Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:00

2 aprel aksiyasında zərərçəkən: «Şüşələri zalda oturanlar sındırmayıblar»


Məhkəmənin qarşısı
Məhkəmənin qarşısı
«Avtobusun şüşələrini zalda oturan müttəhimlər sındırmayıb». Bunu 2 aprel aksiyası zamanı həbs olunmuş müxalifət fəallarından altısının məhkəməsində zərərçəkən qismində sərbəst ifadə verən sürücü Sarvan Məhərrəmov deyib.

İyulun 29-da Səbail rayon Məhkəməsində Sahib Kərimov, Arif Alışlı, Elnur İsrafilov, Babək Həsənov, Zülfüqar Eyvazov və Elşən Həsənovun işi üzrə məhkəmə iclası davam edib. Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə də təqsirləndirilirlər. İttiham aktına görə bu 6 nəfər asayişi pozub, polisin tələbinə məhəl qoymayıb, 25 mülki şəxsə və polisə xəsarət yetirib. Eyni zamanda, hərəkətdə olan avtobusu dayandırıb üç nəfəri qaçırdıblar, həmin avtobusa 1325 manat ziyan vurublar.

İdarə etdiyi avtobusa 1325 manat ziyan dəydiyi deyən Sarvan Məhərrəmov şüşə sındıranların üzünü görmədiyini bildirib. Bunu da ətrafda adamların çox olması ilə izah edib. Sarvan Məhərrəmov vəkillərin bəzi suallarını ümumiyyətlə cavablandıra bilməyib. Vəkillər iddia ərizəsinin sürücü tərəfindən yazıldığına şübhə ilə yanaşıblar və bunu aydınlaşdıran suallar veriblər:

Vəkil: Aksiya nədir?

SARVAN MƏHƏRRƏMOV POLİSİ DƏ GÜNAHLANDIRIB

Sarvan Məhərrəmov bu suala cavab verə bilməyib, hakim isə buna haqq qazandırıb, bildirib ki, sürücü ərizə yazarkən hüquqi yardımdan yararlana bilərdi, ona görə də bəzi ifadələrdən xəbərsiz ola bilər.

Daha sonra vəkillər iddia ediblər ki, Sarvan Məhərrəmovun istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında xeyli ziddiyyət var. Vəkillərin tələbi ilə Sarvan Məhərrəmovun istintaqa verdiyi ifadəsi oxunub. Həmin ifadəsində sürücü şüşə sındıranların əlamətlərini təsvir edib. Bundan sonra da Sarvan Məhərrəmov avtobusa kimin ziyan vurması haqda məhkəmə zalında açıqlama verə bilməyib. Əvəzində isə baş verənlərə görə polisi də günahlandırıb:

«Avtobusa yüzlərlə yumruq, təpik dəyib. Mən heç kimi görə bilmədim. Məni ora polis aparmışdı. İstəyirəm ki, kim günahkardırsa, maşınımı təmir etdirsin».

««PODPRES»İN PULU SƏNƏ QURBANDIR»

Daha sonra təqsirləndirilən Sahib Kərimov Sarvan Məhərrəmova suallarını ünvanlayıb:

Sahib Kərimov: Təsdiqləyirsiz ki, avtobusun «podpresi» (ön şüşəsi) sındırılan zaman biz orada olmamışıq. Bəs nəyə görə həmin şüşənin pulunu da bizdən istəyirsiz?

Sarvan Məhərrəmov: «Podpres»in pulu sənə qurban olsun. Mən tələb etmirəm ki, burdakılar həbs olunsun. Sadəcə istəyirəm ki, maşınım təmir olunsun.

TIXACI 6 NƏFƏR YARADIB?!

Daha sonra məhkəmədə digər zərərçəkən Şahnisə Məmmədovanın nümayəndəsi Eldar Bahadurov dindirilib. O iddia edib ki, aksiya zamanı yaranan tıxac səbəbindən Şahnisə Məmmədovanın sahibəsi olduğu 234 və 242 saylı marşrutların hərəkətində maneə yaranıb, nəticədə onlara 850 manat ziyan dəyib. Eldar Bahadurov bu zərərin ödənməsini tələb edib.

Vəkillər isə ümumiyyətlə bu iddia ərizəsinə etiraz ediblər, bildiriblər ki, qarşı tərəf dəyən ziyana görə cavabdeh tərəfi müəyyənləşdirə bilməyib, iddia ərizəsi əsaslandırılmayıb. Onu da qeyd ediblər ki, bu zərərçəkənin aksiya zamanı həbs olunan digər məhbusların da məhkəməsində eyni məbləğdə eyni iddianı qaldırması bir daha iddianın absurdluğunu göstərir.

