Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:00

Daşqına görə 100 manatlıq kompensasiya


Sabirabad, 8 may 2010
Sabirabad, 8 may 2010
Ötən il Kür daşqınları zamanı əkin sahələrində itirilmiş məhsula görə Sabirabadın Muğangəncəli kəndinin sakinlərinə kompensasiyaların ödənilməsinə başlanıb. Kənd sakini 75 yaşlı Zülfi Nağıyevin 3.5 hektar əkin (çöl torpağı), 25 sot həyətyanı sahəsi bir neçə ay əvvəl komissiya tərəfindən yoxlanılıb, ziyan çəkmiş kimi qeydiyyata alınıb. Martın 20-də ona dəymiş ziyan müqabilində yüz manat vəsait ödənilib. Zülfi Nağıyev deyir ki, yüz manat nəinki torpağa dəyən ziyanı, heç yüzlərlə meyvə ağacının itirdiyi məhsulun pulunu belə ödəmir:

«Bayramdan bir gün əvvəl gətirib, yüz manat pul veriblər. Poçt işçisindən soruşuram ki, bunu nəyə görə verirsiniz, deyir ki, mənim xəbərim yoxdur. Həyətim pis gündə, bütün meyvə ağaclarım quruyub. Evimlə bəndin arası 30 metrdir. Bənddən də bəri kollektor gedir. Mən elə bil adadayam».

Zülfi Nağıyev deyir ki, 71 yaşlı arvadı ilə dəfələrlə Sabirabad İcra Hakimiyyətinə gedib, kənd nümayəndəliyinə müraciət edib. Onun vəziyyəti ilə «bu gün, sabah» deyə-deyə maraqlanmayıblar.

Muğangəncəli kəndinin digər sakinləri də hökumətin laqeydliyindən narazıdırlar. Deyirlər ki, gözdən pərdə asmaq üçün bayramdan bir neçə gün əvvəl onlara 100-200 yüz manat pul veriblər. Ancaq hətta bu məbləğ də beş ailəyə verəndə, biri yaddan çıxıb.

«BUNUNLA YARAMIZ SAĞALMAZ»


- «Martın 22-də gəliblər, özüm də evdə olmamışam, atamgilə iki yüz manat pul veriblər. Təkcə bağımızda iki yüz nar ağacı, ərik, şaftalı, yaxşı gilas ağaclarımız var idi, hamısı yanıb. Gətirib mənə cəmi iki yüz manat pul veriblər. Bununla heç bir yara sağalmaz. Prezidentin bizim üçün ayırdığı pullar, kompensasiyalar nəyə görə,
Kompensasiyalar su basmış ərazilərdə əkin sahələrində batmış məhsula görə ödənilir
vətəndaşlara verilməsin?!»

«ALIRSAN AL, ALMIRSAN, XOŞ GETDİN»

- «Bir həftə bundan əvvəl bizə yüz manat kompensasiya veriblər. Biz zəhmətkeşlər soruşuruq ki, nəyə görə verirsiniz bu yüz manatı bizə? Açıqlamırlar, deyirlər ki, alırsan al, almırsan, xoş getdin. Çox kobud rəftar olunur. Soruşuruq «bəs mənə niyə kompensasiya verilməyib?» cavab verirlər ki, «yaddan çıxıb».

- «Bir həftə olar, kompensasiya verirlər. Amma bizə hələ də verilməyib. Getmişik icra nümayəndəsinin yanına, deyir ki, sizin adınız ikinci siyahıdır, veriləcək».

Sakinlər deyirlər ki, kompensasiya alanda, ad və soyadlarının qarşısında ödənilən məbləğin qeyd olunduğu bir kağıza imza atıblar. Ancaq kağızda kompensasiyanın nə üçün verildiyi və s. məlumatlar olmayıb.

Muğangəncəli kəndinin icra nümayəndəsinin müavini Kamal Salmanov isə sakinlərlə razılaşmır. Deyir ki, hər kəsə kompensasiya ödənilən zaman onlara ətraflı məlumat verilib:

«AŞAĞISI YÜZ, YUXARISI MİN»

«Nazirlər Kabinetinin sərəncamına əsasən, aşağı hədd yüz manat, yuxarı hədd min manat məbləğində kompensasiyalar müəyyənləşdirilib. Kompensasiyalar su basmış ərazilərdə əkin sahələrində batmış məhsula görə ödənilir».

Oqtay Gülalıyev
K. Salmanov deyir ki, kompensasiyalar torpaq sahəsinin ölçüsünə görə müəyyənləşdirilir. O ki qaldı kompensasiya ala bilməyən sakinlərə, o, bildirir ki, komissiyanın rəyi ilə kompensasiya ödənilməsi nəzərdə tutulan ailələrə verilir.

PROBLEM YARADAN KOMPENSASİYA


«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev deyir ki, kompensasiyaların verilməsi zamanı tək Muğangəncəli kəndində problem yaranmayıb:

«Digər bölgələrdə də insanlara verilən kompensasiyaların həcmi dəyən ziyana adekvat deyil. Digər tərəfdən, kompensasiyaların nəyə görə verildiyi, yəni təyinatı, metodologiyası göstərilməyib. Eyni zamanda, bu barədə aparılan sənədləşmə işləri təkmil deyil. Kompensasiyaların verilməsi Nazirlər Kabinetinin sərəncamına əsasən tənzimlənir. Bu sərəncamın özü ayrılan vəsaitin aidiyyəti və düzgün xərclənməsinə, Kür daşqınlarının nəticələrinin aradan qaldırılması üçün tutarlı və təkmil deyil. Hətta sərəncamda göstərilən vəsaitlər belə insanlara çatdırılmır».

PREZİDENTƏ MƏKTUB


Oqtay Gülalıyev martın 15-də prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehtiyevə, Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə Kür daşqınlarından ziyan çəkmiş bölgələrdə apardığı 9 aylıq monitorinqin nəticələrinə dair məktub göndərib. Məktubda vəsaitlərin təyinatı üzrə xərclənməməsi, kompensasiyaların düzgün hesablanmaması, korrupsiya hallarına yol verildiyini göstərib. Hələlik onun məktubu cavablandırılmayıb.

Kür daşqınlarının nəticələrinin aradan qaldırılması üçün prezidentin təşəbbüsü ilə 300 milyon manat vəsait ayrılıb.
XS
SM
MD
LG