Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:21

Xaricdə tibb təhsili niyə tanınmasın?


Öz xətti ilə xaricdə tibbi təhsil alıb Azərbaycana dönənlər Səhiyyə Nazirliyində imtahan verməlidirlər
Öz xətti ilə xaricdə tibbi təhsil alıb Azərbaycana dönənlər Səhiyyə Nazirliyində imtahan verməlidirlər
«Rezidentura tətbiq ediləndən sonra başqa ölkələrdə tibbi təhsil almış tələbələrin diplomları Azərbaycanda tanınmayacaq».

Bunu mətbuata açıqlamasında Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O, bunu Azərbaycanın özünün müstəqil və konseptual təhsil sisteminə üstünlük verməsi ilə əsaslandırıb.

Nazir müavini deyib ki, Azərbaycanda rezidentura daxil olmaqla mərhələli tibbi təhsilə keçidlə əlaqədar bəzi ölkələrdə tibbi təhsil alanların diplomlarının tanınmasında problemlər yaranır.

SƏHİYYƏ NAZİRLİYİNİN XƏBƏRDARLIĞI

Onun fikrincə, bir sıra postsovet ölkələrində internatura sistemi (6 il təhsil aldıqdan sonra 1 il müddətində tələbəyə ixtisas verilir) qalmaqdadır ki, bu da Azərbaycandakı hazırkı tədris proqramı ilə uzlaşmır. Səhiyyə nazirliyi bu cür diplom almış vətəndaşlara xəbərdarlıq edir ki, onların qısa müddətdə aldıqları diplomlar komissiyadan keçməyə bilir. Bu səbəbdən də həmin şəxslər Azərbaycanda rezidenturaya imtahan verib, ixtisas almaq məcburiyyətində olacaqlar.

«OLA BİLSİN BURDA HANSISA YANLIŞLIQ VAR»

İsveçdə tibbi təhsil alan Naida Süleymanova 2012-ci ildə təhsilini başa vurub Azərbaycana dönməlidir. O, diplomunun tanınmayacağına inanmır, hesab edir ki, bəlkə də nazir müavinin açıqlamasında hansısa anlaşılmazlıq var:

«Mən bu barədə eşitmişəm. Məncə, nə isə başa düşülməyib. Belə mümkün deyil axı. Misal üçün, kim isə öz xətti ilə Londonda tibb təhsili alır, bunu qəbul etmirlər. Bu, inandırıcı deyil axı. Nə isə yanlışlıq var burda. Mən elə düşünürəm ki, ola bilsin, xaricdə tibb təhsili alanlar Azərbaycana qayıdandan sonra hansısa bir imtahan verməli olacaqlar. Mən bunu belə başa düşürəm. Başqa cür ola bilməz».

DİPLOMLARI TƏHSİL NAZİRLİYİ TANIYA BİLƏR, AMMA...

Elanlardan sonra əcnəbi həkimlərin qəbuluna düşmək istəyənlərin uzun-uzadı növbələri yaranır
Xaricdə tibbi təhsil alanların diplomlarının Azərbaycanda tanınması Təhsil Nazirliyinin səlahiyyətində olsa da, onların ixtisasları üzrə işə buraxılması Səhiyyə Nazirliyinin səlahiyyətinə aiddir.

Təhsil Nazirliyinin Diplomların Tanınması Şöbəsində hesab edirlər ki, diplomların tanınması qaydası dövlət xətti ilə təhsil alanlara aid deyil. Öz xətti ilə xaricdə tibbi təhsil alıb Azərbaycana dönənlər isə Səhiyyə Nazirliyində hökmən imtahan verməlidirlər. Nazirlik həmin diplomları tanıya bilər, amma nəhayətdə onlara həkim kimi işləməyə icazə verən Səhiyyə Nazirliyidir.

Bu baxımdan da tibb təhsilini başa vuranlar ixtisas almaq üçün yenidən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verib rezidenturaya qəbul olmalıdırlar.

Rezidenturaya qəbul imtahanlarının bu ilin sentyabrında keçirilməsi planlaşdırılır.

«İKİ PREZİDENTİMİZ SAĞLAMLIĞINI XARİCİ HƏKİMLƏRƏ ETİBAR EDİB»

Övladını İrana müayinəyə aparan Fazil Kərimov xaricdə tibbi təhsil alanların diplomunun Azərbaycanda tanınmayacağı barədə məlumatı təəccüblə qarşılayır. Deyir, necə olur ki, Azərbaycanın müstəqilliyi tarixində iki prezident öz sağlamlığını xarici həkimlərə etibar edir, amma indi xaricdə tibb təhsili alanların diplomları tanınmır:

«İki prezidentimiz ikisi də xaricdə müalicə alıb. Əbülfəz Elçibəy Türkiyənin Gülhanə xəstəxanasında, Heydər Əliyev ABŞ-ın Klivlend klinikasında müalicə olunub. Yaxşı olsaydı, elə Azərbaycanda müalicə olunardılar, xaricə niyə gedirdilər ki? Bir onlar deyil. Bu yaxınlarda müğənni Sabir Mirzəyev İrana müalicəyə getdi, elə orda da vəfat etdi. Aktyor Yaşar Nuri, müğənni Baloğlan Əşrəfov Türkiyədə əməliyyat olundular. Elə mən İrana getdiyim avtobusda xeyli tanınmış adamlar var idi, hamısı da müalicəyə gedirdi».

Fazil Kərimov deyir ki, hələ bu azmış, televiziyalarda xaricdən gələn həkimlərlə bağlı elanlar verilir. Bu elanlardan sonra əcnəbi həkimlərin qəbuluna düşmək istəyənlərin uzun-uzadı növbələri yaranır.
XS
SM
MD
LG