Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:25

Kristof Ştrasserə viza niyə verilməyib?


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristof Ştrasser
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristof Ştrasser
AYRI-SEÇKİLİK?

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristof Ştrasserə (Christoph Strässer) viza verilməməsi onun mandatı ilə bağlıdır.

Bunu AzadlıqRadiosuna XİN-in mətbuat xidmətinin birinci katibi Elman Abdullayev deyib:

«Biz hesab edirik ki, siyasi məhbuslarla bağlı meyar hələ müəyyən olunmayıb. Belə bir meyar olmadığı üçün bu səfərin həyata keçirilməsi də mənasız hesab olunur. Biz AŞPA-nın Azərbaycanla bağlı həmin mandatı tətbiq etməyə çalışmasını bu ölkəyə qarşı ayrı-seçkilik sayırıq».

Elman Abdullayev bununla yanaşı əlavə edir ki, istənilən alman vətəndaşının Azərbaycana səfər etməsində heç bir problem yoxdur.

Ştrasserin avqustun 17-də AzadlıqRadiosuna göndərdiyi məktubda deyilir ki, məruzəçi Azərbaycandan heç bir dəvətnamə almasa da, iyunun 7-də Almaniyadakı səfirliyə viza üçün müraciət edib. Səfirlikdən cavab gəlmədiyinə görə, onlar iyulun 1-də məktub yazıb cavab istəyiblər. İyulun 18-də səfirlikdən zəng gəlib və vizadan imtina edildiyi bildirilib. Ancaq Ştrasser yazılı imtina istəyib:

«Səfirlik avqustun 8-də cavab verdi ki, viza verilmir. Səbəb belə izah olunmuşdu: Azərbaycan yalnız özünə dair, siyasi məhbuslarla bağlı hesabatın hazırlanmasına qarşıdır. Siyasi məhbus məfhumunu müəyyənləşdirmək üçün kriteriyaların olmaması ikili standartlar təhlükəsini yaradır».

ŞTRASSER: «MƏRUZƏÇİNİ DƏSTƏKLƏMƏK HƏR BİR ÖLKƏNİN BORCUDUR»

Kristof Ştrasser isə AzadlıqRadiosuna göndərdiyi məktubda yazır ki, əslində belə kriteriyalar var. Səfərdən öncə Azərbaycan tərəfdən siyasi məhbus anlayışına dair məlumat istənilib və həmin sənədlər təqdim olunub:

«Bu anlayış AŞ Baş Katibinin müstəqil ekspertləri tərəfindən Azərbaycan və Ermənistan Avropa Şurasına qəbul olunanda hazırlanıb. 2010-cu ilin iyununda tanınmış ekspertlərin iştirakı ilə keçirilən dinləmədə təsdiqlənib. Bu anlayışı təkcə Hüquqi İşlər və İnsan Haqları Komitəsi tanımayıb. Avropa Şurasının Nazirlər Komitəsi, Parlament Assambleyası və hətta Azərbaycanın özü də bu məfhumu tanıyıb».

«Cənab Ştrasser dəvətnaməsi olmaya-olmaya viza üçün niyə müraciət edirdi? O, bu vaxtacan Azərbaycanda hansısa hüquq müdafiəçisindən dəvətnamə ala bilməzdimi?»

AzadlıqRadiosunun bu sualını Ştrasserin ofisi belə cavablandırıb: «Məruzəçi ona görə viza üçün müraciət edib ki, bundan artıq gözləyə bilməzdi. O, mandatını yerinə yetirmək istəyir. Məruzəçini dəstəkləmək hər bir ölkənin borcudur».

Məktubda qeyd olunur ki, Ştrasser indi jurnalist Eynulla Fətullayevdən dəvətnamə almağa çalışır. «İnsan haqları uğrunda» İctimai Hərəkatın rəhbəri Eynulla Fətullayev noyabrın 4-də Bakıda mülki cəmiyyət konfransı keçirməyi planlaşdırdığını və Ştrasseri bu konfransa dəvət edəcəyini bildirib.

«Bu il noyabrın 20-dək Ştrasserin hesabatı qəbul olunmalıdır. Mümkündür ki, həmin vaxt mandat da bitsin». «Mandat uzadıla bilərmi?» sualına Ştrasser belə cavab verir: «Bir neçə variant mümkündür, indi bu barədə danışa bilmərik».
XS
SM
MD
LG