Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:48

Naxçıvan MTN-də müəmmalı ölüm


Turac Zeynalovun dəfni
Turac Zeynalovun dəfni
Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırılan Culfa rayon Ərəzin kənd sakini Turac Zeynalov evlərinə ölü olaraq göndərilib.

Turac Zeynalovun qardaşı İsa Zeynalov «Turan»a deyib ki, avqustun 24-də mərhum Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb və geri qayıtmayıb. 1980-ci il təvəllüdlü Turac Zeynalovun ailə üzvləri 1 gün sonra onun MTN-də olduğunu öyrənə biliblər. Valideynləri MTN-in yerli şöbəsinə gedib təkidlə Turac Zeynalovu tələb etdikdən sonra başına torba keçirilmiş halda onu yaxınlarına göstəriblər.

İsa Zeynalov:

«Onda onu başına torba keçirilmiş halda atama və həyat yoldaşına göstərdilər. O qədər döymüşdülər ki, yeriyə bilmirdi».

Mərhumun atası Şuriyyə Zeynalov isə bunları deyib:

«Bizə dedilər ki, oğlun vətən xainidir. O, İrana işləyir. Mən sübut tələb etdim və bildirdim ki, oğlum elə bir iş görməz. Onu məcbur edirdilər ki, xain olduğu haqqında ərizəyə imza atsın. O da bunu etmədiyinə görə döyüb öldürüblər».

İsa Zeynalov qeyd edib ki, mərhumun cəsədi MTN-dən gizlicə mərkəzi xəstəxananın meyitxanasına aparılıb. Avqustun 28-də isə qohumlarına xəbər verilmədən öz kəndinə yola salınıb. Yaxınları deyir ki, Turac Zeynalovun bədənində göy ləkələr, qançır izləri olub. Başı eybəcər hala salınıb. Ailə ölümün səbəbləri ilə bağlı heç bir sənəd, tibbi rəy almayıb. Zeynalovların hakimiyyətə müraciətləri cavabsız qalıb.

Valideynlər yerli hava limanında texniki işçi olan Turac Zeynalovun «İrana işləməsinin» nədən ibarət olmasından baş açmırlar. Turac Zeynalovdan başqa daha dörd nəfər Naxçıvan sakini MTN-ə çağırılıb. Onların da taleyi məlum deyil.

RATİ-nin Naxçıvan müxbiri Elman Abbasov da Turac Zeynalovun ailə üzvləri ilə görüşüb:

«NAXÇIVANDA HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA ETİBAR QALMAYIB»

Elman Abbasov
«Naxçıvanda güc strukturlarının insanlara qarşı amansızlığına «dur!» deyilməlidir. Bu hadisə artıq insanların Naxçıvanda hüquq-mühafizə orqanlarına etibar məsələsində tərəddüd yaradıb. İnsanlar kimdən kimə şikayət edəcəklərini bilmirlər. Sübutu olmayan iddiaya görə kiminsə Naxçıvanda MTN-ə çağırılaraq işgəncə verilərək öldürülməsi hüquq normalarına, qanuna və insanlığa sığmır. Hətta insanın günahı varsa belə, o, qanunlara uyğun olaraq cəzalandırılmalıdır».

Elman Abbasov deyir ki, o, mərhumun valideynlərinin taleyindən də narahatdır. Çünki ehtiyatlanır ki, jurnalistlərə müsahibə verdiklərinə görə onları Naxçıvanda incidə bilərlər:

«Turacın həyat yoldaşı bizə dedi ki, o, MTN-ə gedərkən heç bir cinayəti olmadığı üçün narahatlıq keçirmədiyini və tezliklə qayıdacağını bildirib. Amma evə qayıtmayıb. Sonra evlərində axtarış aparılıb. Amma heç nə tapa bilməyiblər. Qohumlarının dediyinə görə, 1 gün sonra MTN-də Turac Zeynalovu işgəncəyə məruz qalmış vəziyyətdə görüblər. MTN-in əməkdaşları deyiblər ki, tərbiyələndirmək üçün bir-iki sillə vurmuşuq. Ayın 28-də isə artıq onun öldüyü bildirilib».

Elman Abbasov deyir ki, avqustun 28-də onları zorla MTN-nin qarşısından uzaqlaşdırıblar. Kənddə getməyə və Zeynalovlar ailəsi ilə bir daha görüşməyə, dəfndən çəkiliş etməyə imkan verilməyib:

«Kəndim mollası da daxil olmaqla öyrədilmiş adamlar bizə mane olmaq üçün canfəşanlıq edirdilər. Əlavə 4 nəfərin də MTN apardıldığı barədə kənddən məlumat almışıq. Amma kimlikləri bəlli deyil. Atasının dediyinə görə, MTN-də ona deyiblər ki, oğlu vətən xainidir. Guya ona İrandan şübhəli zəng gəlib. Amma oğlu bu ittihamla razılaşmayıb və ona təqdim olunan ərizəni imzalamaqdan imtina edib. Buna görə də oğlunu döyüb öldürüblər».

Bütün bu deyilənlərə aydınlıq gətirmək üçün məsələyə həm MTN-in İctimaiyyətlə Əlaqələr şöbəsinin, həm də Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin münasibətini öyrənmək istədik. Ancaq görünür, iş günü olmadığından hər iki qurumdan telefon zənglərimizə cavab verən olmadı.

DEPUTAT BUNUN ŞAYİƏ OLDUĞUNU İSTİSNA ETMİR

Milli Məclisin Naxçıvandan olan deputatı Eldar İbrahimov hadisədən xəbəri olmadığını bildirsə də, onun şayiə olacağını da istisna etmir:

«İndi kim orada nə edib, deyə bilmərəm. Amma Naxçıvanda heç bir özbaşınalıq baş alıb getmir. Sadəcə olaraq Naxçıvanda görülən işlər, yaradılan nizam-intizam, qayda-qanun bəzi adamları narahat edir. Ona görə Naxçıvanda belə şayiələrə çox yol verirlər».
XS
SM
MD
LG