Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:10

Ombudsmanın hesabatına salınan pozuntular


ŞİKAYƏTLƏRİN SAYI ARTIB

«Nədən Ombudsman BŞİH-nın siyasi partiyaların mitinq, piket, küçə yürüşləri ilə bağlı müraciətlərinin hamısına qeyri- qanuni cavabına bu hesabatda münasibət bildirməyib?»

«2010 –cu ildə Ombudsman Aparatına yönələn şikayətlərin sayı əvvəlki illərlə müqayisədə 32,5 faiz artaraq 11.600-ü keçib. Müraciətlərin sayının artmasının əsas səbəbi vətəndaşların müvəkkilliyə inamın artması və əhali arasında aparılan maarifləndirmə işləridir».

Bu fikirləri martın 4-də Azərbaycanın insan hüquqları üzə müvəkkili-ombudsman Elmira Süleymanova 2010-cu ildə görülən işlərlə bağlı parlamentə hesabat verərkən səsləndirib. Ombudsman ötən il müvəkkilliyin fəaliyyətinin əsasən dövlət qurumları ilə əməkdaşlıqda həyata keçirildiyini, çoxsaylı tədbirlərin gerçəkləşdirildiyini də bildirib.

«Bu müraciətlərin 84,2 faizə qədəri şikayətlərdən ibarət olub. Onların 51,2 faizi qanuna uyğun olaraq icraata alınıb. İcraata alınanların da 52,6 faizə qədəri təmin olunub. Şikayətlərin təhlili göstərib ki, vətəndaş müraciətlərinin cavabsız və nəticəsiz qalması bir sıra digər hüquqların da pozulmasına səbəb olur».

Hesabata görə, müraciətlərdə əksini tapmış məlumatların yoxlanılması məqsədilə müvafiq dövlət orqanlarına göndərilən sorğular əsas etibarı ilə təmin olunub. Bununla belə bəzən qeyri- səmimi, formal cavablar da verilməsi, şikayətçilərin təqib edilməsi, müxtəlif vasitələrlə -təzyiq, ələ alma yolları ilə onların öz yazdıqlarından imtina etdirilməsi halları da olub. Bu hal sənəddə insan hüquqlarının qorunmasına birbaşa cavabdeh olan bəzi vəzifəli şəxslərin qanuna əməl etməməsi, öz vəzifələrini layiqincə yerinə yetirməməsi kimi dəyərləndirilsə də söhbətin hansı vəzifəli şəxslərdən getdiyi yenə də qaranlıq qalır.

OMBUDSMAN MİLLƏT VƏKİLLƏRİNİN KEÇƏN İLKİ TÖVSİYƏLƏRİNƏ ƏMƏL EDİB


Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyir ki, hesabatda insan hüquqları və azadlıqlarının qorunması sahəsində bir çox məsələlər əksini tapıb. Hesabatda Rəbiyyət Aslanovanın diqqətini çəkən əsas məsələ isə odur ki, ombudsman millət vəkillərinin keçən ilki tövsiyələrinə əməl edərək bu dəfə sənədi hazırlayarkən daha konkret olub.

«Hesabatda ombudsman harada hüquq pozuntularının olmasının konkret ünvanlarını göstərir. Onların xarakterini izah edir. Hər halda xoşagələn haldır ki, müvəkkil Milli Məclisə təqdim etdiyi hesabata kifayət qədər ciddi yanaşıb».

KORRUPSİYAYA QARŞI UĞURLU MÜBARİZƏ


Ombudsmanın hesabatında həmçinin dövlət başçısının korrupsiyaya qarşı uğurlu mübarizə prosesinə start verdiyi də qeyd olunur. Bildirilir ki, il ərzində müvəkkilliyə korrupsiya və rüşvət hallarına yol verilməsi ilə bağlı 1041 şikayət daxil olub. Onlarla bağlı da baş prokurorluq və digər müvafiq strukturlar qarşısında məsələlər qaldırılıb.

