Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:13

2 min km məsafəni velosipedlə gedən İstiqlal mücahidi kim olub?


Zakir Sadatlı
Ötən ay proqramımızda «Qanun» nəşriyyatının Əziz Alpoudun «Həyatımın hekayətləri» kitabını çap etməsi xəbərini vermişdik. Bu sayımızda həmin kitabın daha dərin izinə düşməyə qərar verdik. Yarım əsr öncə yazılmış bu maraqlı əlyazmanı üzə çıxaran, Türkiyə türkcəsindən dilimizə uyğunlaşdıran, tərtibçi və ön sözün müəllifi Zakir Sadatlı «İz»in qonağıdır.

--Zakir bəy, heç bilmirəm nədən başlayım? Əziz Alpoud kimdir—sualını verim, yoxsa bu əlyazmanı necə tapdığınızı soruşum?

--Elə hər ikisi olar... İstəyirsiniz Əziz Alpoud kimdir—sualından başlayaq. Əziz Alpoud bu şəxsin əsl adı deyil. Əsl adı Mir Əbdüləziz Seyiddir. Mühacirətə gedəndən sonra bu adı götürüb.

BİR MƏKTUBUN İZİ İLƏ

--Doğulduğu kəndin adını özünə soyad götürüb Əziz bəy?

--Bəli, haqlısınız. Azərbaycanda bu adda xeyli yurd yeri var. Qazaxda, Şamaxıda, Ucarda, Qarabağ ərazisində, hətta Azərbaycanın cənubunda Alpout adında kəndlər var. Qaldı mənim əlyazmanı necə tapmağıma, ilk dəfə onun adına 1998-ci ildə «Azadlıq yolunun mücahidləri» adlı sənədli filmi hazırlayarkən rast gəldim. Bir sıra arxivlərdə--Türkiyədə, Tiflisdə və s. işləyəndə isə bu adamın adına rastlaşmamışdım. Həmin il şəxsi arxivimdə sənədlərə baxarkən əlimə qəribə bir məktub düşdü. Məktub 1953-cü il martın 4-də Fransadan İstanbula yazılmışdı. Məktubu yazan Əkbərağa Şeyxülislamzadə onu Cahangir bəy Kazımbəyliyə ünvanlamışdı. Əkbərağa Azərbaycanın müstəqilliyinə imza atan 26 şəxsdən biridir. Polkovnik Cahangir bəy isə məşhur Gəncə üsyanının başçısı olub və məmləkətimizdə tanınmış isimlərdəndir. 8 səhifəlik məktub rus dilində yazılmışdı. O dövrün ictimai-siyasi xadimləriylə bağlı, mühacirət nümayəndələriylə əlaqəli çox maraqlı məsələlər var idi. Orada bir yerdə Əziz Alpoudun da adı çəkilirdi.

NƏHƏNG SİYASƏTÇİ, BÖYÜK MİLLƏTÇİ, AZADLIQ AŞİQİ...

Məktubda Əkbərağa onu çox yüksək qiymətləndirirdi. Nəhəng siyasətçi, böyük millətçi, azadlıq aşiqi kimi. Mən bu sahə üzrə mütəxəssislərə müraciət etdim və məlum oldu ki, onu tanıyan yoxdur. Düz 10 il mən bu adamın izini tapa bilmədim. 2008-ci ildə türkdilli dövlətlər arasında keçirilən ədəbiyyat müsabiqəsinin Azərbaycan üzrə qalibi oldum və məni Ankaraya dəvət etdilər. Görüşlərin birində Şərqdə ilk demokratik Cümhuriyyətin Azərbaycanda yarandığını vurğuladım. Söhbətdə iştirak edən Türkiyənin tanınmış isimlərindən biri Əziz Alpoudun adını çəkdi. Və həmin adamın vasitəsilə mən Əziz Alpoudun izinə düşdüm.

--Belə çıxır, hər şey təsadüfi olub...

--Elədir. Amma deyirlər təsadüflər olmasaydı, tarix cansıxıcı olardı...Təsadüf, ya zərurət, şükürlər olsun ki, bu əlyazma tapıldı və mən onu öz dilimizə uyğunlaşdırıb çapa hazırladım.

-- «Hekayətlər» nə vaxt yazılıb?

