Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:42

USAID-in Azərbaycan üzrə direktoru: «Neft gəlirləri düzgün xərclənir»


"Neft gəlirləri düzgün xərclənir"
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00
Direct-ə keçid

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə direktoru Maykl Qrin (Michael Greene) AzadlıqRadiosuna müsahibə verib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə direktoru Maykl Qrin (Michael Greene) AzadlıqRadiosuna müsahibə verib. Azərbaycanda işləməyə bu ilin mayından başlayan M.Qrin bundan əvvəl Əfqanıstanda işləyib:

- Tam fərqli ölkələrdir. Mən Azərbaycanda hər şeydən çox adamlarla işləməkdən zövq alıram. Hər bir ölkədə çox müxtəlif problemlər, çətinliklər olur, ancaq ən önəmlisi orada yaşayan insanlardır. Xeyli sabit ölkədir, adamlar həyatlarından nisbətən razıdırlar. İqtisadi inkişaf nəticəsində sabitlik də yaranıb.

- İqtisadi inkişafı daha çox hansı sahədə görürsünüz?

- Aydındır ki, iqtisadi artım daha çox neft-qaz sektoru ilə bağlıdır. İqtisadi inkişaf daha çox bu sektordan gəlir. Ancaq bu artım növbəti 10 il ərzində azala bilər. Çünki hesablamalara görə, növbəti 10 ildə bu ehtiyatlar azala bilər. Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsində dövlətin maraqlı olduğunu bəyan edib. USAID də çalışır ki, qeyri-neft sektorunun inkişafına yardım göstərsin.

40 FAİZ DAHA ÇOX GƏLİR VERSİN

Fikrimizcə, kənd təsərrüfatı inkişaf etdirilməli olan ən mühüm sahədir. Azərbaycan əhalisinin 40 faizi kənd təsərrüfatında işləyir. Ancaq bu sahənin istehsalı ÜDM-nin cəmi 6 faizini təşkil edir. Çox mühümdür ki, məhsuldarlıq artırılsın, həmin 40 faiz daha çox gəlir gətirsin. Kənd təsərrüfatının inkişafı üçün bir neçə maneə görürük.

Ən mühümü maliyyə mənbəyinə çıxışdır. Kiçik fermerdən tutmuş orta sahibkaracan hamıya biznesini inkişaf etdirmək üçün pul lazımdır. Maliyyə institutları isə bəzən kənd təsərrüfatına riskli sahə kimi baxırlar. Çünki fermerin işi havadan asılıdır. Məhsulu yetişdirmək üçün yaxşı hava olmalıdır. Pis bir şey baş versə, fermer krediti qaytara bilməyəcək. Biz bank sektoru ilə işləyib onlara izah edirik ki, fermerə necə daha yaxşı üsulla kredit vermək olar.

İkinci problem torpaqla bağlıdır. Özəlləşdirmə vaxtı bir çox fermerlərə çox kiçik, bir neçə hektarlıq sahələr ayrılıb. Daha çox məhsuldarlıq üçün daha böyük sahə lazımdır. Torpaqların qeydiyyatında da problemlər var. Özəlləşdirmə vaxtı müəyyən qurumlar da yaradılıb. Hökumətlə bu sahədə də işləyirik.

Üçüncü problem isə məhsuldarlığın artırılmasıdır. Fermerlərə məhsuldarlığı artırmaq üçün yeni texnologiya və treninq lazımdır - məsələn, daha yaxşı gübrədən istifadə etmək, ağaclara baxmaq üçün daha yaxşı texnika, inəklər üçün daha yaxşı yem. Əsas odur ki, fermer sahəsindən və əlindəki imkanlardan yararlanaraq daha çox məhsul istehsal etsin.

SOYUDUCU ANBARLARDAN YAXŞI İSTİFADƏ OLUNSA...

