Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:11

«Uşaqlarıma Azərbaycan vətəndaşlığı ala bilmirəm»


«Bütün sənədlərimi verdim Miqrasiyaya ki, uşaqlarımın vətəndaşlıq mənsubiyyətini müəyyən etsinlər və onun da əsasında uşaqlarıma Azərbaycan vətəndaşlığı alım».

«OLMAZ!» DEYƏN RƏSMİ İNSTANSİYALAR SƏBƏBİNİ İZAH ETMİRLƏR

45 yaşlı Hüseyn Quliyev özü Azərbaycan, yoldaşı isə Rusiya vətəndaşıdır. Amma neçə müddətdir ki, uşaqlarına Azərbaycan vətəndaşlığı ala bilmir. Deyir ki, 2007-ci ildən bütün sənədləri Miqrasiya Xidmətinə təqdim etsə də, bu günə qədər müsbət nəticə yoxdur.

H.Quliyev Miqrasiya Xidmətinin qərarından sonra məhkəməyə də müraciət edib, lakin 2 məhkəmə instansiyası Mirqasiya Xidmətinin xeyrinə qərar çıxarıb.

Hüseyn Quliyev şikayət edir ki, çıxarılan qərarların səbəbini hələ də başa düşmür.

KONSTİTUSİYA HÜSEYN QULİYEVİN TƏRƏFİNDƏDİR

Azərbaycan Respublikası Konstitusiyasının 52-ci-Vətəndaşlıq huququ maddəsində konkret göstərilir ki, valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

«Azərbaycan Miqrasiya Mərkəzi» İctimai Birliyinin sədri Əlövsət Əliyev deyir ki, elə bu məsələ Azərbaycan Konstitusiyasında aydın şəkildə qeyd olunduğundan Hüseyn Quliyevin Miqrasiya Xidmətinə müraciət etməsinə ehtiyac yoxdur:

«O, Miqrasiya Xidmətinə müraciət etməməlidir, sadəcə özü və həyat yoldaşı əcnəbi olduğuna görə razılıq ərizəsi yazmalıdılar. Bu ərizə verilməlidir şəxsiyyət vəsiqəsi və qeydiyyat orqanına, həmin orqanlar da uşaqları şəxsiyyət vəsiqəsi ilə təmin eləməlidirlər».

MİQRASİYA XİDMƏTİ KONSTİTUSİYADAN ÜSTÜNDÜR

Hüseyn Quliyev
Amma Hüseyn Quliyev deyir ki, o həmin orqanlara müraciət edəndə cavab verirlər ki, Miqrasiya Xidmətinin razılığı olmadan ona sənəd verə bilməzlər.

«İtin vəsiqəsi də var, pasportu da, amma...»

Əlövsət Əliyev deyir Hüseyn Quliyev Azərbaycanda bu kimi problemlərlə üzləşən yeganə şəxs deyil. Onun sözlərinə görə, hazırda Azərbaycanda yaşayan 30 mindən çox adam heç cür şəxsiyyətini təsdiq edən sənəd ala bilmir:

«Şəxsiyyət vəsiqələrini verən səlahiyyətli dövlət orqanlarının bəzi rəhbərlərinin evində bəlkə 15 iti var. Hamısının atası da bəlli, anası da bəlli. Həmin itlərin şəxsiyyət vəsiqəsi də var, pasportu da var. Belə çıxır ki, Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi verməli olan dövlət orqanları Azərbaycan vətəndaşlarını öz itlərindən də aşağı tuturlar. Yəni bunu başqa cür düşünmək mümkün deyil. Dünyanın heç bir ölkəsində fiziki şəxsin sənədsiz yaşaması qaydası nəzərdə tutulmayıb».

VƏTƏNDAŞLIQ ALA BİLMƏYƏNLƏR KİMLƏRDİR?

Onun sözlərinə görə, vətəndaşlıq ala bilməyənlərin sırasına 1988-ci il hadisələrindən sonra Ermənistanı tərk edib başqa ölkəyə gedən və bir müddətdən sonra Azərbaycana qayıdanlar da daxildir.

Gürcüstandan həmişəlik Azərbaycana gələnlərin, sənədsiz və ya etibarsız sənədlərlə yaşayan şəxslərin uşaqları da var ki, Azərbaycan vətəndaşlığı ala bilmirlər.