--1961-ci ildə əlyazma şəklində yazılıb və indi 652 səhifəlik bir kitab olub. Güman edirəm ki, bu kitab Azərbaycan mühacirət ədəbiyyatının yeni bir səhifəsidir. Hələ yolun başlanğıcındayam.
Əziz Alpoud - 1940
Əziz Alpoudla bağlı yeni məlumatlar almışam, fotolarını əldə etmişəm. Məlum olub ki, Əziz Alpoudun dəriçiliyə aid elmi əsərləri var. Çünki bu sahədə də mütəxəssis olub. Hətta ömrünün sonuna yaxın Əziz bəy Türkiyədə məşhur rəssamlardan birinə çevrilibmiş.

--Lütfən, ardıcıllıqla Əziz bəy haqqında bizə bilgi verin. Alpoud nə vaxt, harada doğulmuşdu?

--Özü yazdığına görə, 1895-ci ildə anadan olub. Ata tərəfi VI imam Cəfəri Sadiqin şəcərəsindəndir. O dövrdə Şirvanda Seyfəddin ağa deyilən bir şəxsin övladıdır. Atası dövrün ziyalılarından, maarifpərvər insanlarından olub. Şamaxı zəlzələsindən sonra onun bütün nəsli qırılıb, Məhəmməd adında bir əmisi oğlu qalıb. Xüsusi təhsil alıb. Fars, ərəb, rus, türk dilini bilib. Ədliyyə sahəsində çalışıb. Maraqlı bir fakt. Ömər Faiq Nemanzadə onların ailəsinə yaxın olub. Xatirələrində qeyd edir ki, onun dizləri üstündə böyüyüb. Tiflisdə oğlanlar üçün liseydə təhsil alıb. 1-ci Dünya Savaşı dövründə Estoniyada Tartu Universitetinin tibb fakültəsinə qəbul olunub. Amma sonra xəstələnir və qardaşının məsləhəti ilə hüquq fakültəsinə dəyişdirilir. Fevral İnqilabı dönəmində orada yaranan tələbə hərəkatının rəhbəri də olur. Hətta yazdığına görə, 22 yaşında olarkən 10-11 gün müddətində Estoniyada ona Rabitə naziri vəzifəsini də tapşırırlar. Xarkovda təhsilini davam etdirir və Azərbaycana gəlir. Dövrün ictimai-siyasi xadimləri ilə--Məhəmməd Əmin Rəsulzadə ilə, Nəsib bəy Yusifbəyli ilə və digərləri ilə yaxından tanış olur, dostluq edir. Gənclər hərəkatının rəhbəri olur. Əziz Alpoud yazılarında Milli Ordumuzun yaranması haqqında maraqlı bilgi verir. Bu bilgilər yenidir. İlk ordu necə yaranıb, onu harada yerləşdiriblər, silahların sayına qədər təfsilatı ilə yazıb. Ordu Lənkərana necə gedib, iki rus hərbi hissəsini necə tərksilah edirlər. Sonrakı mərhələdə Əziz bəy Güneyə gedir, Mirzə Kiçik Xan hərəkatına qoşulur. Eyni zamanda İhsan Paşanın qoşunlarının Azərbaycana gəlməsində fəal iştirak edir. Azərbaycanda hakim kimi çalışır.

MART SOYQIRIMINDA SƏNGƏRDƏ OLUR VƏ YARALANIR

1918-ci il mart soyqırımı günlərində Əziz Alpoud Bakıda olur. Səngərlər harada qurulmuşdu, ermənilər haradan atırdılar, bizimkilər necə müqavimət göstərirdilər—hamısı təsvir olunub. Əziz bəy səngərdə olur, hətta yaralanır...

XI ORDUNUN BAKINI İŞĞAL ETMƏSİNİ DƏ GÖRÜR...

Əziz Alpoud bolşevik ordusunun Bakını işğal etməsini, işğal günü Azərbaycandakı vəziyyəti də təsvir edir. Təsəvvür edin, bir tərəfdə Azərbaycan hökuməti İtaliyadan gələn nümayəndə heyətinə banket verir, o biri tərəfdən də işğal ordusu yaxınlaşır... Bütün bunlar kitabda təfsilatıyla verilib. Əziz bəy general Murad Tlexasın adını çəkir. Onun parlamentdəki çıxışından misal gətirir: «Mənə imkan verin, səlahiyyət verin, bu çəyirtkə sürüsünü dənizə töküm»—deyən generalın sözünü xatırladır. XI Ordunun əlindəki silahdan tutmuş, geyiminə qədər təsvir edir, milli satqınlarımızın fəaliyyətini çatdırır.