- Bəs planlaşdırma necə, olmalıdırmı? Məsələn, bu il fermerlər bəzi məhsulları gözlədiyindən artıq əldə ediblər, qarpız, yemiş, pomidor bol olub. Ancaq fermerlər məhsulun korlandığını ya da çox ucuz qiymətə satmağa məcbur olduqlarını deyirlər.

- Məhsulun korlanmasının qarşısını almağın bir neçə yolu var. Birincisi, soyuducu anbarların hazırlanmasıdır.
«Hökumət soyuducu anbarların tikilməsinə pul ayırıb. Ancaq problem ondadır ki, onlardan yaxşı istifadəni bacarmırlar».
Məsələn pomidor boldursa, anbara vurursan, bir neçə aydan sonra bazara çıxarırsan, yaxşı qiymətə də satırsan. Hökumət bütün ölkə ərazisində belə anbarların tikilməsinə pul ayırıb. Ancaq problem ondadır ki, onlardan yaxşı istifadəni bacarmırlar. Məsələn, göyərtinin saxlanmasının xüsusi texnikası var. Qoyasan soyuducuya, vəssalam, elə deyil. Müəyyən kimyəvi vasitələrdən istifadə etmək lazımdır. Bu problemi treninqlə aradan qaldırmaq olar.

Dövlət planlaşdırmasına gəlincə, dünyanın bir çox ölkələrində bunu bazar qaydaları tənzimləyir. Fermer görürsə ki, bu il qarpız çox oldu, hamı qarpız becərib, gərək yeni məhsul becərmək barədə fikirləşsin. Məncə, hökumət fermerləri yeni məhsul axtarışına həvəsləndirməlidir, azad bazarı təmin etməlidir. Nəinki konkret məhsuldan nə qədər becərilməsinə nəzarət etmək.

- Yerli iqtisadçılarsa başqa sahələrdə olduğu kimi, kənd təsərrüfatının da monopoliyada olduğunu deyirlər. Məsələn, fermerlər bölgələrdən məhsulları Bakıda ancaq bir bazara gətirib orda sata bildiklərini deyirlər.

- Monopoliyalar bütün bazar iqtisadiyyatlarına təsir edir. Hökumət bunun qarşısını rəqabətə imkan yaradan qanunlarla ala bilər. Hazırda ölkədə Rəqabət Məcəlləsi hazırlanır. Məncə, bu layihə tezliklə parlamentin müzakirəsinə çıxarılacaq. Çox mühümdür ki, iqtisadiyyatın bütün sahələrində rəqabətlilik olsun. Rəqabət innovasiya yaradır. Sahibkar hər gün fikirləşir ki, yeni şirkətlər onun bazarına daxil olacaq və buna görə də yeniliklər etməyə məcburdur.

NEFT GƏLİRLƏRİ DÜZGÜN XƏRCLƏNİR

- Neft-qaz gəlirlərinə qayıdaq. Sizcə, hökumət bu gəlirlərdən müdrik istifadə edə bilirmi? Bu gəlirlər xalqın rifahına necə təsir edir?

- Məncə, hökumət Neft Fondunu yaratmaqla əla iş görüb. Neft-qaz gəlirləri artıq işlənməyərək həmin fondda yığılır. Bəzi ölkələrdə bu gəlirlərin çox mənfi təsiri olub, ancaq bu təsir Azərbaycanda baş verməyib. Mərkəzi Bank da makroiqtisadi sabitliyi qoruyub saxlaya bilib. Neft Fondundan hazırkı investisiyalara gəlincə, məncə hökumət onlardan da əla istifadə edir, uzunmüddətli infrastruktur yaradır, yollar çəkir, metro stansiyaları tikilir.

- Deyirsiniz ki, Azərbaycan neft gəlirlərindən elə də asılı deyil. Ancaq hər il Neft Fondundan büdcə kəsirini örtməyə, yaxud başqa xərclərə ciddi məbləğlər ayrılır.

- Məncə, vəsaitlər düzgün ayrılır. Mənfi nəticə, məsələn, inflyasiyanın artdığını görmürüksə, deməli, Neft Fondunun vəsaitləri ağlabatan formada istifadə olunur.