Milli Məclisin deputatı Çingiz Qənizadə isə deyir ki, hazırda Azərbaycan əhalisinin böyük əksəriyyətinin üzləşdiyi problemlərin bir qolu vergi və gömrük sistemi ilə bağlıdır. Halbuki, hesabatda bu iki dövlət qurumunun yaratdığı biabırçılıqlar barədə heç nə yoxdur.

HESABAT QƏNAƏTBƏXŞ SAYILMIR


Ombudsman əvvəlki hesabatlarını ən çox tənqid edənlərdən biri, deputat İqbal Ağazadə bu hesabatı da qənaətbəxş saymır. O hesab edir ki, ortada olan sənəd əslində hakimiyyətin icra strukturunun əlavə bir qurumunun ölkədə baş verənlər haqda yekun xülasəsinə oxşar bir kitabçadır. Əslində Ombudsmanın problemlərə yanaşması bu şəkildə olmamalıdır.

Onun fikrincə, əslində hesabata salınmalı daha vacib məsələlər olduğu halda ombudsman ya onlara toxunmur, ya da başqa şəkildə şərh verməklə kifayətlənir.

«Ombudsman öz hesabatında maarifləndirmə işlərindən, daxil olan və həllini tapan şikayətlərin statistikasından danışır. Ombudsmanın «Sərbəst toplaşma azadlığı haqqında» qanunun işləməsi, söz mətbuat azadlığı ilə bağlı məsələlərə münasibəti çox təəccüblüdür. Halbuki, Azərbaycanda 1992-ci ildə qəbul olunmuş «siyasi partiyalar haqqında» qanunun dəyişilməsi barədə müraciətlərin cavabsız qalması barədə heç nə yoxdur. Nədən Ombudsman BŞİH-nın siyasi partiyaların mitinq, piket, küçə yürüşləri ilə bağlı müraciətlərinin hamısına qeyri- qanuni cavabına bu hesabatda münasibət bildirməyib? Söz və mətbuat azadlığından danışarkən Avropa Məhkəməsinin Eynula Fətullayev haqqında qərarının yerinə yetirilməməsi Ombudsman tərəfindən kəskin tənqid edilməli idi. Çox təəssüf ki, hesabatda ombudsman Eynulla Fətullayevin həbsdən azad olunmamasını onun vəkilinin Ali Məhkəməyə hansısa bir kasasiya şikayəti ilə bağlı verdiyi ərizə ilə əsaslandırıb. Bu nə dərəcədə ombudsman mövqeyinə uyğundur?».

İqbal Ağazadəyə görə, nə qədər ki, Ombudsman Aparatı icra strukturunun bir əlavəsi kimi fəaliyyət göstərəcək, bundan artıq hesabat da olmayacaq.

FƏALİYYƏT MÖVCUD QANUNVERİCİLİYƏ UYĞUN HƏYATA KEÇİRİLİB


YAP-dan olan millət vəkili Mübariz Qurbanlı İqbal Ağazadənin öz fikirlərində haqsız olduğunu düşünür. O fikrini belə əsaslandırır ki, ombudsman fəaliyyətini mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirir. Yəni əgər ombudsmana müraciətlər, şikayətlər daxil olmayıbsa, o mətbuatda və digər yerlərdə səsləndirilən bu və digər məsələlər barədə öz tərəfindən iş qaldırası, yaxud onu məruzəsinə salası deyil.

Hüquq müdafiəçisi Vüqar Qocayev isə deyir ki, ombudsmanın indiyəqədərki hesabatları obyektiv yanaşmadan daha çox hökumətin mövqeyinə uyğundur.

«Beynəlxalq təşkilatların müxtəlif hesabatlarda konkret olaraq işgəncələrlə, jurnalistlərlə, söz azadlığı ilə, seçki pozuntuları və digər məsələlərlə bağlı qaldırdıqları məsələlərin əksəriyyəti bu hesabatda əksini tapmır. Ona görə də ondan obyektiv nəsə gözləmək çətindir».

Vüqar Qocayevə görə Ombudsmanın bu hesabatı əslində gerçəkliyi əks etdirmir. Hüquq müdafiəçisi bu sənədi daha çox siyasi hesabat hesab edir.
XS
SM
MD
LG