Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:42

Nuridə Atəşi. Yeni şeirlər

















SAÇLARIMI DİBİNDƏN KƏSƏCƏYƏM

Bircə dəfə qoxladın saçlarımı,
Min dəfə yumuşam o gündən.
Yuyub ata bilmirəm nəfəsini, qoxunu!
Ya dur gəl,
Ya da saçlarımı dibindən kəsəcəyəm!


QADINLIĞIMIN DƏNİZİ

Sən soyunub dənizə girincə,
Mələklər qanadlarına alıb göylərə uçurur məni.
Və mən yerlə əbədi vidalaşıram.

Sən içimdə, göy üstümdə
Buludların üstündə, ulduzların altında,
Sən içimdə, göy üstümdə.
İşim yox artıq yerlə.

Sən dənizə,
o müdhiş dənizə girincə,
Xumar baxışlarından bütün çiçəklər açır.
Bu cəhənnəm dünya gülüstana çevrilir,
Ətrindən bihuş düşürəm qollarının arasına.

Sən dənizin dibinə varınca,
Səni bir damla kimi çəkirəm
Qadınlığımın balıqqulağına.
Əbədi bir həzz və həsrətlə gözləyirəm,
Bir mirvari olub çıxacağını.

Sən coşub-daşmaqda olan fırtınanın üstündə çırpındıqca,
Mən dənizin altından bir vulkan tək titrəyərək,
Püskürürəm alovlu atəşimi dənizin sonsuz göylərinə...

Sən çırıl-çıplaq qadınlığımın sahilsiz,
dibsiz dərinliklərinə baş vururkən,
atəşimdən nəfəsin kəsilməkdə,
Dəli bir coşğu, bütün utancaqlıq sərhədlərini aşır,
Dağıdıb sökür sahilləri.
Atəşli bir sevginin gurlayan seli basır dünyanı,
Buraxırıq dəli selin başını...

Alışıb yanan dodaqlarım,
Bütün bildiyim dillərdə,
ən çılğın,
ən atəşli eşq kəlmələrini haykırır qulaqlarına...

Sən nərildəyən şir kimi,
Mən qaranlıq tuneldən qəfil çıxan sürətli qatar kimi,
Bir anda dişiliyimin içindən keçərək,
Çalxalanan dənizi coşdurub – daşırırıq,
İçimizdən aşıb - daşan selimizlə...
Bütün sahilləri bir dəli eşqin seli basır…
Və atır hərəmizi halsız, bihuş sahilin bir tayına….
Göylərdən yıxılıram....


BIR DƏLI ARZU

Nə diləsən dilə,
Nə istəsən istə,
Dünyanın bütün arzularını yerinə yetirərdim sənin üçün.

Sən də bir arzumu yerinə yetirsəydin,
cəmi bir kərə.

Səndən bir arzum var
Qəribə bir arzu
Cəmi bircə arzu,
Çılğınca bir arzu
Istəyirsənmi deyim?
Yerinə yetirəcəkmisən?
Məcbur deyilsən əgər istəməsən.

Nə diləsən dilə, nə istəsən istə
Bütün arzularını bir anda yerinə yetirərdim.
Əgər sən də mənə həyatımda bircə dəfə
bir arzumu yerinə yetirmək istəsən, qoy deyim sənə,
Bax deyirəm haaa: Bir gecə mənim ol!
Yalnız bir gecə qoy sənin olum!

Sənə yaxın gəlmədən,
toxunmadan
qoy sənin yanında qalım.
Yalnız səninlə bir otaqda qalım.

Otur divanında həmişəki kimi
Sanki mən orda deyiləm.
Qoy sakitcə yerdə oturub məsum körpə kimi seyr edim səni.
Məhəl qoyma mənə
Işində ol həmişəki kimi.
Unut mənim otaqda olduğumu.

Heç nə söyləmərəm
Heç nə sormaram,
Heç nə istəmərəm,
Qoy sadəcə sənin yanında qalım.
əgər yorulsan get yatmağa
“Gecən xeyirə qalsın öpüşü” gözləmərəm heç
Lazım deyil,
Çox sag ol
Get, gecən xeyirə qalsın!

Qoy bir yanı üstə yatağının kənarında oturum
Nəfəs çəkmədən seyr edim səni.
Necə nəfəs aldığını,
Necə uyuduğunu
Qoy bütün gecə həsrət çayının kənarında
susuzluqdan ölüm, sularına dilimi uzatmadan.

Yox, sənin qollarında yatmaq istəmirəm heç!
Amma nələr edərdim sənlə bu gecə,
şeytanın da ağlına gəlməyənləri!

Sənə necə göstərədim qafqaz amazonlarının nələr bacardığını
Göstərədim sənə vəhşi dağlarda necə sevişirlər.
Necə göstərərdim sənə,
min bir gecə nağıllarındakı şərqli sevişməsini

Necə göstərərdim qərbə
Şərgdə bir erkəyi necə xöşbət edərlər
Hətta bir gecəlik də olsa.

Bu bir arzudur
Bilirəm, çılğın bir arzu
istəməsən yerinə yetirmə heç.

Qoy şərqin gənc qızı,
od qızı, covğun qızı bütün gecə alışıb yansın yanında
tənha otağında, bir addımlığında...

Ürəyinin buz adalarında əbədi məşəl kimi
qoy onun alovları oxşasın buz duyğularını.
Qoy isti göz yaşları ürəyinin buz qayalarına axsın.

Bəlkə bir gecəlik də olsa əriyə ürəyinin buzlaqları
Yalnız bir gecəlik də olsa
Sabah səhər yenə buz dövrü bürüsün qoy
lənət gəlmiş bütün dünyanı.

