Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:21

Sosial şəbəkə narahatlığı


«Facebook»da yaradılan «11 Mart - Böyük Xalq Günü»nün əleyhinə «İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək» kampaniyası başlayıb. Bu qrupa indiyədək 99 istifadəçi üzv olub. Kampaniyanın təşkilatçılarının əsas şüarı belədir: «Ölkəmizin ürəyi Bakıdakı ən kiçik iğtişaş Qarabağın itirilməsinə gətirib çıxara bilər!»

«11 Mart - Böyük Xalq Günü» qrupu isə planlaşdırılan aksiyaya 30 mindən çox istifadəçini dəvət edib. Martın 7-dək 2 min 886 nəfər virtual etiraz aksiyasında iştirak edəcəyini bildirib.

Ötən bazar günü Bakının mərkəzində 11 mart kampaniyasına dəvət vərəqələri paylanıb.

Yerli televiziyalardan bəzilərində isə sosial şəbəkələr əleyhinə təbliğat hələ 11 mart kampaniyasından əvvəl başlayıb. Vurğulanır ki, «Facebook» kimi sosial şəbəkələr daha çox gənclərin dünyagörüşünə mənfi təsir edir. Azərbaycana qarşı təxribat törətmək istəyənlər üçün də gənclərin arzuolunan hədəf sayılmasının mümkünlüyü bildirilir.

GƏLƏN «SELİN» QARŞISINI ALMAQ CƏHTİ

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu narahatlığın başadüşülən olduğunu bildirir. Hesab edir ki, bu, daha çox ərəb ölkələrində baş verən və indi də davam etməkdə olan inqilablarla bağlıdır. Amma Arif Əliyevə görə, mənfi tərəfləri olsa da belə texniki inkişafın qarşısını almaq mümkünsüz bir işdir:

«Bütövlükdə gələn «selin» qarşısını almaq və ya onun inkişafını dayandırmaq, bu inkişafa qarşı çıxmaq, mənə elə gəlir ki, mümkün deyil. Çünki bu inkişaf həddən artıq sürətli inkişafdır. Əgər belə bir istiqamət götürülübsə, mən bunu səhv hesab edirəm. Son ən yeni tarix də göstərir ki, bu cəhdlər qeyri-mümkün cəhdlərdir».

Arif Əliyev bildirir ki, əslində hakimiyyətin narahatlığı facebook kimi sosial şəbəkələrin qarşısını almaqla yox, ölkədə narazılıq və narahatlıqları törədən səbəblərlə bağlı olmalıdır.

QAPALI CƏMİYYƏTLƏTƏ XAS OLAN ƏNDİŞƏ

Hüquqşünas Erkin Qədirli isə hesab edir ki, əslində sosial şəbəkələrdən ehtiyatlanmaq, sosial şəbəkələrdə gedən proseslərdən əndişələnmək qapalı cəmiyyətlə xas olan bir əlamətdir:

«Məsələ şəbəkədə deyil, sistemin içində olan fürsətlərin qapalılığındadır. Sosial şəbəkələr olmadığı vaxtlarda guya etirazlar yox idi. Mahiyyətçə heç bir şey dəyişməyib, sadəcə əlavə bir fürsətdir. Sosial şəbəkələri qapatmaqla məsələ həll olunası deyil, əksinə bu daha da təhlükəli hal ala bilər».

Erkin Qədirliyə görə, ərəb ölkələrində fəallığı sosial şəbəkələr vasitəsi ilə gücləndirmək mümkün olduğundan hakimiyyət də narahatdır ki, belə bir hal Azərbaycanda da ola bilər.

«HAKİMİYYƏTİN HANSISA NARAHATLIĞINI GÖRMƏMİŞƏM»

Amma hakimiyyətyönlü Ana Vətən partiyasının sədr müavini, deputat Zahid Oruc sosial şəbəkələrlə bağlı hakimiyyətdə narahatlığın olması fikrini bölüşmür.
«İnanın ki, hakimiyyətdə bununla bağlı bir narahatlıq, hansısa qabaqlayıcı bir tədbir, plan hiss eləməmişəm və görməmişəm».

Zahid Oruc sosial şəbəkələr vasitəsilə hər hansı siyasi dəyişikliyə ümid bəsləyənlərin də ciddi yanıldığını düşünür.

NAZİR DƏ NARAHATLIĞA ƏSAS GÖRMÜR

Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov da sosial şəbəkələr sarıdan narahatlığa əsas görmür. Bir müddət öncə ANS televiziyasına müsahibəsində nazir deyib ki, gənclər sosial şəbəkələrdə öz fikirlərini yayır, öz mübarizələrini aparırlar və demək olar ki, hələlik dünyanın çox yerində buna toxunulmur. Əli Abbasova görə, Azərbaycanda internet sarıdan böyük bir təhlükənin baş verməsi ehtimalı sıfıra bərabərdir.

NARAHATÇILIĞIN SƏBƏBİ

Almaniyada mühacirətdə olan azərbaycanlı fəal Həbib Müntəzir isə hesab edir ki, əslində sosial şəbəkələri narazılıqlara sövq edən, onları hakimiyyətlərə qarşı qaldıran elə siyasi rejimlərin özüdür. Həbib Müntəzirə görə, əgər Avropa ölkələrində olduğu kimi insanlara söz azadlığı, sərbəst toplaşma azadlığı verilərsə, insanlar sosial şəbəkələrə meydan kimi baxmazlar.

«Sən əgər dövlət olaraq özünə güvənirsənsə, sən əgər islahatları səmimi qəbul edirsənsə, belə məsələlərdən qorxmaq lazım deyil. Demək sən öz siyasətində qeyri-səmimisən ki, bu kimi məsələlərdən narahatsan, bu kimi məsələlərə güc sərf edirsən, lazımsız taktikalara əl atırsan».

Həbib Müntəzirə görə, elə bu kimi yersiz müdaxilələr, yersiz narahatlıqlardır ki, virtual olaraq başlanan hərəkatların reallığa çevrilməsinə, inqilablarla sonunclanmasına səbəb olur.
XS
SM
MD
LG