Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:32

«Qaçqınkom»un qəbul otağında


Arxiv şəkil
Arxiv şəkil

- 6 aydır bura gəlib gedirəm.

- Neyləməlidir səninçün?

- Neyləməlidir? Maraqlanmalıdır ki, görüm mənim köçkünüm işləyirmi, çörək tapıb yeyirmi, yoxsa acından ölür?

- Acından ölürəm, bura da hər gələndə gedib qonşudan 20 qəpik borc alıb gəlirəm.

- Niyə məşğulluq mərkəzinə müraciət etmirsiz?

- Köçkünün yiyəsi Əli müəllimdir.

«BİR DƏFƏ QƏBULDA OLMUSAN»

Mayın 16-sı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə gələnlər sədr Əli Həsənovun qəbuluna düşmək üçün gözləyirdilər. Ağdam köçkünü Eyvaz Abbasov tələb edirdi ki, onu aşağı vəzifəlilər yox, şəxsən komitənin sədri Əli Həsənov qəbul etsin. Komitə işçiləri isə deyirdilər ki, sən bir dəfə sədrin yanında olubsan, ikinci dəfə yaza bilmərik. Uzaqbaşı sədrin 1-ci müavini ilə görüşə bilərsən.

Eyvaz Abbasov isə deyir ki, bir neçə ay əvvəl Əli Həsənov onu qəbul etsə də qanunsuz işdən çıxarılması problemi həllini tapmayıb. Bildirməsinə görə, neçə aydır ki, yenidən komitə sədrinə dərdini demək istəyir. Deyir qalmışam «Qaçqınkom»la Nazirlər Kabineti arasında.

Hər ayın 1-i Nazirlər Kabinetində, 15-i isə «Qaçqınkom»da Əli Həsənovun qəbul günləridir. Eyvaz Abbasovun sözlərinə görə, bu iki qurumun hansına gedirsə qəbula düşə bilmir ki, bilmir:

Eyvaz Abbasov
«CAVAN OĞLANLAR QƏBUL EDİRLƏR, ÖZÜ QƏBUL ETSƏ DƏRDİMİZİ DEYƏRDİK»


«Ayın 1-də getmişəm Nazirlər Kabinetinə Əli müəllimin yanına, bir cavan oğlan məni qəbul edib. Heç bilmədim kim idi, bu cavan oğlanlar nə bilir ac köçkünün dərdini, yenə imkan olsa, Əli müəllimin özünə dərdimizi deyərik, heç olmasa bir çarə qılar, kömək edər».

AzadlıqRadiosunun əməkdaşının qəbul şöbəsindən reportaj hazırlamaq istədiyini görən komitə işçiləri mətbuat xidmətinin rəhbəri Sənan Hüseynovu çağırdılar. Sənan Hüseynov dedi ki, hər ayın 15-i Komitədə vətəndaşların qəbulu günüdür. Hər dəfə komitə sədri 40-50 nəfəri dinləyir:

«Əli Həsənov bir vətəndaşı bir probleminə görə bir dəfə qəbul edir. İndi də Əli müəllimin müavini vətəndaşları qəbul edir. Girsin, sözünü desin».

«KİM MÜSAHİBƏ VERSƏ, O QƏBULA DÜŞMƏYƏCƏK»

Qəbul otağı
Qəbul otağında xeyli adam yığışmışdı. Qəbulun hansı səviyyədə keçirilməsi ilə bağlı adamları danışdırmağımız isə baş tutmadı.

Şöbədən uzaqlaşarkən arxamca qaça-qaça gələn orta yaşlı bir kişi bildirdi ki, siz mətbuat xidmətinin rəhbəri ilə küçədə danışarkən bizə «kim müsahibə versə o qəbula düşməyəcək» dedilər. Adının çəkilməsinin istəməyən həmin şəxsin sözlərinə görə, 4 aydır gəlib-getsə də onu sədr qəbul etmir. Hər dəfə deyirlər ki, problemini 1-ci müavinə de. Onun isə problemi birbaşa sədrlikdir.

Qəbul otağında isə deməsinə görə, məhz bu gün qəbul ediləcəyinə ümid etdiyindən danışmaq istəməyib.

«QANUNLA LİMİT MÜƏYYƏN OLUNMAYIB»

Vəkil Namizəd Səfərov deyir ki, vətəndaşların hər hansı qurumun birinci vəzifəli şəxsi ilə görüşməsində qanunla limit müəyyən olunmayıb. Adamların problem həllini tapana qədər birinci vəzifəli şəxslə görüşmək hüququ var:

Namizəd Səfərov
«Hər hansı bir problem üçün, hətta eyni problem üçün Əli Həsənov vətəndaşı bir daha qəbul edə bilməz söhbəti yoxdur. Onların özlərinin qaydası ola bilər. Görürlər ki, məsələ həllini tapmır, vətəndaş da bunlardan əl çəkmir. Hesab edir ki, onun məsələsinə düzgün baxılmayıb, ona görə də gəlir. Əgər onun problemi müsbət həll olunsaydı, gəlməzdi».

Namizəd Səfərov deyir ki, idarələrdəki bu daxili qaydalar qanunsuzdur.

Vəkilin sözlərinə görə, belə halda vətəndaşların vəzifəli şəxslərin hərəkətindən məhkəməyə müraciət etmək hüquqları var.

Reportaj hazırlanarkən köçkün Eyvaz Abbasov AzadlıqRadiosuna zəng edib dedi ki, onu nəinki komitə sədri, heç komitənin başqa əməkdaşları da qəbul etməyiblər. Səbəb kimi də onun müsahibə verməsi göstərilib.
XS
SM
MD
LG