Əgər bircə gecəlik o buz dağı yumşalıb
od qızına qovuşmaq istəsə, mane olma nolur.

Yalnız bir gecəlik
Yoxsa onun atəşi külə döndərər dünyanı
Qoy bir gecəlik
Soyutsun atəşini,həsrətini.
Yalnız bir gecəlik

Bu bir arzu idi
Çılğın bir arzu, dəli bir arzu,bilirəm.
Mən sənin bütün arzularını yerinə yetirərdim
Nə diləsən. Nə istəsən.

Bəlkə sən də bir dəfə,
bir arzumu yerinə yetirmək istəsən
Onda bil ki, səndən bir arzum var:
Bir gecə mənim ol!


PAYIZ...

Payız...
Bütün çiçəklər təbiətin qoynunda saralıb-solur.
Mən,
Yeni bir eşqin qollarında təzə-tər açılıram.


BAHAR

Bahar...
Bütün çiçəklər təbiətin qoynunda təzə tər açılır
Mən tənha qadınlığımın qollarında ümidsiz saralıb-soluram.


BİR ŞƏHƏRDƏ İKİ QADIN SEVİR SƏNİ

Bir şəhərdə iki qadın sevir səni.
Mən çoxdan, o təzəlikcə.
Mən, sakit, susqun, uzaqdan.
O, məktublar yazır yorulmadan,
Zənglər edir çəkinmədən
Bir şəhərdə iki qadın sevir səni.

Mənim həsrətim, səbrim, dözümüm,
Onun məktubları, dəvətləri, arzuları, vədləri
Sənə qovuşmaq şəhvəti,
Çəkib gətirdi səni nəhayət şəhərimizə...

Gəldin bir şəhərdə iki qadının görüşünə.
Bir gecəlik.
Bir gecə, iki qadın.
İki sevən qadın.
Hər ikimizə vəd etmişdin gecəni.
Bir şəhərdə iki qadın sevirdi səni.

Qərarsız idin.
Bilmirdin kimin yanına gedəcəyini.
Bilmirdin bu gecə kimin olmaq istədiyini.
Bu lənətə gəlmiş nəhəng, qərib şəhərdə
İki lənətə gəlmiş dəli qadın sevirdi səni.
Nə edəcəkdin ki?

Mən susurdum.
Səni daha çox sevsəm də,
Daha çoxdan sevsəm də
Bəlkə də daha çox arzulasam da,
Yalvarmırdım, gəl, deyə.
Ağlayıb-sızlamadan gözləyirdim səbrlə.

O isə min zənglə, min şirin dillə,
Min naz - qəmzə ilə çəkirdi səni özünə,
Ovlayırdı qəlbini.

Ən ətirli sabunlarla çimdim, yıxandım,
Uzun, qara saçlarıma ətirlər səpdim.
Ən gözəl, ən təzə donumu geydim,
Saatlarla ayna qabağında səninçün bəzəndim, süsləndim…

Bütün günü iki qadının arasında,
İki ürəyin, iki sevginin, iki küçənin arasında döyükdün,
Nəhayət qərar verdin:
Onun yanına!

Mənə verdiyin min bir ümidi, vədi unudaraq,
Min bir həsrtli gecələrimi, xəyallarımı uçuraraq.

Bütün gecəni onun saçlarını qoxladın, öpdün, oxşadın.
Uzun, qara saçlarım boynuma kəndir kimi dolanıb,
Qısqanclığın məngənəsində məni boğurkən,
Onu gözlərinə gülümsədin, baxdın...
Ax, gözlərimin yanında nə qədər günaha batdın.
Mənim nisgilli gözlərim
Sözündən dönən vəfasizın xilafından
Yastığıma qan tökürkən,
Ən gözəl eşq sözlərini onun qulaqlarına pıçıldadın
O sözləri ki,
Nəhayət, bu gecə mən sənin qulaqlarına pıçıldayacaqdım.
Mənim dodaqlarım,
Qısqanclığın buzlağında donarkən,
yağışın altında islanan yetim cücə kimi titrərkən
Onun atəşli dodaqlarına can verdin.
Sabahacan Kəbə qəndi kimi sorub, ısırdın.

Nəhayət min il qədər uzun gecə keçib getdi.

Sən çoxdan şəhərimizi tərk etmisən.
Bəlkə o qadını bir daha görməyəcəksən.
Bəlkə də onu tezliklə unudacaqsan.
O da səni...

Bəlkə də bir zaman bu nəhəng, qərib şəhərimizə
Bir daha uzaqlardan gələcəksən.
Yəqin düşünəcəksən:
Bu şəhərdə iki qadın sevirdi səni.

Hara gedəcəyini bilməsən,
Bu qərib, nəhəng şəhərdə nə edəcəyini bilməsən,
O zaman bil ki, bu şəhərdə
Bir qadın hələ də sevir səni...


OVÇU, MƏNİMSƏN BU GECƏ!

Qovub-qobub tutdun axır,
Ovçu, səninəm bu gecə.
Çıxar oxların, can yaxır,
Ovçu, səninəm bu gecə.

Ovçu ovundan qorxmaz,
Ovlayıb da durub baxmaz,
Ovçu ovundan qaçmaz,
Ovçu, səninəm bu gecə.

Saldın tələyə, açarsan,
Oxların bitdi, naçarsan,
Düşünmə, əldən qaçarsan,
Ovçu, mənimsən bu gecə!

Mart 2011, Berlin
Şeirlərin orijinalı alman dilindədir.
XS
SM
MD
LG