Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:27

«Ramazan olmasaydı, heç ət almazdıq»


Arxiv foto.
Ağstafa bazarı.
Arxiv foto. Ağstafa bazarı.

«Ətdən danışma, ət çox bahadır. Ramazan olmasaydı, heç ət almazdıq».

Məhəllədə oynayan uşaqlar məni Mədinə xanımgilə aparanda o, Ramazan bayramına hazırlıq görürdü. Oğlu Süleymanın səhər bazardan aldığı əti çəkirdi.

Çoxdan almadıqları ətin kilosunun 8 manat 50 qəpiyə qalxması ona çox qəribə gəlmişdi.

Dediyinə görə, bahalaşan təkcə ət deyil, elə Ramazan süfrəsi üçün lazım olan bütün ərzaq məhsulları «od» qiymətinədir. Mədinə xanımı daha çox təəccübləndirən həmişə plovun qarasına qoşduqları şabalıdın indi əlçatmaz məhsula çevrilməsi idi.

ŞABALIDSIZ BAYRAM PLOVU

Mədinə xanım:

«Çox bahadır, sonuncu dəfə 1 kilosunu 18 manata, bir az yaxşısını isə 20 manata görmüşəm. Mən bir ildir şabalıd ala bilmirəm, inanırsız? Plov üçün 200 qram kişmiş, bir az da ərik qurusu alıram».
Mədinə xanım

Bu arada söhbətimizə Mədinə xanımın oğlu Süleyman müdaxilə edir. Deyir hələ ki, Azərbaycanda Ramazan və ya Novruz bayramlarında imkansızları nəzərə alıb qiymətləri az da olsa endirmək ənənəsi yoxdur. Mədinə xanımsa son illər insanların daha çox var-dövlət yığmağa meyllənməsinə təəssüflənir:

«Bəzi adamlar varlandıqca da varlanmaq istəyirlər. İnsaflılar da var yəqin, ehtiyacı olanlara əl tuturlar da var. Allah lap çox eləsin».

DÜKANLARDA 10 QƏPİKLİK ENDİRİM

Mədinə xanımgildən çıxıb, elə onların evlərinin bir-neçə addımlığında ərzaq dükanına girib qiymətlərlə maraqlanıram. Məlum olur ki, yalnız bir növ yağ və bir də makaronun qiymətində müəyyən ucuzlaşma var, qalan qiymətlərdə hər hansı dəyişiklik yoxdur:

«Bir qab 400 qramlıq yağ alana 200 qramlıq hədiyyə verilir. Bundan başqa əvvəl 30 qəpiyə olan makaronu indi 20 qəpiyə endirmişik. Başqa elə bir ucuzlaşma yoxdur. Düyü elə əvvəl necə idisə indi də o qiymətədir».

180 MANATA BAŞA GƏLƏN BİR GÜNLÜK BAYRAM SÜFRƏSİ

Təzə bazarda rastlaşdığım Cabir Hüseynzadə bazarlığa quru meyvə almaqdan başlamışdı. Hesablamalarına görə, indiki qiymətlərlə onun bir günlük bayram süfrəsinin açmasına 180 manata yaxın pul lazım olacaq. Cabir Hüseynzadəyə görə,
Ət bazarı
indi çox adam imkansızlıq üzündən bayramları əvvəllər olduğu kimi qeyd edə bilmir:

«Təbii ki, Ramazan bayramını hamı qeyd edə bilmir. Nəticədə ənənələrin çoxu getdikcə unudulur. Əgər əvvəllər Novruz bayramına qədər dörd çərşənbə də təmtəraqlı qeyd olunurdusa, indi yalnız bir gün bayram edirlər».

«İMKANSIZLAR MƏRHƏMƏTİ HÖKUMƏTDƏN GÖZLƏMƏLİDİRLƏR»

Bazardakı qəssablar isə deyirlər ki, bayram oldu-olmadı, onlar imkansızlara 10-20 qəpik, bəzən 1 manat güzəşt edirlər:

«İmkansız olanda gəlir ona 10- 20 qəpik, bəzən 1 manat ucuzuna ət veririk. Köməklik edirik, niyə eləmirik».

Amma bizim söhbətimizi kənardan dinləyən qəssab Musa Balayevə görə, insanlar hansısa ət satandan, meyvə satandan mərhəmət gözləməməlidir. Bayramlarda imkansızlara yönəlik tədbirləri hökumət təşkil etməlidir.

Ərzaq qiymətlərini monitorinq etməli olan İqtisadi İnkişaf Nazirliyinin antiinhisar xidmətindən öyrənə bilmədik ki, Ramazan bayramı ilə əlaqədar qiymətlərə nəzarət olacaq ya yox.

Qubad İbadoğlu
Kənd Təsərrüfatı Nazirliyi isə hər həftənin şənbə-bazar günləri kənd təsərrüfatı məhsullarının satıldığı yarmarkalar təşkil edir.

YENƏ RƏQABƏTİN OLMAMASI...

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, əslində hökumət kampaniyalar aparıb bayram günlərində bəzi iri şirkətləri də cəlb etməklə müəyyən ucuzlaşma yarada bilər. Amma indiyə qədər belə halın olmadığını bildirən iqtisadçının deməsinə görə, bu həm də oxşar ənənələrin Azərbaycanda kütləvi oturuşmaması ilə bağlıdır.

Qubad İbadoğlu Azərbaycandakı vəziyyətin əksinə olaraq Türkiyədə əksər şirkətlərin, ticarət mərkəzlərinin, iaşə xidmətlərinin bu cür kampaniyaya qoşulduğunu yada salır.
XS
SM
MD
LG