Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:21

XXI əsrin çıldağı


«Neçə gündür özünü halsız hiss edir, dedim bəlkə nədənsə qorxub? Ona görə bura gətirdim».
Bakının Maştağa qəsəbəsinin sakini Səkinə xanım «yüngüllük» üçün tez-tez 13 yaşlı qızını çıldağa gətirdiyini deyir.

QEYD:
Çıldaq-türkəçarənin bir növüdür. Lap qədimdən qorxuluğu götürmək məqsədilə çıldaqdan istifadə ediblər. Çıldaq zamanı parçanı yandırıb bədənin müəyyən nöqtələrinə – boyun nahiyəsinə, bilək, topuq, dirsək, diz qapaqlarına, onurğanın qurtaracaq hissəsinə vururlar. Ənənəvi üsuldan başqa, çıldaqçıların hərəsinin öz üsulları da olur: bəziləri çıldağı etdikdən sonra qurğuşunu əridib baş üzərində bir neçə dəfə hərləyir, eləsi də olur ki, nəzər damarını (kürəyini) möhkəmcə ovxalayırlar.

NAZİRLƏR, DEPUTATLAR, MÜƏLLİMLƏR...

Çıldaqçı Rəfiqə Bağırova artıq 50 ildir çıldaqla məşğul olduğunu deyir:

«1960-cı ildən möcüzəli bir yuxu gördükdən sonra bu işlə məşğul oluram. Bu günə kimi təkcə Azərbaycandan deyil, xarici ölkələrdən də yanıma gələnlər var. Dünən yanıma Sibirdən 1 nəfər gəlmişdi. Gələnlərin arasında nazirlər, deputatlar, müəllimlər, hətta həkimlər də var. Bərk qorxanlar 3 gün ardıcıl gəlməlidir. Həftənin günlərindən asılı olmayaraq gəlirlər. Mən qorxuluğu yalnız çıldaq ilə çıxarıram. Yanan parçanı insanın müəyyən hissələrinə-bəndlərinə vururam».

Rəfiqə xala onu da xatırlayır ki, 2000-ci ildə Azərbaycanda baş verən güclü zəlzələdən sonra evinin qarşısında növbə yaranıb.

«QORXU PİRİ» VƏ YA «SƏKKİZ QAPI»

Çıldaqdan çıxıb Maştağada «Səkkiz qapı», «Qorxu piri» adları ilə tanınan «Aqil Baba» türbəsinə üz tutduq. Buranı da ziyarət edənlər var idi.

40 yaşlı Bakı sakini Nəzakət Salayeva tez-tez bu cür ziyarət yerlərinə gəldiyini söyləyir:

«Atamın ölümündən sonra özümü çox halsız hiss edirdim. Bunun səbəbini qorxuluqla bağladığım üçün bura gəlmişəm. Bu yerin və çıldağın inancları ta qədimlərə söykəndiyi üçün bu günə kimi sınaqdan keçirilmişdir. Biz də inanıb gəlirik. Xeyrini də görürük».

Bu pirdə 8 tağlı türbə var. Bələdçi qadın gələnlərə izah edir ki, hər tağın içindən sağ ayaqla daxil olub sol ayaqla çıxmaq lazımdır. Sonuncudan çıxan zaman qəflətən tağın üstündəki dəmir lövhənin üstünə dəmir parçası vurulur:

«Qorxuluğu qorxuluqla çıxarmaq lazımdır. Mən bura gələndə ilk vaxtlar qorxuluğu götürmək üçün butulka sındırırdılar. Amma görürdüm ki, bu təhlükəlidir. Mən onu dəmir ilə əvəz etdim».

«Aqil Baba» türbəsinin rəisi (şeyxi) Hacı Seyid Məhəmməd deyir ki, «Səkkiz qapı» deyilən yer- Seyid Kamil Ağanın qızı Pəri xanımın qəbridir:

«Ağır xəstələr arasında bura gəlib şəfa tapanlar olub. Elə xəstəliklər var ki, həkimlər onu sağalda bilmir. Elm və təbabət var, elm və əxlaq var. Mən cavan vaxtımda ağır xəstəliyə tutuldum, ayaqlarım keyidi. Həkimlər mənim dərdimə əlac tapa bilmirdilər. Hətta 3-cü qrup əlilliyi də verdilər. Amma mən bura gəldim, burada mənə məsləhət gördülər ki, əvvəlcə «Səkkiz qapıdan» keç, sonra çıldağa get. Mən Rəfiqə xanımın yanına getdim. O, məni çıldaq etdi. Bir gecənin içərisində ayaqlarım açıldı»

