Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:53

«Prezident birmənalı işarə vurdu ki, indiyədək hamınız rüşvət almısınız»


HANSI QAPINI DÖYÜRSƏN, RÜŞVƏT UMURLAR

Nardaran sakini İslaməli Əliyev deyir ki, yaşadığı ev-eşik sovet dönəmində keçmiş bağlar idarəsinin balansında olub. İndi bağlar idarəsi yoxdur, qanunla əmlak onun adına sənədləşməlidir, ancaq pulsuzluqdan bunu edə bilmir. Deyir ki, hansı qapını döyürsə, rüşvət umurlar.

Maştağa sakini Tahir Poladovsa deyir ki, bir əmlakı sənədləşdirmək üçün adam Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə o qədər get-gəl edir ki, axırda bezir, əmlakını özəlləşdirməkdən vaz keçir:

«Mən indi bir qohumumun əmlakının sənədlərini düzəldirəm, ancaq çox get-gəl var. Aparıb sənədi verirsən, deyirlər 1 ay gözlə, 1 ay tamam olur, gedirsən sənədi almağa, onda da deyirlər get indi də başqa sənəd gətir. O qədər gedib-gəlirsən ki, axırda peşman olursan bu işə girişməyə».

Tahir Poladov deyir ki, sənədləri rüşvətsiz əldə etmək istədiyinə görə ondan özəlləşdirməyə aidiyyəti olmayan sənədlər tələb olunur. Bu lazımsız sənədləri toplamaq üçünsə aylarla vaxt itirir.

«DEDİ, SƏNƏDİ VERİRƏM, PULU SONRA GƏTİRƏRSƏN»


Maştağa sakini Sona Bağırova isə 9 ay əvvəl vəfat etmiş ərindən ona miras qalan əmlakı öz adına keçirə bilmir.

«Yoldaşımın 7 mərasimindən sonra düşmüşəm sənədləri toplamağa. Dedilər 6 aya düzəltməsən, sonra çətin olacaq, baha başa gələcək».

Ancaq Sona Bağırova idarə qapılarını döyəndə ona məlum olum olub ki, istər tez, istər gec, sənəd düzəltmək hər iki halda baha başa gəlir.

«Ora gedirəm bura yollayırlar, bura gedirəm ora yollayırlar. Açıq-aşkar bilinir ki, əgər qəbz vermirlərsə, bu pul əlavə istənilir. Ağladım, yalvardım ki, imkanım yoxdur. Oğlan dedi sənədi verərəm sənə, ancaq sonra pulu gətirərsən».

Martın 9-da prezident İlham Əliyev bakı Şəhər İcra hakimiyyətində keçirdiyi müşavirədə daşınmaz əmlakların (həm də qanunsuz tikililərin) sənədləşdirilməsində adamlara yaradılan əngəlləri pisləyib. Bakı şəhər icra hakimiyyəti başçısına tapşırıq verib ki, bu əngəllərin aradan qaldırılması üçün tezliklə mexanizm hazırlansın.

Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov əmlakların sənədləşdirilməsində yaranan problemi belə əsaslandırır: «Bəzən elə olur ki, təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə cavab vermir. Yəqin ki, elə bir mexanizm işlənib hazırlanacaq ki, vətəndaşlar razı qalsınlar».

«SƏNƏDLƏŞDİRMƏ ƏMLAK BAZARINA MÜSBƏT TƏSİR EDƏCƏK»

Qulu Xəlilov deyir ki, qanunsuz tikilmiş mülklərin sənədləşdirilməsi mexanizmi hazırlanandan sonra, Dövlət Əmlak Komitəsi də buna uyğun hərəkət edəcək.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyir ki, bu günə qədər də ölkə ərazisində qanunsuz tikililərin inventarlaşdırılması prosesi getməyib. Ona görə də qanunsuz tikililərin sayı haqqında dəqiq rəqəm söyləmək çətindir. Ekspert deyir ki, onların təqribi hesablamalarına görə, təkcə Abşeron ərazisində 70 minə yaxın qanunsuz tikili var.

Ekspert hesab edir ki, qanunsuz tikililərin sənədləşdirilməsi əmlak bazarının aktivləşməsinə də müsbət təsir göstərəcək: «Torpaq bazarı ən bahalı və ən riskli bazardır. Bazarda dövr edən torpaq sahələrinin böyük əksəriyyətinin sənədi ya ümumiyyətlə, ya da qismən qanuni deyil.
Alqı-satqı prosesində əsasən sənədləşmə problemləri yaşanır. Hesab edirəm ki, sənədləşmələr bu sahədə risklərin azaldılmasına müsbət təsirini göstərəcək».

«ƏMLAKLARIN HAMISINI SƏNƏDLƏŞDİRMƏK MÜMKÜN OLMAYACAQ»


Vəkil Aslan İsmayılov isə hesab edir ki, adamların qanuni ev tikə bilməmələri, onlardan tikdikləri evin qiymətinə bərabər məbləğdə rüşvətlər istənilməsi ilə bağlıdır. «Prezident birmənalı işarə vurdu ki, indiyədək hamınız rüşvət almısınız, indi bu özəlləşmələri rüşvətsiz həll edin».

Vəkilin sözlərinə görə, qanunsuz tikililərin heç də hamısını sənədləşdirmək mümkün olmayacaq: «Elə evlər var ki, elektrik dirəyi evin damından bayıra çıxır. Bu evi heç cür özəlləşdirmək olmaz, belə evlər sökülməlidir».

Aslan İsmayılov deyir ki, özəlləşdirilmədə sadə üsullar işlənib hazırlanmalıdır: “Məsələn bir qrup yaradılır, gəlir evə baxış keçirir. Bu evin altından strateji xətlər keçmirsə, memar həmin evlərin real vəziyyətinin eskiz layihəsini hazırlayır, bu layihə təsdiq olunur, adama reyestr xidmətindən çıxarış verilir”.

Amma vəkil əmlak sənədləşdirilmələrində rüşvətin ləğv olunmasını müvəqqəti kampaniya hesab edir. Düşünür ki, bir müddət sonra bu sahədə yenə də köhnə hamam və köhnə tas öz yerini alacaq.
XS
SM
MD
LG