Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:00

Vidadi İsgəndərli: «Mənim üzümə ruhi xəstələri durğuzublar»


Vidadi İsgəndərli
Vidadi İsgəndərli
İyulun 20-də Göyçay rayon Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin məhkəməsi davam edib. Prosesə rayon məhkəməsinin sədri Elxan Süleymanov sədrlik edir.

«ANA, GƏLƏN DƏFƏ MƏHKƏMƏMƏ «QURAN» GƏTİR»

Məhkəmə iclası başlamazdan əvvəl Vidadi İsgəndərli üzünü zalda əyləşmiş bir qohumuna tutdu:

- Ana, sənə keçən dəfə demişdim bura gələndə, «Quran» gətir. Gətirmisən? Gətir o «Quran»ı, mən əl basacam ki, mənim heç bir günahım yoxdur. Ancaq bunlara da əl basdıracam, qoy desinlər ki, Vidadinin günahı var. Qaçacaqlar «Quran»dan.

Hakim zala daxil olub oturacaqların çoxunda polis işçilərinin oturduğunu görəndə, etiraz etdi:

- Bu nədir, bu qədər polis niyə yığılıb zala? Durun çıxın, ehtiyac yoxdur bu qədər polisin zalda oturmasına. Boş yerlərə qapı arxasında qalanları oturdun.

İşdə zərərçəkmişlərin sayı 11 nəfərdir. Əvvəlcə hakim zalda 4 zərərçəkmiş olduğunu dedi. Vidadi İsgəndərli buna etiraz etdi:

- Haradadır zərərçəkmişlər?

Hakim:

- Bəziləri məhkəməyə poçtla teleqram göndəriblər ki, gələ bilməyəcəklər.

Vidadi İsgəndərli:

- Necə yəni gələ bilməyəcəklər? Onların ifadələri ilə məni 3 illik həbsxana gözləyir. Zəhmət çəksinlər, məhkəməyə gəlsinlər.

Hakim:

- Onların gətirilməsini təmin edəcəyik.

«QARALOVUN İŞÇİSİ PROSESDƏN UZAQLAŞDIRILSIN»

Vidadi İsgəndərli Nəriman Ələkbərovun prosesdə dövlət ittihamçısı kimi iştirakına etiraz etdi:

- Mənim həbsimi Ələkbərovun rəhbəri olan Zakir Qaralov sifariş edib. Nəriman Ələkbərov da onun işçisidir. Hesab edirəm ki, maraqlı tərəfdir. Zakir Qaralov mənimlə düşmənçilik edir. Çünki ona məxsus olmuş «Fidan» restoranında qətl hadisəsi olmuşdu. Qaralov o zaman Gəncənin prokuroru idi. Mən isə Bakı şəhər Prokurorluğunda Polisə Nəzarət Şöbəsində kurator işləyirdim. Qaralov mənə zəng eləmişdi ki, həmin ölüm işi ört-basdır edilsin. Ancaq mən onun sifarişlərini yerinə yetirmirdim. Sonra həmin işlə bağlı tutulan günahsız bir nəfəri Ali Məhkəmə ömürlük məhkum etdi. Mən tələb edirəm ki, dövlət ittihamını bu işdə marağı olmayan müstəqil bir hüquqşünas müdafiə etsin.

Nəriman Ələkbərov etiraz etdi:

- Belə olmaz axı. Bütün dövlət ittihamçıları Zakir Qaralovun işçiləridir.

Vidadi İsgəndərli:

- Elə ona görə də tələb edirəm ki, dövlət ittihamını müstəqil hüquqşünas müdafiə etsin.

«SƏNİ ZALA KİM BURAXIB?»

Göyçay rayon Məhkəməsi
Kimsə yerindən:

- Vidadi, sən kimsən axı? Hakimsən nəsən ki, prokurordan danışasan?

Vidadi İsgəndərli (üzünü həmin adama tutur və əsəbi tonda):

- Səni zala kim buraxıb? Cənab hakim, tələb edirəm bu adam zaldan çıxarılsın. Mən bilirəm bunu bura kim yollayıb. Bu adamı həbs edirdilər, mən həbsdən qurtardım onu. İndi kimlərinsə sifarişini yerinə yetirir. Barəsində 3 cinayət işi var, niyə tutmurlar bu adamı?

Həmin şəxs:

- Ona görə ki, mən ağıllıyam.

Hakim zalda yerindən danışan şəxs haqqında məlumat verir. Məlum olur ki, bu adam Göyçayın Qarayazı kəndinin keçmiş bələdiyyə sədri Loğman Əliyevdir. Hazırda Göyçay şəhər Kommunal Təsərrüfat Birliyinin sədridir. Vidadi İsgəndərli və vəkili Xalid Bağırov hakimdən dəfələrlə tələb etsələr də, hakim dəfələrlə yerindən atmacalar atan Loğman Əliyevi zaldan çıxarmır:

Hakim:

- Vətəndaşdır, gəlib, açıq məhkəmə iclasıdır, izləmək hüququ var. Mən ona heç nə deyə bilmərəm.

Hakim prokurorla bağlı vəsatətə münasibət bildirmək üçün müşavirəyə getdi. Məhkəmə salonunda ara qarışdı. Loğman Əliyevlə Vidadi İsgəndərli söyüşməyə başladılar. Polislər Loğman Əliyevi zaldan çıxartsalar da, 5 dəqiqədən sonra geri qayıtdı.