İSLAM DİNİNDƏ ÇILDAQ

İlahiyyatçı ekspert Elşad Miri çıldaq və digər bu tip əməlləri Allaha şərik qoşmağa aparan yol hesab edir:

«İslam dinində var ki, hər hansı bir məsələ olanda həkimə müraciət etmək və onun yazdığı müalicəyə əməl etmək lazımdır».

ÇILDAQ NÖQTƏLƏRİ

Psixoloq Dəyanət Rzayev isə çıldağın əks effektləri ehtimalının olduğunu söyləyir. Onun sözlərinə görə, psixoterapiyadakı «Emosional stress terapiya»da daha çox elmi yanaşma üsulu var. Çıldaqda da həmin sistemdən heç bir elmi əsası olmadan istifadə edirlər:

«Çıldaq qədimdən gələn bir şeydir, o zaman psixoterapevtlər, psixiatrlar yox idi. Çıldaq dərin effekt vermir. Qorxuluq insanın daxilində qalır, bir müddət yaxşılaşsa da, həmin müddət keçdikdən sonra yenidən özündə əvvəlki halları hiss edirlər. Mən isə müasir dövrdə ən pis halda nevropatoloqa müraciət etməyi məsləhət görərdim. Amerikanı götürsək, bu hallarda psixioanalitklərə, psixoloqlara müraciət edirlər. Amma Azərbaycanda psixoterapiya hələ o dərəcədə inkişaf etməyib. Qədim vaxtlarda çıldaq edənlər psixoterapevtlər hesab olunsa da, çıldaq primitiv bir üsuldur. İnsanda əks- təsir də verə bilər. Çıldaq özü də bir stressdir. Elə insan var ki, çıldaq onda qorxunu daha çox şiddətləndirə bilər».

Psixoloqun fikrincə, çıldaqçılar özlərinə bəraət qazandırmaq üçün yalandan çıldaq nöqtələrini uydurublar.

REFLEKS TERAPİYANIN ERKƏN NAİLİYYƏTİ

Tibb elmləri doktoru, professor Adil Qeybulla çıldağı türkəçarənin ən effektiv vasitələrindən hesab edir:

«Çıldaq hələ qədimdən tətbiq olunan müalicə üsullarından biridir. Bu, türkəçarə müalicə üsulu sayılır. Türkəçarə böyük elmi əsası olan qədim türk təbabətidir. Bu, xalq təbabətinin sınaqdan keçmiş, təsdiq olunmuş, kifayət qədər elmi əsası olan xeyli müalicə üsullarını özündə cəmləşdirən təbabətdir, hansı ki, bu gün unudulub, təhrif olunub, nailiyyətləri başqaları tərəfindən mənimsənilib. Çıldaq refleks terapiyadır. Bu gün Çində iynə batırma üsulu var, hansı ki, o da refleks terapiyaya əsaslanıb. Çıldağın tarixi isə iynə batırmanın tarixindən daha qədimdir, bu da kifayət qədər geniş öyrənilməli, təhlil olunmalı, onun nailiyyətlərindən geniş istifadə olunmalıdır. Zəli ilə müalicə üsulundan da çıldağın əsaslandığı refleks terapiyadan istifadə olunur».

Adil Qeybulla hesab edir ki, çıldaq dərindən öyrənilsə, dünya tibbinin nailiyyəti ola bilər. O, eyni zamanda bildirir ki, çıldaq düzgün aparılmayanda əks effekti ola bilər, çıldaqçının təcrübəsindən çox şey asılıdır.

Adil Qeybulla çıldaq prosesində stressi stresslə çıxarmaq üsulunun təsirinin olduğunu təsdiq etsə də, bunu əsas rol hesab etmir. O, hesab edir ki, bu prosesdə əsas arqument ayrı-ayrı bioloji aktiv nöqtələrə təsir edərək daxili vegetativ reaksiyalar əmələ gətirməkdir.
XS
SM
MD
LG