HÖKUMƏT XƏRC ÇƏKİB VƏSİQƏ ÇAP ETDİRİR, LAKİN HEÇ KİMƏ VERMİR?

Əlövsət Əliyev deyir ki, əgər vətəndaşlığı olmayan şəxslərə vəsiqələr verilməyəcəkdisə onda tender keçirib xarici ölkədə vəsiqələr hazırlanmasına külli miqdarda pul xərcləmək nəyə lazım idi?

Onun sözlərinə görə, vətəndaşlığı olmayan şəxslərin pasport və şəxsiyyət vəsiqələrinin (vətəndaşlığı olmayan adamların şəxsiyyətini ölkə daxilində və xaricində təsdiq edən sənəd) çap olunması ilə bağlı tender keçirilib, qalib gələn şirkətə pul ödənilib, həmin sənədlər çap olunub Azərbaycana gətirilib, amma indi Miqrasiya Xidməti deyir ki, biz vətəndaşlığı olmayan şəxslərə vəsiqələr vermirik.

İMMİQRASİYA İLƏ BAĞLI CİDDİ PROBLEMLƏR

Daxili İşlər Nazirliyində vəsiqələrin hazırlanması ilə bağlı deyilən məsələlərə hər hansı reaksiya verə bilməyəcəklərini dedilər. Nazirliyin mətbuat xidmətində bunu daha çox Dövlət Miqrasiya Xidmətinə aid bir məsələ sayırlar.

Bundan başqa Əlövsət Əliyev immiqrasiya ilə bağlı da Azərbaycanda ciddi problemlərin olduğunu bildirir.

«Əcnəbi gəlməlidir Azərbaycana, əvvəlcə bir il yaşamalıdır, sonra bir də gəlməlidir, daha bir il yaşamalıdır. O gün Mərkəzə İrandan olan bir ailə gəlmişdi, deyir “iki ildi Azərbaycanda yaşayıram müraciət edirəm immiqrant statusu almağa deyirlər ki, vermirik”. Deyir “mən İranda evimi, eşiyimi, bütün əmlakımı satıb gəlmişəm bura ki immiqrant statusu alım, çıxıb gedim xaricə, statusu vermirlər, deyirlər çıx get İrana”. Bu siyasət deyil. Bu insanları aldatmaq, əmlakını əlindən alıb talamaqdan başqa bir şey deyil».

XİN ƏMƏKDAŞI HESAB EDİR Kİ, BU PROBLEM OLMAMALIDIR

Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin əməkdaşı Əli Qarayev də bu məsələdə diqqətli olmağın vacibliyini bildirir. Onun sözlərinə görə, əgər bu gün Azərbaycanın problemlərini dünyaya çatdırmaq üçün xarici ölkələrdə yaşayan Azərbaycan diasporunun gücündən istifadə etmək istəyiriksə, onların övladlarına şəxsiyyət vəsiqəsi vermək problemi olmamalıdır:

«Biz əgər ona sənəd verə bilmiriksə, onun vətəndaşlığını sübut edib, Azərbaycana məxsusluğunu sübut edə bilmiriksə, biz Ermənistanın təcavüzü ilə bağlı ondan öz təbliğatımızda necə istifadə edə bilərik?»

MİQRASİYA XİDMƏTİ MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRMƏYİ VƏD EDİR

Dövlət Miqrasiya Xidməti isə səslənən fikirlərə və indiyə qədər görülən işlərlə bağlı bütün məsələlərə yaxın vaxtlarda keçirəcəyi tədbirdə aydınlıq gətirəcəyini vəd edir. Bunu AzadlıqRadiosuna Xidmətin idarə rəisinin müavini Zərnişan Əhmədova deyib. O bildirib ki, Əlövsət Əliyevin və digər şəxslərin səsləndirdiyi fikirlər onların şəxsi fikirləridir və xidmət həmin şəxslərə hər hansı bir cavab vermək fikrində deyil.

VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏR İSƏ...

Əlövsət Əliyev isə deyir ki, əgər onların qaldırdığı bu məsələyə rəsmi qurumlar müsbət reaksiya verməsələr onlar Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin qarşısında vətəndaşlığı olmayan və sənədsiz yaşayanların aksiyalarını təşkil edəcəklər.
XS
SM
MD
LG