Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:34

Qoyun-quzu ilə bir evdə


Üfunət qoxuyan evdə yaşamağa davam edirlər
Qoyun-quzu mələşməsi eşidirik. Ancaq bura mal-qara damı deyil. Hacıkəndin «Dostluq» düşərgəsində yaşayan, Kəlbəcərdən məcburi köçkün düşmüş Süleymanovlar ailəsinin evidir.

SEL EVİ DƏ APARDI, MAL-QARANI DA

Ailə başçısı Xanım Süleymanova deyir ki, ötən ilin mayında Hacıkəndi yuyan sel onların evindən yan keçməyib. Həmçinin, 80 xırda buynuzlu mal-qarasını da aparıb. Amma indiyədək nə onların evlərini təmir edən, nə də ona dəymiş ziyanı ödəyən olub:

«Fövqəladə halların nümayəndələri gəlib yazdılar ki, ödəniləcək. Amma heç nə ödəyən olmadı. Bu günədək heç nə verilməyib bizə. Kreditlə almışdım mal-qaranı, özüm də ödədim. Dövlət tərəfindən heç bir yardım edilmədi. Kəlbəcər rayon İcra Hakimiyyəti, şəhər İcra Hakimiyyəti, «Qaçqınkom» bildi, amma heç bir tədbir görülmədi. Ombudsmana müraciət yazdıq, Elmira Süleymanovaya. Heç bir nəticə yoxdur».

Xanım Süleymanovanın ailəsi yay aylarında evlərinin təmir ediləcəyi ümidi ilə Qızıl Xaç-Aypara Cəmiyyətinin verdiyi çadıra sığınıb. Amma ....

«KREDİTLƏ EVİ TƏMİR ETMİŞƏM»

«Çadırda yaşamışam, oktyabr ayının 10-dək. Amma heç nə edən olmayıb. Qış idi, orda yaşaya bilmədiyim üçün kredit götürüb bankdan, evi təmir edib yığışmışam. Yaz gəlir, təhlükəlidir yenə. Sel olacaq, bir qəsəbə tikib bizi köçürsünlər. Dam örtüyümüz dağılmışdı. İndi də bərbad vəziyyətdədir. Yağan yağışların hamısı içəridədir».

6 nəfərlik ailədə 2 azyaşlı böyüyür. Amma Xanım Süleymanova dolanışıqlarını təmin etmək üçün yenidən kreditlə aldığı mal-qaranı evində saxlamağa məcburdur. 2-otaqlı evin bir otağında 18 baş qoyun, quzu saxlanılır.
Xanım Süleymanova
Digərində isə 6 adam yaşayır.

DÜŞƏRGƏDƏ YAŞAYANLAR

«Dostluq» düşərgəsində, sakinlərin deməsinə görə, 600-ə yaxın sakin, 200-dən çox ailə var. Hər il fövqəl hadisədən zərər görmüş evlərin yalnız bir neçəsi yaşayışa yararlıdır. Köhnə taxtalara və dirəklərə söykənəcəkli evlər sanki uçub dağılmaq üçün baş verəcək yeni hadisəni gözləyir.

Düşərgədə yaşayan təxminən 58 yaşlarında bir hacıkəndli qadın isə bunları deyir:

«İnəyimiz öldü, nə varsa sel apardı. Qızım ordan - buradan əşyalar gətirdi evimizə. Demişdilər hər şey verəcəyik, heç nə də vermədilər. Yaxşı tikmədikləri uçur tökülür böyürləri. Şiferi gödək vurublar, içəri tökülür yağış. Həm də sel gələn yerdə tikildi, yenə gələcək. Qorxuruq».

Cəbrayılova Əminə:

- Sel aparıb mal, heyvanımı, damı. Ev tikiblər, amma adam yaşaya bilmir.

- Dam örtüyü yoxdur?

- Yox, tikmədilər. Pəncərəsi, qapısının başı açıq qalıb. Yağış yağanda evə tökülür.

Hacıkənd mavi yanacaqla təmin edilməyib. Hələ də yamaclarından qar çəkilməyən Hacıkənd meşələrindən odun qırmağa qoyulan qadağa məcburi köçkünlərin vəziyyətini lap ağırlaşdırır:

2-otaqlı ev
«Qaz yoxdur, qızdırıcı ümidinə qalmışıq. İşıq olmasa, soyuqda qalırıq. Görək işıq nə vaxt yanacaq. Yemək hazırlayaq, çay isidək».

519 AİLƏ KÖÇÜRÜLƏCƏK


Gəncə şəhər İcra Hakimiyyətinin Göygöl rayonu üzrə İcra nümayəndəsi Hümbət Hüseynov deyir ki, evi uçmuş sakinlər üçün yenisi tikilib. Keyfiyyətə gəldikdə, icra nümayəndəsi bildirdi ki, Hacıkənddə məskunlaşmış bütün sakinlər 2012-ci ildə Göygöldə məcburi köçkünlər üçün tikilən qəsəbəyə köçürüləcəklər:

«Hacıkənd qəsəbəsində nə qədər sakin varsa, hamısı - 519 ailə köçürüləcək. Kəlbəcərlilər üçün Göygöl rayonunda, Xocalıdan olanlar üçün Goranboyda tikilir».

Hümbət Hüseynov etiraf edir ki, sellə axıb məhv olmuş mal-qaraya görə də vəsait ödənilməyib.

Süleymanovlar ailəsi isə bir gün yeni qəsəbələrinə köçmək ümidi ilə qonşu otaqdakı mal-qaranın səsinə yuxudan oyanıb, üfunət qoxuyan evdə yaşamağa davam edirlər.
XS
SM
MD
LG