- Qeyri-neft sektorundan ən çox hansı sahələrə investisiya qoyulmalıdır?

- Təhsil sahəsi çox mühümdür. Həmçinin, səhiyyəyə investisiya qoyulmalıdır. İqtisadiyyatın istənilən sahəsinə - maşınqayırma, yüksək texnologiya, kənd təsərrüfatına bilikli və sağlam kadrlar lazımdır. Bu investisiyalar öz bəhrəsini verəcək. Gələcəkdə işəgötürənlər təhsilli və sağlam kadrları işə götürə biləcəklər.

«2005-ci ildən mərkəzlər 18000 vətəndaşa korrupsiya ilə bağlı yardım edib»
6 İLDƏ 18000 KORRUPSİYA ŞİKAYƏTİ

- Bu ilin əvvəlində prezident İlham Əliyev ölkə miqyasında korrupsiya əleyhinə kampaniyaya başlandığını bildirdi. Təxminən 8 ay keçir, hansı nəticələri müşahidə edirsiz?

- Qiymətləndirmək çox çətindir. Korrupsiya istənilən ölkədə böyük ya kiçik dərəcədə problemdir. Bu problem uzunmüddətli həll, hökumətdən yüksək səviyyədə rəhbərlik, güclü proqramlar tələb edir. Məncə, prezident öz rəhbərliyi və yanvardakı bəyanatları ilə hökumətin antikorrupsiya niyyətlərini yaxşıca ifadə etdi. USAID də korrupsiya əleyhinə bir neçə layihə həyata keçirir.

- Korrupsiya ilə bağlı nə qədər şikayət qəbul etmisiniz?

- Korrupsiyaya qarşı ən səmərəli proqramımız ALACs proqramıdır. Bakıda, Qubada və Gəncədə korrupsiya ilə mübarizə sahəsində Hüquq, Məsləhət və İctimai Maraqların qorunması Mərkəzləri yaratmışıq. Bu mərkəzləri Azərbaycanın «Transparency International» qeyri-hökumət təşkilatı idarə edir. Mərkəzlərin «qaynar xətləri»nə zənglər olunur, əhali dövlət idarələrinə müraciət edəndə, korrupsiya halları ilə üzləşirlərsə, zəng edirlər. 2005-ci ildən bu mərkəzlər 18000 vətəndaşa korrupsiya ilə bağlı yardım edib. Şikayətlərin çoxu onunla bağlı olur ki, insanlar dövlət proqramları çərçivəsində hansısa yardımı almaq istəyirlər, onlardan buna görə pul istənilir. «Qaynar xətt»də həmin insanlara məsləhət verilir, lazımdırsa, iş açılır, rəsmi şikayət hazırlanır, müvafiq orqana çatdırılır.

Sizə yaxşı bir haldan danışım. Gəncədə bir ailə əlil uşaqları üçün müavinət ala bilmirdi. ALACs hökumətə şikayət hazırladı və ailəyə müavinət verildi. 2005-ci ildən bu cür şikayətlərdən 60 faizi hökumətlə danışıqlar yoluyla həll olunub. Bu, çox yaxşı göstəricidir.

- Hökumətin anti-korrupsiya kampaniyasına qayıdaq. Daha çox kiçik rütbəli məmurların cəzalandırılması, işdən çıxarılması barədə məlumat alırıq. Hətta bəzən həmin məmurların yenidən vəzifəsinə bərpa olunması barədə də informasiya gəlir. Sizcə, korrupsiyanın səviyyəsinin azaldılması üçün kifayət qədər siyasi iradə göstərilirmi?

- Heç bir cəmiyyətdə korrupsiyanın kökünün tam kəsilməsi mümkün deyil. Korrupsiya «adacıqları» olur, mümkün qədər həmin adaları kiçiltmək lazımdır. Mühümdür ki, lazımi qaydalar - qanunlar qəbul olunsun və işləsin. Siyasi iradəyə gəldikdə, məncə, hökumət bu sahədə irəliləyir.

