Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:12

Gəncədə qaz konturu yükləyən terminallar niyə işləmir?


1 aydır Gəncədə qaz konturu yükləyən terminal aparatlar işləmir
1 aydır Gəncədə qaz konturu yükləyən terminal aparatlar işləmir
1 aya yaxındır ki, Gəncədə qaz konturu yükləyən terminal aparatlar işləmir.

Gəncə şəhər sakini Saleh Muradov deyir ki, həmin vaxtdan bu xidməti ancaq Gəncədə yerləşən «Kapitalbank» həyata keçirir. S. Muradov kimi bankda növbə gözləyən digər abonentlər də deyirlər ki, bank işçiləri heç kimə ödədiyi məbləğin çekini vermir. Adının çəkilməsini istəməyən bir abonent:

«ÇEK VERİLMƏDİ»

««Kapitalbank»a getmişdim, qazı yükləmək üçün. Bizim sayğac kartla işləyir. Xidmət göstərildi, amma onun müqabilində çek verilmədi. Mən də tələb etdim ki niyə çek vermirsiniz? Əməliyyatçılar dedilər ki, buna texniki imkanımız yoxdur. Dedim bəs niyə öhdənizə götürürsünüz? Dedilər ki, bizə də tapşırıq veriblər. Dövlətin qayda qanunu var ki, istənilən xidmətə görə çek tələb olunmalıdır. Bu, dövlətin büdcəsinə gedən vəsaitdir axı?».

Müzəffər adlı digər abonentin bildirməsinə görə isə, bank işçiləri ona deyiblər ki, çeki verməyə bilərlər:

«ÖZBAŞINALIQDIR»

«Kartı mənə qaytaranda, qız çek vermədi, yanımdakı adamlar da tələb edirdilər. Dedilər ki, verməsək də, əsas odur ki, pulunuz karta yüklənib, nə istəyirsiniz? Özbaşınalıqdır».

Abonentləri narahat edən digər məsələ terminalların fəaliyyətinin dayandırılması ilə növbələrdə itirdikləri vaxtdır:

«Terminal asan idi. 5 dəqiqə əməliyyat yerinə yetirilirdi. Ancaq sonuncu dəfə banka yüklədikdə, 45-50 dəqiqə vaxt itirdim. Mən başa düşə bilmirəm ki, terminalları niyə yığışdırıblar. Burda texniki nə problem ola bilər ki, o, əvvəllər işləyirdisə?».

Çek verilməməsi istehlakçının hüququnu pozur
«Kapitalbank»ın referenti Aygün Sultanova deyir ki, Gəncə şəhər Qaz İstismarı İdarəsi ilə kartlara ödənişlərin köçürülməsi haqda müqavilələri var:

«Bilmirik başqa yerlərdə olacaq ya yox, amma bizim müqaviləmiz var. Sistemdə müvəqqəti problem oldu deyə, 1-2 gün çek verə bilmədik. Amma indi verilir».

YAXIN VAXTLARDA TERMİNALLAR İSTİFADƏYƏ VERİLƏCƏK

Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəis müavini Şubay Nəsibov isə terminalların işləməməsini texniki problemlərlə izah edir. Yaxın vaxtlarda terminallar istifadəyə veriləcək. O ki qaldı çek verilməməsinə, Ş. Nəsibov deyir ki, buna mütləq əməl edilməlidir. Amma çeklərin verilməməsi barədə onlarda məlumat yoxdur.

12 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Azər Məmmədov da deyir ki, alqı-satqı olan hər bir sahədə çekin tələb edilməsi və verilməsi zəruridir. A. Məmmədov onu da əlavə edir ki, qaz istismarı idarəsi aldığı və satdığı yanacağın vergi ödənişini ümumilikdə edir. Onun deməsinə görə, vətəndaşlara çek verilməsə belə, vergi dövlətin balansına köçürülür.

İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Eyyub Hüseynov isə deyir ki, çek verilməməsi istehlakçının hüququnu pozur və abonentlər mütləq məhkəməyə müraciət etməlidirlər:

«KORRUPSİYAYA YOL AÇAN AMİLDİR»

«Başqa ölkələrdə müasir qurğuların qurulması istehlakçıya yaxşı xidmətlə nəticələnsə də, bizdə yenilik ancaq istehlakçı hüququnun pozulması ilə nəticələnir. Burada vətəndaşlara çek verməmək istehlakçı hüquqlarının pozulmasıdır. Mütləq korrupsiyaya yol açan amildir. Birliyə ərizə ilə müraciət etsələr, biz məhkəmə yolu ilə vəziyyəti dəyişməyə kömək edə bilərik».
XS
SM
MD
LG