infliyasiya tempi makroiqtisadi risklər yaradır. Rəsmi orqanların əsas vəzifəsi infliyasiya gözləntilərini məhdudlaşdırmaqdır. Büdcə və vergi siyasəti isə tələblə bağlı təzyiqləri zəiflətməkdir».

Dünya Bankı bahalaşmanın daha da davam edə biləcəyini proqnozlaşdırır. Bank bunu Avstraliyadakı təbii fəlakət, Rusiya, ABŞ və başqa bir sıra ölkələrdəki quraqlıq, yanğınlar və daşqınlar nəticəsində məhsuldarlığın aşağı düşməsi ilə əlaqələndirir.

Dünya Bankının prezidentinə görə, vəziyyət o qədər ağırdır ki, bahalaşma davamlı olsa dünyanın bir çox yerlərində insanların artıq ac qalmaqdan başqa seçimi olmayacaq.

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ GÖZLƏYƏNLƏR

Yanvar ayının sonlarından başlayaraq Azərbaycanda dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizə başlayıb. Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizənin daha da gücləndiriləcəyini bildirib. O, vətəndaşlara müraciət edib ki, bütün qanun pozuntuları və rüşvət halları ilə bağlı Prezident Administrasıyasına müraciət eləsinlər. İndi Azərbaycanda bir çoxları hesab edir ki, korrupsiyaya qarşı mübarizə ilə inhisarçılığın qarşısını almaq mümkün olacaq. İqtisadçılar isə bildirirlər ki, əsasən ölkə məmurlarının himayəsində olan monopoliyalara son qoyulsa bu indiki qiymətlərin bir neçə dəfə ucuzlaşmasına səbəb ola bilər.
XS
SM
MD
LG