Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:19

Bakı sakinlərini yerindən oynadan «Eurovision»


Dövlət Bayrağı Meydanı yaxınlığındakı bina
Dövlət Bayrağı Meydanı yaxınlığındakı bina
Dövlət Bayrağına qonşu olacaqlar deyə 4 il bu ərazidəki tikintinin toz-torpağına dözən bir qrup Bakı sakininin sevinci çox çəkməyib. Dövlət Bayrağı Meydanı salınar-salınmaz yaxınlıqda yaşayan 9 mərtəbəli binaların qapılarına köçürülməklə bağlı bildirişlər düzülür, özü də adsız, imzasız, möhürsüz bildirişlər.

Bina sakini Pərvaz Hacıyeva:

«Bizə deyirlər ki, çıxın evlərdən, biz sizə ev verəcəyik, siz o evlərə getməlisiz. Məcbur edirlər. Dəfələrlə bizə bildirişlər gətiriblər, nə bir imzası olub, nə də bir möhürü. Deyirlər ki, evləri tərk etməlisiz, əks təqdirdə polislə sizi burdan çıxaracayıq».

Minirə İsgəndərova:

«Bizə deyirlər ki, sizin bu evlər alınıb, biz sizə pul verməyəcəyik, sizə ancaq ev veririk. Deyirlər ki, siz bayrağa mane olursunuz».

«BAYRAĞINA HÖRMƏT EDƏN...»

Aqil Quliyev 5 ünvanındakı 9 mərtəbəli binada yaşayan sakinlər deyirlər ki, artıq 2 ildir ki, rahatlıqları pozulub. 2009-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları onlara hər kvadrat metrə görə 1500 manat pul təklif ediblər ki, sakinlər evlərini tərk etsinlər. Təklif olunan məbləğ bazar qiymətindən qat-qat aşağı olduğundan onlar buna razılıq verməyiblər. Bu ilin əvvəlindən isə sakinlərə artıq bir neçə dəfə verilən bildiriş vərəqələrində yazılır ki, bu ərazidə abadlıq və yaşıllaşdırma işlərinin aparılması ilə əlaqədar yaşayış sahələri köçürülür. Sakinlərə yalnız şəhərin mərkəzindən kənarda - 4 ünvanda yerləşən yeni tikili binalar arasında seçim etmək şansı verilir.

Natalya Əlibəyova
Natalya Əlibəyova:

«Əgər bayrağı burada tikiblərsə, deməli bura ən yaxşı yerdir də. Niyə hesab edirlər ki, biz axmağıq, deyirlər bizə ki, heç kimin almaq istəmədiyi evlərə çıxın gedin. Heç o evlərin sənədi də yoxdur. Biz o evləri istəmirik, gəlib evimi alırsansa, pulumu ver, çıxım gedim. Bayrağına hörmət edən onun altında yaşayan vətəndaşına da hörmət etməlidir. Biz başqa heç nə istəmirik, prezidentin, millət vəkillərinin özlərinin imzaladıqları konstitusiyaya əməl etmələrini istəyirik».

Minirə İsgəndərova:

«Neyləyirəm o evləri, gedib baxmışam. Divarı əyri, ən ucuz oboylar, əlüzyuyanlar, unitazlar – hər şey ən ucuz və keyfiyyətsizdir. Biz isə evlərimizə nə qədər pul qoyub təmir etdirmişik».

«EUROVİSİON»A PUL TAPAN HÖKUMƏTİN BİZƏ VERMƏYƏ NİYƏ PULU YOXDUR?!»

Bayraq Meydanı ətrafındakı bu binaların əksər sakinləri eyni fikirdə olsalar da, binalarda artıq boşaldılmış mənzillərə də rast gəlinir. Həyətdə isə Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşlarının oturduğu bir köşk var. Biz ərazidə olduğumuz vaxt ərzində həmin köşkdə bir kimsə olmasa da, sakinlərin dediyinə görə, iki nəfər ora təhkim olunub ki, camaatla danışıq aparsın. Yaxınlıqda isə geniş bir ərazi əhatəyə alınıb, tikinti işləri aparılır. Sakinlər deyirlər ki, 4 ilə yaxın vaxt ərzində rahatlıqlarını dövlət bayrağının tikintisi pozmuşdusa, indi də «Eurovision» mahnı müsabiqəsi onları yerlərindən oynadır:

Sökülən mənzillərdən biri
Nüşabə Məlikova: «Deyirlər ki, guya «Eurovision» üçün burada yer tikiləcək».