Məhkəmənin qarşısı
Eldar Bahadurov vəkillərin bir neçə sualını cavablandıra bilmədiyi üçün vəkillər vəsatət qaldırıblar ki, prosesə zərərçəkənin özü - Şahnisə Məmmədova çağırılsın. Hakim bu vəsatəti açıq saxlayıb, deyib ki, sürücülərin dindirilməsindən sonra da eyni ehtiyac yaranarsa, zərərçəkən məhkəməyə dəvət oluna bilər.

Zərərçəkdiyini iddia edən «Transqeyt» MMC-nin nümayəndəsi Elvin Məmmədov da məhkəmə iclasında deyib ki, aksiya zamanı tıxac yarandığından onlara 1650 manat ziyan dəyib.

Elvin Məmmədov: Biz deyə bilmərik ki, konkret bu insanlar günahkardır. Tələbimiz mülki iddiamızın təmin olunmasıdır.

Vəkil: Siz cavabdehi müəyyənləşdirə bilmədiyiniz halda iddia qaldırmısız. 6 nəfərin tıxac yaratması absurddur.

«BURADA OTURANLAR ŞÜŞƏ SINDIRMAYIBLAR»

3 nömrəli avtonəqliyyat müəssisəsinin nümayəndəsi Ayaz Qasımov isə ifadəsində tıxac yarandığından onlara 2255 manat zərər dəydiyini bildirib. Vəkillər bu mülki iddianın da tərtibinə etiraz ediblər və nümayəndə bütün sualları cavablandıra bilmədiyinə görə hüquqi şəxsin özünün məhkəmədə iştirakının vacibliyini qeyd ediblər.

Zərərçəkən qismində dindirilən «EnTrans Çinar» MMC-nin nümayəndəsi Elxan Qurbanov isə deyib ki, onlara həm tıxaca görə zərər dəyib, həm də şirkətə məxsus 288 saylı marşrutun bir şüşəsi sındırılıb. Ümumilikdə şirkətə 510 manat ziyan dəyib. Amma Elxan Qurbanov onu da deyib ki, şüşəni sındıran zalda oturan məhbuslar deyil:

«Mən sürücü ilə birlikdə video görüntülərə də baxmışam. Burda oturan adamlar orada olmayıblar».

2 aprel aksiyası

Vəkil: Bir halda ki, bunlar orada olmayıblar nəyə görə ittihamınızı bu şəxslərə qarşı yönəltmisiz?

Elxan Qurbanov: Bu sualınıza cavab verə bilmərəm.

AYDIN OLMAYAN HƏDƏF

Vəkil Natiq Mustafayev deyir ki, zərərçəkənlərin tələbi aydın deyil, onlar sadəcə siyasi sifariş yerinə yetirirlər:

«Əslində iddia tələbində tələbin yönəldiyi hədəf aydın olmalıdır. Mücərrəd anlamda demək ki, mitinq iştirakçıları tıxac yaradıb və bu 6 nəfərə qarşı iddia qaldırmaq tamamilə qanunsuzdur. Proses boyu da tam aydın oldu ki, zərərçəkmiş şəxslər öz iradə ifadəsini sərbəst ortaya qoymurlar, mənə elə gəlir ki, onlar hansısa sifarişi yerinə yetirirlər».

Növbəti proses avqustun 2-nə təyin olunub.

2 aprel aksiyasına görə saxlananlardan dörd nəfərin - Elnur Məcidli, Əhəd Məmmədli, Rüfət Hacıbəyli və Ülvi Quliyevin məhkəməsi avqustun 9-da davam edəcək. İyulun 29-da Nəsimi rayon məhkəməsində bu haqda qərar verilib.

2 aprel aksiyasına görə təqsirləndirilən sonuncu 4 nəfərin istintaqı isə yekunlaşıb. Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı ilə bağlı cinayət işinin materialları baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

Həmin aksiyaya görə ümumilikdə 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

MÖVZU İLƏ ƏLAQƏDAR OXU

2 aprel məhbusu: «Bizim məhkəməmiz «avtobus şousu»dur»

«Hayıf ki, məni tez tutdular». 2 aprel məhkəməsi davam edir
XS
SM
MD
LG