MƏHKƏMƏ ZALINDA RUHİ XƏSTƏLƏR

Hakim dövlət ittihamçısı ilə bağlı vəsatəti təmin etmədi. Belə əsaslandırdı ki, dövlət ittihamını yalnız Baş Prokurorluğun ittihamçısı müdafiə edər.

Vidadi İsgəndərlinin vəkili Xalid Bağırov vəsatət qaldırdı ki, işdə əsas zərərçəkmiş hesab olunan Araz Ələkbərov ruhi xəstə olduğuna görə onun ifadəsi sübutlar siyahısından çıxarılsın. Vidadi İsgəndərliyə verilən ittihama görə, o, səsvermə məntəqəsində müşahidəçi olan Araz Ələkbərovu vurub.

Vidadi İsgəndərli:

- Bu adam 2005-ci ildə əsgərlikdə özünə xəsarət yetirdiyinə görə ordudan tərxis olunub. İndi də mənə ittiham verilib ki, guya bunu döymüşəm. Bu adam özü özünə xəsarət yetirməyə meyllidir. Bəlkə elə səsvermə məntəqəsində də özü özünü vurub.

Vəkil Xalid Bağırov isə məhkəməyə Araz Ələkbərovun ruhi xəstəliyi ilə bağlı hərbi komissarlıqdan alınmış arayışı təqdim etdi. Vəsatət verdi ki, Araz Ələkbərovun ifadəsi sübutlar siyahısından çıxarılsın.

«RUHİ XƏSTƏYƏM, ÖZÜM DƏ SƏMƏD DOKTORUN QEYDİYYATINDAYAM»

Zərərçəkmişlərə söz verilərkən onlardan biri - Ramiz Əsədov da etiraf etdi ki, ruhi xəstədir:

- Mən ruhi xəstəyəm, özüm də Səməd doktorun qeydiyyatındayam. Özüm də «Benzopar» dərmanı atıram. Elə 10 dəqiqə əvvəl də atdım.

Vidadi İsgəndərli:

Parlamentə 7 noyabr seçkiləri
- Görürsünüz də, mənim üzümə ruhi xəstələri durğuzublar.

Prokuror isə vəsatətə etiraz etdi. Dedi ki, hazırda zərərçəkmişlərin vəziyyəti normaldır və onların ifadələrinin sübutlar siyahısından çıxarılmasına ehtiyac yoxdur. Hakim vəkilin bu vəsatətini də təmin etmədi.

Digər vəsatətlər əlavə şahidlərin dindirilməsi, Vidadi İsgəndərlinin tutulmamışdan əvvəl kütləvi informasiya vasitələrindəki çıxışlarının işə əlavə olunması, səsvermə məntəqələrindəki veb-kameraların çəkdiklərinə məhkəmədə baxış keçirilməsi ilə bağlı oldu. Vidadi İsgəndərli:

«MƏNTƏQƏLƏRDƏKİ ÇƏKİLİŞLƏR MƏHKƏMƏYƏ GƏTİRİLSİN»

- Deyirlər mən səsvermə məntəqələrində kimlərisə itələmişəm, kimlərinsə səs verməsinə maneçilik törətmişəm. Həmin məntəqələrdə veb-kameralar səsverməni çəkirdi. Gətirsinlər, görək qanunu kim pozub. İstintaq vaxtı da bununla bağlı bizim vəsatətimiz olmuşdu. Baş prokurorun birinci müavini Rüstəm Usubov Mərkəzi Seçki Komissiyasına bununla bağlı məktub da göndərdi. Ancaq MSK-dan səs çıxmadı, məktuba cavab da vermədilər. Çünki heç kəsə sərf eləmir çəkilişlərin üzə çıxması. Üzə çıxsa, özləri ifşa olunacaqlar. Məlum olacaq ki, qanun pozuntularını özləri ediblər.

Prokuror dedi ki, əgər məhkəmənin gedişatında zərurət yaranarsa, vəsatətə bir də baxılar. Hakim vəsatəti açıq saxladı.

İTTİHAM AKTI

Sonra prokuror ittiham aktını elan etdi. İttiham aktında deyilir ki, Vidadi İsgəndərli ötən il noyabrın 7-də Milli Məclisə keçirilən seçki zamanı 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Səsvermə zamanı Qarabağlar kəndində yerləşən 16 saylı seçki məntəqəsinə daxil olaraq səsvermənin gedişinə maneçilik törədib. Məntəqə seçki komissiyası tərəfindən aktla sənədləşdirilmiş, küncü səhv kəsilmiş 16 ədəd bülleteni komissiya sədri İbrahim Məmmədəliyevdən zorla alıb. 3 ədəd küncü kəsilmiş bülleteni isə masanın üstündən özbaşına götürərək məntəqəni tərk etmək istəyib. Qarşısını kəsən və bülletenləri tələb edən komissiya sədrini sinəsindən itələyib. Bir neçə saat sonra Mirzəhüseynli kəndində yerləşən 17 və Göyçay şəhərindəki Mədəniyyət Evində yerləşən 2 saylı seçki məntəqələrində də eyni hərəkətləri təkrar edib. Bunlar ittiham aktında yazılıb.

Vidadi İsgəndərli bu il aprelin 17-də İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra barəsində cinayət işi olduğu əsas gətirilərək həbs müddəti uzadılıb.

O, Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir.

İyulun 21-də saat 15:00-da məhkəmə baxışı Vidadi İsgəndərlinin ifadəsi ilə davam edəcək.
XS
SM
MD
LG