Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:27

Tüstü bacalarını kim təmizləyir?


Bakıda tüstü bacalarının təmizlənməsi üçün yeni qurum yaradılması müzakirə olunur. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəis müavini Kamal Tarverdiyev İctimai Televiziyaya müsahibəsində deyib. Onun dediyinə görə, təmsil etdiyi qurum bu haqda müraciət hazırlayır.

MÜSTƏQİLLİK VƏ KOMMUNAL PROBLEMLƏR

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər komissiyasının sədri Ələkbər Ağasıyev deyir ki, tüstü bacalarının vaxtında təmizlənməməsi insanların dəm qazından ölümünə səbəb olur:

“Müstəqillik əldə olunandan sonra nəyə görəsə bu xidməti göstərənlərin heç birinə, çox güman ki, lüzum qalmadı. Onların bu işi görməsi üçün maliyyələşdirən bir orqan tapılmadığından bu iş özü öz başına sönərək çıxdı getdi. Və bir neçə ildən sonra tüstü bacalarının təmizlənməməsi ucbatından qəza hadisələrinin sayı artdı. Belə demək mümkünsə, yatıb, indi ayılıblar. Adi istehlakçı bu işlə məşğul olub, onun öhdəsindən gəlmək iqtidarında deyil”.

Bakı sakini Cabir Atakişiyev deyir ki, 20 ildir yaşadığı mənzilin tüstü bacasını təmizləməyə bir dəfə də olsun gəlməyiblər:

- Çox ağır fəsadları olur, eşidirik də, televizorda görürük.
- Yoox, biz təmizlətdirmişik hamamda.
- Təmir vaxtı bir dəfə. Evi təmir etdirən təmizlətmişik. Dövlət qurumları Sovetin vaxtında hamısı olub. Vaxtı vaxtına gəlirdilər, təmizləyirdilər də binalarda “dimoxod”ları. Onu başlı-başına qoymaq olmaz axı. Xüsusi qurum var idi, bu işlə məşğul olurdu. Sovet dağıldı, bunlar ləğv olundu.

DƏM QAZINDAN BOĞULANLAR

Digər sakin Dilarə Hikmətqızının sözlərinə görə, dəm qazından boğulmalar artandan sonra dövlət qurumları təşvişə düşüblər:

“Əvvəldən bu camaata deməlidirlər. Heç olmasa hər ay, iki aydan bir gəlməlidirlər, maraqlanmalıdırlar. İndi görürlər ki, partlayışlar çox olur evlərdə, təşvişə düşüblər. Bunun qabağını əvvəlcədən almaq lazımdır. Belə bir qurum əvvəldən olsaydı, belə fəlakətlər də olmazdı”.

İndiyədək tüstü bacalarını kim təmizləməliymiş? «Azəriqaz» İB-nin mətbuat xidmətinin başçısı Kamandar Eyvazlı deyir ki, bu, Azəriqazın səlahiyyətinə aid deyil:

“Bu olub Fövqəladə Halların, vaxtilə JEK-lərin işi. Bizim səlahiyyətimizə aid deyil bu sahə”.

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ NƏ DEYİR?


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Hikmət Cəfərov isə bildirir ki, bu işin icrasına onlar məsul deyil, bununla Mənzil Kommunal Təsərrüfat Birlikləri məşğul olur:

“Nazirliyin səlahiyyətində həmin faktları aşkar etməkdir. Bizə yüzlərlə şikayətlər daxil olur. Bununla bağlı Mənzil Kommunal Təsərrüfatı Birlikləri məşğul olur. Biz onun işinə nəzarət etmirik. Biz sadəcə onlara məktub yazırıq ki, filan məsələləri aradan qaldırın, narazılıq var, dəm qazı evə dolur, və s”.

Nizami rayon 12 saylı Mənzil Kommunal İstismar sahəsinin əməkdaşı Cümşüd Babayevin sözlərinə görə, tüstü bacalarının təmizlənməsi üçün “JEK”lərdə nə səlahiyyət var, nə də pul:

“FHN-in tabeçiliyində könüllü bir idarə var. Həmin idarə baxır.Onun rayon Mənzil Kommunal Təsərrüfatı Birlikləri ilə müqaviləsi olur. Onlar da çağırış əsasında gəlib təmizləyirlər. Və onların da pulu köçürülür müqaviləyə əsasən. Bizdə elə bir mütəxəssis yoxdur, ümumiyyətlə JEKlərin heç birində yoxdur”.

ÇIXIŞ YOLU...

Tüstü bacalarının təmizlənməsinə kimin cavabdeh olması dartışıldığı bir vaxtda vətəndaşlar özləri öz başlarına çarə qılmağın yollarını düşünürlər. Dilarə Hikmətqızı:

“Mən həmişə “fortuçka”nı açıq qoyuram. Səhər durdum, qazı o dəqiqə yandırmıram. Pəncərəni açıram, çünki ola bilsin ki, dəm qazı olsun, mən hiss etməyim”.

Azəriqaz İB-nin məlumatına görə, 2010-cu ildə qazla bağlı bədbəxt hadisələrin 84,1%-i yanma məhsulları ilə zəhərlənmələrin, 10,6%-0 partlayışların, 5,4%-i yanğınların payına düşüb.
2011-ci ilin yanvarında vəziyyət bir qədər dəyişib: bədbəxt hadisələrin 71,5%-i qazla zəhərlənmə, 28,6%-i partlayış olub.
XS
SM
MD
LG