YENİ MEDİA LAYİHƏLƏRİ

- Beynəlxalq qurumların hesabatlarında Azərbaycan mediası bir qayda olaraq «qeyri-azad» adlandırılır. USAID azad medianın inkişafı üçün həyata keçirdiyi layihələrdən hansı nəticələr əldə edib?

- Bir neçə il ərzində biz ənənəvi medianı - mətbuatı, televiziyanı dəstəkləyən layihələr həyata keçirmişik. Son illər ərzində isə xüsusilə gənclər arasında yeni mediaya maraq gördük. Biz də daha çox adamı əhatə etmək üçün yeni media layihələrinə başladıq. Hazırda biz ölkə üzrə 13 FYI (For Your Info- sənin məlumatın üçün) mərkəzləri yaratmışıq, ilin sonunacan onların sayı 20 olacaq. Həmin mərkəzlərdə sürətli internetə çıxış var, gənclərə yeni mediaya çıxmaq, yeni media məhsulu yaratmaq, hazır məhsulu yeni mediada yaymaq, on minlərlə gənclə paylaşmaq öyrədilir.
«Son illər ərzində isə xüsusilə gənclər arasında yeni mediaya maraq gördük».
Həm də regionlarda internet-kafelərə gedə bilməyən qadınlar da bu mərkəzlərə gedə bilirlər. Bəzi gənc jurnalistlər isə bu mərkəzlərdə elə məhsullar hazırlayırlar ki, onları artıq ənənəvi yayım şirkətləri də qəbul edir.

- Hal-hazırda iki gənc fəal - Bəxtiyar Hacıyev və Cabbar Savalanlı həbsdədir. Onlar sosial şəbəkələrin fəal iştirakçıları olublar və hüquq müdafiəçiləri də onlara qarşı cinayət işlərini siyasi motivli adlandırır. Siz hökumət rəsmiləri ilə görüşlərinizdə bu fəalların məsələsini müzakirə edirsinizmi?

- Xeyr, etməmişəm, USAID inkişaf agentliyidir. İnsan haqları ilə bağlı məsələlərlə ABŞ səfirliyi məşğul olur. Biz USAID olaraq media hüquqşünasları üçün proqramlar həyata keçiririk. Həmin vəkillər də, Sizin dediyiniz kimi, qondarma işlərdə müştəriləri müdafiə edir. Həmin proqramlar vasitəsilə biz çətinliyə düşən insanların müdafiəsində fəallıq göstəririk.

NDI SƏNƏDLƏRİNİ ƏDLİYYƏ NAZİRLİYİNƏ TƏQDİM EDİB

- Bu ilin martında Nazirlər Kabineti xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin dövlət qeydiyyatı ilə əlaqədar yeni qaydalar açıqladı. Həmin müddətdə Azərbaycanda Milli Demokratiya İnstitutunun (NDI) ofisini bağlaması barədə xəbər yayıldı. Bu təşkilatın qeydiyyatı yönündə hər hansı yenilik varmı?

- NDI-nin məsələsi hökumət rəsmiləri ilə dəfələrlə müzakirə olunub. NDI burada 1995-ci ildən fəaliyyət göstərir. Prezident Əliyev onları həmin il bu ölkəyə dəvət edib və 16 ildir ki, Azərbaycanda işləyirlər, xeyli yaxşı proqramlar həyata keçiriblər. Bu illər ərzində onlar bir neçə dəfə qeydiyyatdan keçməyə çalışıblar. Bir çox səbəblərdən buna nail olmayıblar, proses heç vaxt başa çatmayıb. Məncə, bu məsələ tərəflərdən heç biri üçün prioritet olmayıb. NDI fəaliyyətini davam etdirib. Bu yaxınlarda isə xarici QHT-lərlə bağlı vəziyyət dəyişib. Hökumət onlara deyib ki, işi bir müddətə dayandırın və qeydiyyat məsələsini başa çatdırın.

