Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:21

Prezidentə təşəkkür və şikayət məktubları


«Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versinlər ki, biz bu nöqsanları, bu yaraları daha ad tez aradan qaldıraq».

Prezident İlham Əliyev fevralın 9-da Qazax rayon sakinləri qarşısında çıxışı zamanı vətəndaşlara belə bir müraciət edib.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı martın 1-də keçirilən konfransdakı çıxışında isə prezident deyib ki, onun müraciətindən sonra Prezident Administrasiyasına çoxsaylı şikayət və minnətdarlıq məktubları gəlməkdədir.

Prezidentin internet səhifəsində şikayətlərə rast gəlməsək də, minnətdarlıq məktubları az deyil.

ANTİKORRUPSİYA TƏDBİRLƏRİ GƏLƏCƏYƏ ÜMİDİMİZİ DAHA DA GÜCLƏNDİRİR

Misal üçün Saatlı rayonun Mustafabəyli kəndindən Elçin Süleymanov fevralın 22-də prezidentə ünvanladığı məktubda yazır:

«Cənab prezident son vaxtlar Sizin göstərişiniz və nəzarətiniz altında həyata keçirilən antikorrupsiya tədbirləri məni və mənim kimi minlərlə, milyonlarla Azərbaycan vətəndaşını çox sevindirir və gələcəyə olan ümidlərimizi daha da gücləndirir. İnanırıq ki, bu antikorrupsiya tədbirləri ən yaxın vaxtda öz müsbət təsirini göstərəcək. Artıq ilkin nəticələr göz qabağındadır və bütün sadə xalq bunu alqışlayır-deyə müraciətdə deyilir».

«MƏNDƏ İNAM YARANDI Kİ, QANUNSUZLUQLARA, ŞİKAYƏTLƏRƏ ƏDALƏTLİ BAXILACAQ»

Amma 2008-ci ildə haqsız yerə Əmlak Məsələləri Dövlət Komitəsindən işdən çıxarıldığını iddia edən Oruc Orucov prezidentin müraciətlərindən sonra daha da ürəklənərək üzləşdiyi haqsızlıqla bağlı prezidentə xeyli məktub yazıb. Amma deyir müraciətlərə yenə də köhnə qaydada olduğu kimi baxılır.

«Əvvəllər də müraciət edirdim, amma məndə ölkə başçısına və Ramiz Mehdiyevə daha da inam yarandı ki, qanunsuzluqlara, şikayətlərə ədalətli baxılacaq. Və bundan ürəkləndim. Bir ay müddətində Prezident Administrasiyasına onlarla məktub göndərmişəm, bir neçə dəfə qəbulda olmuşam. Amma bütün müraciətlərim göndərilir Əmlak Məsələləri Dövlət Komitəsinə. Komitədən də dəfələrlə mənə cavab verilir ki, sizin şikayətinə baxılmışdır».

Oruc Orucov 2008-ci ildə işdən çıxarılmasını birbaşa korrupsiya faktını ictimailəşdirməsi ilə əlaqələndirir. Deyir komitənin sədr müavinlərindən biri ondan ev tikmək üçün torpağa görə 38 min dollar pul alsa da sonradan həmin torpaq sahəsi ona verilməyib. Pulunu geri istəməsi isə onun işini itirməsi ilə nəticələnib. İndi Oruc Orucov istəyir ki, vaxtilə baş verən qanunsuzluğa aydınlıq gətirilsin. «Mən bu günə qədər işsizəm, iş tələb edirəm, məni saxta əmrlə işdən çıxarıblar, bu saxtakarlığı araşdıran yoxdur. Çox təəssüflər olsun»

Əmlak Məsələləri Dövlət Komitəsində isə Oruc Orucovun bu iddiaları rədd edilir.

SİYASİ ÇAĞIRIŞ VƏ MÖVCUD SİSTEMİN ZİDDİYYƏTİ

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev korrupsiyaya qarşı mübarizənin belə tezliklə müsbət nəticə verəcəyinə inanmır. O, bunun bir neçə səbəbi olduğunu deyir:

«Birincisi, hələ hakimiyyət tam olaraq korrupsiyadan əl çəkməyə hazır deyil. Ona görə də yuxarıdan tutmuş aşağıya qədər müqavimət var. İkincisi korrupsiyanın aradan qaldırılması üçün hələki göstərişdən başqa qərarlar verilməyib. Siyasi çağırış var».

Mehman Əliyevə görə, siyasi çağırışla mövcud olan sistem ziddiyyət təşkil etdiyindən korrupsiyaya qarşı mübarizə hələ effekt vermir:

«Ona görə də adamlar siyasi çağırışı eşidib gedirlər, amma görürlər ki, əvvəlki sistem hələ qalıb işləyir. Burda söhbət sistemin dəyişməsindən gedir».

Mehman Əliyev hesab edir ki, gömrüklə, yol polisi və vergilərlə bağlı verilən fərmanlar müsbət addımlar olsa da onlar da hələ 3-4 aydan tez tətbiq olunmayacaq.

2011-ci il yanvarın 27-də prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclasını keçirib, nazirliklərə, dövlət komitələrinə korrupsiyaya, rüşvətə və süründürməçiliyə qarşı tədbir görülməsi ilə bağlı göstərişlər verib. O, bu toplantını prezidentin göstərişi ilə atdığını bildirib. Həmin müşavirədən sonra dövlət qurumlarında korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbirlər keçirilməkdədir. Onlarla kiçik rütbəli məmurlar işdən çıxarılıb.
XS
SM
MD
LG