Natalya Əlibəyova: ««Eurovision» üçün o qədər pul ayırıblar. Bəs biz insan deyilik?! Necə olur ki, dövlətdə bu boyda tikinti üçün pul olur, amma bizə verməyə pul yoxdur».

Sakinlər deyirlər ki, onlara açıq-aydın bir söz deyilməsə də, Azərbaycan «Eurovision» mahnı müsabiqəsində qalib gələndən az sonra həm onların köçürülməsi məsələsi, həm də ərazidə gedən tikinti işləri intensivləşib. Prezident Aparatına, Heydər Əliyev Fonduna, Respublika Prokurorluğu və Bakı Şəhər İcra Hakimiyyətinə çoxsaylı müraciətləri isə hələ ki cavabsız qalır.

«EUROVİSİON» ÜÇÜN ARENA DÖVLƏT BAYRAĞI MEYDANI YAXINLIĞINDA TİKİLİR?

Nizaməttin Hace və Bayram Yıldırım
Dövlət Bayrağı Meydanı ətrafında sakinlərin gününü toz dumanına çevirən tikintini isə «AzVirt» MMC aparır. Ərazidə daha çox Türkiyədən gələn usta və fəhlələr çalışır. Tikintiyə rəhbərlik edən Bayram Yıldırımla söhbətdən məlum olur ki, burada yol salınır, yeraltı keçidlər tikilir, bir sözlə «Eurovision»a hazırlıq gedir:

«Layihədə 3 kilometr yol və 3 ədəd yeraltı keçid var. «Eurovision» üçün arena Bayraq dirəyinin o biri üzündə olacaq. Amma hələ ki orada işlərə başlanmayıb».

Söhbətə qoşulan iş icraçısı Nizaməttin Hace də deyir ki, məqsədləri «Eurovision»adək burada yol inşasını başa çatdırmaqdır. Ətrafdakı binalar da layihəyə düşdüyündən sökülməlidir, amma deyir ki, söküntü işlərinə onlar baxmırlar:

«Yol layihəsində çalışırıq. Prezidentin əmri ilə yolu salırıq. «Eurovision»adək yolu bitirməyə çalışırıq».

«Eurovision–2012» mahnı müsabiqəsinin keçirilməsi üzrə yaradılan Təşkilat Komitəsi isə hələ ki müsabiqənin keçiriləcəyi arenanın harada tikilməsi barədə məlumat vermir.

Tikintinin getdiyi Dövlət Bayrağı Meydanı ətrafında yaşayanların evlərindən köçürülməsinə gəlincə, Əmlak Məsələləri Dövlət Komitəsindən suallarımıza cavab verəcəklərinə vəd etsələr də gün ərzində komitədən şərh almaq mümkün olmadı. Sakinlər isə deyirlər ki, nəyin bahasına olursa olsun evlərini tərk etməyəcəklər, şikayətlərinə ölkə daxilində baxılmazsa xarici təşkilatlara, İnsan haqları üzrə Avropa Məhkəməsinə üz tutacaqlar.

HƏMÇİNİN OXU:

«Eurovision–2012»nin təşkilinə Mehriban Əliyeva rəhbərlik edəcək
«Eurovision»da birinci, Avropaya inteqrasiyada neçənciyik?
İlham Əliyev: «Qələbədən sonra çox gözəl anlar yaşadıq»
«Eurovision» qalibləri Bakıya döndülər
Gürcülər «Eurovision»u bağlayacaqlar
"Bu, hamımızın qələbəsidir" - VİDEO
Bakı sakinlərinin "Eurovision" sevinci
XS
SM
MD
LG