Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:52

2500-3000 manata «Azərbaycan nağılları»


Miniatür qalereyasının yaradılması bir qrup rəssamın ideyasıdır
Miniatür qalereyasının yaradılması bir qrup rəssamın ideyasıdır
AZƏRBAYCANIN KODU: XALÇA, MUĞAM, MİNİATÜR...

Xocalı prospekti 40. Xətai Miniatür Sənəti Qalereyası. Yeni qalereyanın açılışıdır.

Burda nə yoxdur ki: «Azərbaycan nağılları», «Min bir gecə», «Cavad xan», «Xurşid Banu Natəvan», «Müsəlman zabitləri», «Yuxu», «Yaz axşamı», «Günlərin bir günü», «Rəqs»... Divardan asılmış rənglər dünyası...

Qalereyanın bədii rəhbəri, xalq rəssamı Arif Hüseynovdur. Miniatür qalereyasının yaradılması isə bir qrup rəssamın ideyasıdır: Rafis İsmayılov, Altay Hacıyev, Nüsrət Hacıyev, Orxan Hüseynov və həm də Arif Hüseynovun.

Arif Hüseynov deyir ki, dünya qloballaşır və bu qloballaşmada Azərbaycan özünü - mədəniyyətini itirə bilər. Ona görə də miniatür sənətini təkcə yaşatmaq yox, həm də inkişaf etdirmək gərəkdir:

«Azərbaycan xalqının mədəni doktrinası deyəndə, xalça, muğam, bir də miniatür yada düşür... Bu üçü bizim kodumuzdur. Bununla dünyada tanınırıq. Bu o demək deyil ki, 16-cı əsrin miniatürünü olduğu kimi göstərək, ənənəvi miniatür çəkək. Bizim məqsədimiz bu sənəti inkişaf etdirməkdir. Rəssamlıq elementlərindən, rənglərdən, xətlərin müqayisəsindən, kompozisiyalar quraşdırılmasından indiki dünya təsviri sənətinə çıxan əsərlər yaratmaq. Bu sərgi də bir addımdır».

Arif Hüseynov Miniatür Qalereyasının «Xətai» adlandırılmasını da izah edir. Rəssam deyir ki, miniatür sənəti Azərbaycan dövlətçiliyində müstəsna yeri olan Şah İsmayıl Xətai zamanında çiçəklənib. Bir də... yeni qalereya Xətai rayonunda yerləşir...

Qalereyada sərgilənən əsərlər həm də satışa çıxarılıb
«MƏN ÇAŞIB QALMIŞAM»

Qalereyada sərgilənən əsərlər həm də satışa çıxarılıb. O cümlədən qalereyaya gələnlərin diqqətini çəkən, bir az doğma, bir az sehrli, bir az qorxulu, bir az da şən və sevgi dolu «Azərbaycan nağılları».

Arif Hüseynov:

«Biz bunları sandığa yığmırıq ki... Hər rəssamın öz qiyməti var. Hərə öz qiymətini qoyub. «Azərbaycan nağılları»nı il yarımdır çəkmişəm. O, Mədəniyyət və Turizm Nazirliyinin layihəsidir. 30 nağıl ingilis dilində çap olunacaq. Bu rəsmlər orijinaldır. Qiyməti 2500-3000 manata qədərdir».

Qalereyanın açılışında kimlər yoxdur ki: rəssamlar, musiqiçilər, kinoşünaslar, tənqidçilər, bir sözlə sənət xiridarları.

Kinoşünas Aydın Kazımzadə heyrətini gizlətmir:

«Mən çaşıb qalmışam ey, çaşıb qalmışam. Burda nə qədər əsər var. Hər rəssamın da öz dəsti-xətti. Rəngarənglik çoxdur, doymaq olmur. Biz dayanmışıq Altay Hacıyevin əsərinin qabağında - Natəvanın rəsmidir. Trilogiyadır. Ya da Rafis İsmayılovun əsərləri. O, kino rəssamıdır. Elə gözəl çəkib ki... Rəngarənglik çoxdur. Çörəkdən doymaq olar, amma bu sərgidən yox...»

Yolunuz düşsə, siz də baxın
Tamaşaçı Mirzə Talıbov:

«Gözəl sərgidir. Mən şadam ki, belə gözəl qalereya açılıb...»

BEŞ BOĞÇADA SAXLANACAQ MİNİATÜRLƏR

Bir az da sizə boğçadan danışacam. Bu boğçalara Azərbaycanın milli miniatür sənəti toplanmalıdır. Aydınlaşdırım.

Mədəniyyət və Turizm Nazirliyi miniatür sənətinin inkişafı və təbliği ilə bağlı 5 illik proqram hazırlayıb. Bu proqramda Milli Miniatür Mərkəzinin tikilməsi də nəzərdə tutulur.

Xətai Miniatür Sənət Qalereyasının yaradıcıları bu mərkəzin layihəsini memar Hacıəmi Atakişiyevin hazırlamasını istəyiblər. O da Miniatür Mərkəzini beş boğça şəklində cızıb. Yandakı qalereyaları isə qədim türk çadırları kimi...

Memar qalereyanın girəcəyində qoyulmuş planşetə yaxınlaşıb, layihəsindən danışır:

«Damda görünən həmin boğçaların vizual görünüşüdür. Onun üzəri ilə su axacaq və işıqlanacaq. Damda isə miniatür teatr yerləşəcək. Miniatür sənəti ilə bağlı səhnələr olacaq. İkinci qatda klassik və modern miniatür əsərlər yerləşəcək. Bağçada miniatür rəsmlərdə gördüyümüz personajlar olacaq».

Qalereya rəhbərliyi layihəni yaxın günlərdə Mədəniyyət və Turizm Nazirliyinə təqdim edəcək.

Yolunuz düşsə, siz də baxın. Həm «boğça» şəkilli layihəyə, həm də əsərlərə. Satışda olan bu rəsmləri görməyə dəyər...
XS
SM
MD
LG