Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:23

Bakıdan Dunyaya verilən vədlər


Dunya Miyatoviç
Dunya Miyatoviç


ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycana dörd günlük səfərinin yekunları ilə bağlı mayın 13-də keçirdiyi mətbuat konfransında bildirdi ki, Azərbaycana prezident İlham Əliyevin dəvəti ilə gəlib:

- Keçən il Astana sammiti zamanı İlham Əliyevlə görüşdüm. O məni Azərbaycana dəvət etdi. Bu dəvətə görə mən ona minnətdarlığımı bildirmək istəyərdim. Burda məni çox mehribanlıqla qarşıladılar.

«İlham Əlİyev dedİ kİ, Azərbaycanda İnternet azaddir»

Azərbaycanın ATƏT-i öz təşkilatı kimi qəbul etdiyi, bu qurumla işləmək istədiyi üçün də prezidentə təşəkkür edən Dunya Miyatoviç İlham Əliyevlə görüşdüyünü və onunla ölkədə media azadlığı ilə bağlı mövcud problemləri müzakirə etdiyini bildirdi:

- İlham Əliyevin internetin Azərbaycanda azad fəaliyyət göstərəcəyi fikrini eşidəndə çox sevindim. Təəssüf ki, bütün üzv ölkələrdə eyni münasibəti biz müşahidə etmirik. Amma biz hökumətlərin kiber-terrorçuluqla bağlı mübarizəsini də məhdudlaşdırmaq istəmirik.

Xarici işlər naziri Elmar Məmmədyarovla, Daxili İşlər naziri Ramil Usubovla da görüşən Dunya Miyatoviç deyir ki, bu görüşlərdən sonra hökumətin onlarla işləmək istədiyinə onda əminlik yaranıb:

- Amma Azərbaycanda plüralizmin inkişaf etməsi üçün hökumət çox işlər görməlidir. Jurnalistlər təzyiqsiz, qorxu olmadan fəaliyyət göstərmək şəraitinə malik olmalıdır. Mən bu görüşlər zamanı gənclərin həbs olunmasını da müzakirə etdim və bildirdim ki, gənclərin yeni mediadan geniş istifadə etməsinə şərait yaratmalıdır.

Dunya Miyatoviç həbsdə olan jurnalist Eynulla Fətullayevlə də görüşüb. Onun

Azerbaijan - Journalist Eynulla Fatullayevs trial in the Baku Appeal Court - 25Jan2011

sözlərinə görə, məhbus jurnalist yüksək-əhval ruhiyyədə olub:

- Mən həbsxananın rəhbərliyi ilə də görüşdüm. Onlarla danışıqlar zamanı həbsxana rəhbərliyi bildirdi ki, Eynulla Fətullayevin təhlükəsizliyi prioritet məsələdir.

«...dərhal dünya İctİmaİyyətİnə müracİət edəcəm»

ATƏT nümayəndəsi hakimiyyət təmsilçiləri ilə görüş zamanı vədlər aldığını söylədi və dedi ki, əgər bunlar yerinə yetirilməsə, mətbuat azadlığı sahəsində vəziyyət yaxşılaşmasa, dərhal dünya ictimaiyyətinə müraciət edəcək.

AzadlıqRadiosunun “konkret hansı vədləri almısız?” sualına Dunya Myatoviçin cavabı belə oldu ki, o, gənc fəal Cabbar Savalanlının, Eynulla Fətullayevin azadlığa buraxılmasını və «Azadlıq» qəzetinin iki müxbirinə olan təqiblərlə bağlı ölçü götürülməsini gözləyir. Eyni zamanda diffamasiyanın dekriminallaşdırılıması ilə bağlı qanun layihəsinin parlamentdə tezliklə qəbul olunacağına da inanır.

Mİyatovİçə şİkayət

Dunya Miyatoviç Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə də görüşüb. Jurnalistlərdən biri onun Nuşirəvan Məhərrəmli ilə görüşünə toxunaraq bildirdi ki, onlar dəfələrlə cəhd göstərsələr də, sədrlə görüşə nail ola bilməyiblər. «Siz onunla görüş zamanı xarici radioların FM tezliyində yayımının bərpa olunması ilə bağlı müzakirə apardınızmı?» sualının cavabında Dunya Miyatoviç bildirdi ki, bu məsələnin müzakirəsi zamanı aldığı cavablar onu qane etməyib.

Nuşirəvan Məhrrəmli


Ancaq AzadlıqRadiosuna ekskluziv müsahibəsində Miyatoviç bildirib ki, «beynəlxalq kanalların yerli dalğada yayımı bərpa edilməlidir. Amma sizə heç bir təminat vermirəm. Bundan ötrü Azərbaycanda hansı proseslərin getdiyini görməliyəm. Hər bir ölkənin öz media nizamlama mexanizmi var. Ancaq onlar öz işlərini beynəlxalq standartlara uyğun qurmalıdırlar. Bu standartlar isə lisenziyaalrı şəffaf və qərəzsiz verilməsini tələb edir».

ATƏT nümayəndəsi onu da əlavə elədi ki, Nuşirəvan Məhərrəmli ilə danışacaq ki, jurnalistlərə münasibətini dəyişsin:

- O, Şuranın sədri kimi bütün media nümayəndələri ilə, ictimaiyyətlə görüşməlidir. Siz yayım şurasının üzvü olaraq elə təsəvvür etməməlisiz ki, başqa planetdə yaşayırsız. Yayım Şurası öz işini yaxşılaşdırmaq üçün çox iş görməlidir. Hökumət Şuraya heç bir nəzarət etməməli, təzyiq göstərməməlidir. Şuranın müstəqil maliyyə mənbəyi, aydın prosedurları olmalıdır. Media azadlığı sahəsində gördüyüm problemlərdən biri də medianın tənzimlənməsidir. Mən Yayım Şurasının işini yaxından izləyəcəm.

Dunya Miyatoviç deyir ki, mətbuat azadlığı ilə bağlı ölkədə görülməli işlər çoxdur və ölkəsinə qayıdan kimi səfəri ilə bağlı daha geniş qiymətləndirmə aparacaq. O, qiymətləndirməsi ilə bağlı hökumətə geniş məktub yazacağını deyir.

XS
SM
MD
LG