Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:36

Breivik Utöyadan 2 dəfə polisə zəng edib


Anders Behring Breivik (qırmızı köynəkdə) istintaq üçün yenidən Ütöya adasına aparılır, 13 avqust 2011
Anders Behring Breivik (qırmızı köynəkdə) istintaq üçün yenidən Ütöya adasına aparılır, 13 avqust 2011

Norveçin Ütöya adasında baş verən qətliamdan bir aya yaxın vaxt keçir. Faciənin dünya rezonansı səngisə də, Norveç cəmiyyəti hələ də qanlı hadisələrin təsiri altındadır.

Yerli media gündəlik olaraq 22 iyul faciəsinə müraciət edir. 77 nəfərin həlak olduğu bu hadisənin yeni-yeni detalları üzə çıxmaqdadır. Mətbuatın qaldırdığı əsas suallardan biri də Norveç polisinin qanlı terrora nə dərəcədə peşəkarcasına reaksiya verməsi ilə bağlıdır.

Bu günlərdə mətbuata belə bir məlumat sızmışdı ki, cinayətkar Ütöya adasından polisə zəng edibmiş. Sonradan xəbər yayıldı ki, belə telefon danışığı 1 yox, 2 dəfə baş verib. Birinci telefon zənginin cinayətkarın yaxalanmasından yarım saat əvvəl baş verdiyi də iddia olunurdu.

Polisin faciə zamanı necə fəaliyyət göstərməsini demək çətindir, bunu Norveç hökumətinin yaratdığı xüsusi komissiya müəyyən etməlidir. Amma onun faciədən sonrakı davranışını tənqid etmək çətindir. Azından ictimaiyyətlə əlaqələr nöqteyi-nəzərindən.

Avqustun 18-də keçirilən mətbuat konfransında Breiviklə polis növbətçisi arasında olan telefon danışığının stenoqramması açıqlandı. Polis rəsmiləri təsdiq etdi ki, Breivik Ütöya adasından polisə zəng edib - birinci dəfə saat 18.01-da, ikinici dəfə isə saat 18.26-da (həbs olunmasından 9 dəqiqə əvvəl). Zənglər müxtəlif polis idarələrinə daxil olub ( Nordre Buskerud və Söndre Buskerud polis idarələrinə). Polis rəsmisinin sözlərinə görə, hər 2 telefon söhbətinə Breivikin özü son qoyub və hər 2 halda polis növbətçisi ona geri zəng eləməyə cəhd göstərib, lakin Breivik cavab verməyib.

Jurnalistlər maraqlanıblar ki, Breivikə geri zəng etmək üçün polis hansı addımlar atıb? Polis rəsmiləri belə detalların açıqlanmasından imtina ediblər.

Polis şöbəsinin qərargah rəisi növbətçinin vəziyyətini belə təsvir edib: “... Həmin dəqiqələrdə telefon zəngləri ara vermirdi. Ütöyadan gələn zənglərdə gənclər sadəcə fəryad edir, növbətçinin sözlərinə görə, sanki hərbi təlim meydanından danışırdılar – atəş səsləri ara vermirdi. Növbətçi gəncləri sakitləşdirməyə çalışır, məsləhət görür ki, özlərini ölülüyə vursunlar, gizlənsinlər, mobil telefonlarını söndürsünlər. Dərhal başqa gəncdən, adadakı gənclərin valideynlərindən zənglər gəlir. Bütün bunların arasında Breivikin zəngi daxil olur ki, sonradan cinayəkarın məhz o olduğu aydınlaşır”

Qərargah rəisi polisin işinə qiymət qoyarkən onun təsvir etdiyi ümumi mənzərə konteksini nəzərə almağı xahiş edir.

Polisin jurnaslitlərə təqdim etdiyi stenoramın tərcümısi ilə sizi tanış edirik.

Birinci danışıq – 22.07.2011. Saat 18:00:49 Nordre Buskerud Polis idarəsinə zəng daxil olur.
(Danışığın vaxtı Nordre Buskerud Pİ-nin protokolundan götürülüb, tam dəqiqliyi hələ müəyyənləşdirilmədiyindən kiçik xətalar mümkündur)

P: Polisin qaynar xətti.

M: Salam, mənim adım Anders Behring Breivikdir, antikommunist müqavimət hərəkatının komandanı.

P: Bəli.

M: Mən hazırda Ütöyadayam, təslim olmaq istəyirəm.

P: OK. Hansı telefondan zəng edirsiz?

M: Mobil telefondan zəng edirəm.

P: Öz mobilinizdən zəng edirsiz.

M: Hə. Mənim mobilim deyil, başqa...

P: Başqa. Adınız necə oldu? Allo...allo

İkinci danışıq – 22.07.2011. Saat 18:26-da Söndre re Buskerud Polis idarəsinə daxil olub.
(Danışığın vaxtı Söndre Buskerud Pİ-nin protokolundan götürülüb)

P: Polisin qaynar xətti.

M: Salam, mənim adım Anders Behring Breivikdir.

P: Salam, buyurun.

M: Məni Deltanın (Norveçin xüsusi təyinatlı polis dəstəsi – A.R.) əməliyyat rəhbəri ilə calaya bilərsiz?

P: Bəli... hardan danışırsız, nə məsələdi?

M: Mən Ütöyadayam.

P: Siz Utöyadasız, bəli.

M: Mən əməliyyatımı başa çatdırdım, indi istəyirəm ki... təslim olum.

P: Siz təslim olmaq istəyirsiz, hə.

M: Hə.

P: Adınız necə oldu?

M: Anders Behring Breivik.

P: Nəyin komandanısız, dediz?..

M: “Knights Templar Europe”dır təşkilatın adı, biz Avropanın və Norveçin islamlaşmasına qarşı antikommunist müqavimət hərəkatında birləşmişik.

P: Bəli.

M: Biz indicə Knights Tempların adınadan əməliyyat keçirdik.

P: Bəli...

M: Avropa və Norveç.

P: Bəli...

M: Əməliyyatın başa çatdığını nəzərə alaraq... Deltaya təslim olmaq məqsədəyuğundur.

P: Siz Deltaya təslim olmağı arzulayırsız?

M: Mümkünmü... mümkünmü ki, məni Deltanın əməliyyat rəhbəri ilə calayasız?

P: Bəli. Əslində Siz elə bir şəxlə danışırsız ki, belə deyək, yüksək məsuliyyət sahibi

M: Ok. Bax gör neyləməlisən, sonra mənə bu telefona zəng edərsən, oldu.

P: Hm.. Amma hansı telefona...

M: Çox gözəl, sağ ol.

P: Sizin telefon nömrəniz məndə yoxdur axı! Allo!

(P. - Polis növbətçisi, M - Anders Behring Breivikdir - A.R.)
XS
SM
MD
LG