Hökumət, Ədliyyə Nazirliyi rəsmiləri ilə bu məsələ barədə bir neçə dəfə görüşlər keçirmişik. Bizi əmin ediblər ki, NDI-nin fəaliyyəti, proqramları bu ölkədə arzuolunandır.

QHT-lərin qeydiyyatı uzun, iki mərhələli prosesdir. NDI sənədlərini yenidən hazırlayıb. Biz bu məsələdə nikbinik.

- Hansısa sənəddə problem var?

- Proses yeni olduğu üçün Ədliyyə Nazirliyi iki ya üç dəfə sənədlərlə bağlı yenidən müraciət edib. Ya hansısa sənəd çatışmayıb, ya da düzgün təqdim olunmayıb. İyulun sonlarında, təxminən 10 gün olar ki, sənədlər yekun olaraq Ədliyyə Nazirliyinə təqdim olunub. Yəni proses irəliləyir.

- Bəzi QHT-lər USAID qrantlarının paylanmasında kifayət qədər şəffaflıq olmadığını deyirlər. Məsələn, Sizin saytınızda qrantların kimə verilməsi barədə detallı bilgi yoxdur.

- Qrant prosesində həmişə narazı tərəf olur. Kimsə maliyyə alır, kimsə yox. Biz seçim prosesində ədalətli olmağa çalışırıq. Bizim çox ədalətli daxili prosedurumuz var. Bəzi maliyyə məlumatları qrant alan təşkilatla müqavilə məsələləridir. Ancaq razıyam ki, daha şəffaf olmalıyıq, gərək saytımızda daha detallı informasiya olsun.

SİYASİ YOXSA HUMANİTAR TƏŞKİLAT?

- Ayırdığınız qrantların xərclənməsinə necə nəzarət edirsiz? Necə əmin ola bilərsiz ki, Sizin məsələn, anti-korrupsiya proqramınız icra olunarkən korrupsiyaya uğradılmır?

- (Gülür) Təvazökarlıqla deyim ki, USAID ciddi monitorinq edilən proqramlarına görə tanınıb. Qrant verəndə, konkret indikatorlar qoyuruq. Sonra da soruşuruq ki, həmin nəticələrə əməl olundumu? Hətta məncə, bəzi təşkilatlar belə monitorinqə görə bizdən qrant almağa elə də həvəs göstərmirlər.

- Belə fikirlər də var ki, USAID humanitar deyil, getdikcə daha çox siyasi təşkilata oxşayır. Ola bilsin, hökumətlə birgə layihələrinizə görə bu cür təəssürat yaranır.

- Bilmirəm «siyasi» deyəndə, nəyi nəzərdə tutursunuz. Azərbaycanda hər il 17 milyon dollarlıq layihə həyata keçiririk. Bu pulun çoxu demokratiya layihələrinə xərclənir. Hökumət bu layihələrə maliyyə ayırmır. Bizim hökumətlə iqtisadiyyat layihələrinə dair anlaşma memorandumumuz var. Növbəti bir neçə ildə iqtisadi layihələrə 45 milyon dollar xərcləmək nəzərdə tutulub. Hökumət bunun 50 faizini maliyyələşdirəcək. Bu işlərə Gömrük, Rəqabət məcəllələrinin hazırlanması, Azərbaycanın ÜTT-yə qoşulması sahəsində əməkdaşlıq daxildir.

Təbii ki, biz hökumətlə sıx əməkdaşlıq edirik, ancaq eyni zamanda özəl sektorla işləyirik. Banklarla, kiçik fermerlərlə, müxtəlif bizneslərlə, fərdlərlə, mülki cəmiyyət qrupları ilə işləyirik. Deməzdim siyasi qurumuq, cəmiyyətin inkişafı üçün bütün tərəflərlə işləyirik.
XS
SM
MD
LG