BAKIDA ÜSYAN HAZIRLANIBMIŞ

Kitabda maraqlı bir məqam da 1921-ci ilin oktyabrında Bakıda hazırlanan bir qiyamın tarixçəsidir. Üsyan hazırlığı gedirmiş və Milli hökumət hakimiyyəti geri götürməliymiş. Üçlük sistemində qurulan hərəkatın başçısı Çəmbərəkəndli Həsən imiş. Araşdırmama görə, Həsən o dövrün generallarındanmış. Amma üsyan müəyyən səbəblər üzündən baş tutmur. Sən demə, o dövrdə hər şey bizim düşündüyümüz kimi rəvan getmirmiş, müqavimət varmış. Əziz Alpoud sərvətlərin məmləkətdən daşınmasını da təsvir edir... Bolşeviklərin Azərbaycanda törətdiyi tarixi cinayətlərin təsvirini oxuduqca, adamın damarında qanı donur...

ƏZİZ ALPOUD SİBİR YOLUNDA...

Əziz bəy İrandan Türkiyəyə 2 min km məsafəni velosipedlə getdi
1921-ci ildə Əziz bəyə ölüm hökmü kəsilir, Bayıl həbsxanasına salınır (özü Bayıl yox, Bayır yazır). Həbsxanada bir sıra adamlarla görüşür, eyni zamanda Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanovla. Onların hətta həbsdən qaçmaq planları da olur. Plan baş tutmur. Əziz bəyi Sibirə sürgün edirlər...

QALİNA XANIM...

Rostovda tanış olduğu bir xanım Əziz bəyə kömək etmək, onu Sibirdən qurtarmaq istəyir. Amma Alpoud razı olmur. Deyir ki, mənim yoldaşlarımın heç biri rus dilini bilmir, onları qoyub gedə bilmərəm. Xanım nə qədər israr edir, onu fikrindən döndərə bilmir...

ÇİÇERİNLƏ GÖRÜŞ...

Moskva həbsxanasında Əziz Alpoud Çiçerinlə tanış olur, onunla siyasi söhbətə girişir. Çiçerinin simpatiyasını qazanır. Hətta Moskvadan Tambova yolasalma vaxtı onların şərəfinə marş da oxuyurlar. Tambovda Əziz bəy Gəncə üsyanını yatıranlardan olan bir zabitlə tanış olur. Zabit bir xəncər göstərərək deyir ki, Azərbaycan qızları bununla bizə qarşı vuruşurdular və biz bu xəncərlə onların hamısının başını kəsdik... Əziz Alpoud Sibirə qədərki bütün yolu və Sibir həyatını dəqiqliyi ilə təsvir edir. İnsanların faciəsini təfərrüatıyla çatdırır.

SİBİRDƏN DÖNÜŞ

Əziz Alpoud Sibirdən canını qurtara bilir. Qardaşı Moskvadakı Azərbaycan nümayəndəliyindən saxta bir sənəd göndərir ki, bu adam nümayəndəliyə gəlməlidir. Məktub əsasında onu buraxırlar. Qayıdır Azərbaycana. Ağdaşda bostançılıq edir. Arada Bakıya gəlir və İrana keçir...

--Əziz Alpoud İranda nə qədər qalır?

--Onu Nağı bəy Şeyxzamanlı ilə hansı qohumluq əlaqəsi bağlayırdı?

-- Əziz bəy İrandan Türkiyəyə 2 min km. məsafəni niyə «yelatı»yla—velosipedlə getdi?

--Almaniyada hansı ixtisas üzrə oxumaq istədi?

--Təhsil pulunu ödəyə bilməyən qəhrəmanımız niyə Hitlerə məktub yazdı? Hitler nədən onu təhsil haqqından azad etdi?

--Türkiyədə Atatürklə əlaqələr quran Əziz bəyə böyük öndər hansı yardımda bulundu?

-- Alp Arslan Türkeşlə onu nə bağlayırdı? Əziz Alpoud MHP-yə niyə lider ola bilmədi?

--Əziz bəy «Hekayətlər»ində o dövrdə Türkiyədə və Avropada yaşayan mühacirətçilərdən nələr yazır?

--Ömrünün son illərini necə yaşadı?

--Əziz bəy gündəliklərdə üçrəngli bayrağın yenidən Milli Məclisin binasından dalğalanacağını nədən bu qədər inamla yazırdı?

--Onun övladlarının taleyindən xəbər tutmaq istəyirsinizmi?

--Bakıda onun 90 yaşlı qızının olduğunu desəm inanarsınızmı?

--Bəs Zakir Sadatlının «Hekayətlər»in yazıldığı il doğulduğunu bilirsinizmi?


Elə isə, «İz» proqramını bu səhifədən dinləyin.
XS
SM
MD
LG