Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:10

Ramazan Bayramı nə vaxtdır?


Bir qisim müsəlman avqustun 29-da orucunu başa vurub, avqustun 30-da isə bayram namazını qılıb
Bir qisim müsəlman avqustun 29-da orucunu başa vurub, avqustun 30-da isə bayram namazını qılıb
Ramazan Bayramı təqvimi Azərbaycandakı müsəlmanlar arasında çaşqınlıq yaradıb. Azərbaycanda bir qisim müsəlman avqustun 29-da orucunu başa vurub, avqustun 30-da isə bayram namazını qılıblar. Digər bir qisim isə Qafqaz Müsəlmanları İdarəsinə istinadən avqustun 31-də Ramazan Bayramını qeyd edəcək.

Ramazan bayramı - Qəməri ayının sonu hilalın (yeni Ayın) görünməsi ilə müəyyən edilir. Ayın görünməsi ertəsi günün bayram olmasına işarədir.

Artıq dünya müsəlmanlarının müqəddəs saydığı Məkkə şəhərində bayram namazı qılınıb. Üstəlik, Türkiyədə də avqustun 29-da orucluq başa çatıb.

Şamaxı Rəsədxanası da avqustun 29-da axşam ayın göründüyünü açıqlayıb. Buna istinad edənlər də avqustun 30-u səhər bayram namazını qılıb, axşam isə bayram süfrəsi açacaqlar.

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ YENİ AYIN ÇIXMASINI TƏSDİQ ETMİR

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurası sədrinin müavini Hacı Sabir Həsənli ANS-ə deyib ki, avqustun 30-u bayram axşamı, 31-i isə Ramazan bayramıdır. Yəni, bayram namazı sabah saat 09:00-09:30 radələrində
Bakıda bayram namazı, 30 avqust 2011
qılınacaq.

Hacı Sabir bəzi müsəlman ölkələrinin Ramazan bayramını avqustun 30-da qeyd etməsini belə açıqlayıb:

«Nə vaxt ki, göydə təzə Ay göründü, həmin günün səhəri bayramdır. Onların iddialarına görə, Atlantik okeanının üzərində yeni ay görünüb. Lakin Qafqaz Müsəlmanları İdarəsi bunu təsdiqləmir. İdarəyə görə, bayram sabahdır. Mən özüm də bu gün oruc tutmuşam, sabah isə bayram namazını qılacağam».

Ramazan təqvimində bu fərq niyə ortaya çıxıb? Oruc tutanlar kimə inanıb orucunu açsın?

İŞİN İÇİNDƏ İRAN VAR?

Dini məsələlər üzrə ekspert Elşad Miri deyir ki, bu ayrılıq İranın məsələyə yanaşmasından qaynaqlanır:

Elşad Miri
«Şiə məzhəbindən olan insanlar İran, İraq ayətullahlarının sözünə əməl edirlər. Onlar nə vaxt desələr, o vaxt da orucu açacaqlar. İran da həmişə çalışır ki, bütün İslam dünyasından fərqlənsin. Ona görə də belə pərakəndəlik yaranıb».

Elşad Miri deyir ki, çaşqınlıq yaradan məqamlardan biri də odur ki, Qafqaz Müsəlmanları İdarəsi namaz cədvəlinin tərtibində Şamaxı rəsədxanasının məlumatlarını əsas götürür, Ramazan bayramında isə İranın cədvəlini:

«Qafqaz Müsəlmanları İdarəsi namaz cədvəlini rəsədxanaya uyğun olaraq təşkil edirsə, Ramazan bayramını İrana əsasən qeyd edirsə, onda insanlarda şübhə yaranır. Necə yəni, mən Şamaxı rəsədxanasına istinadən orucumu tutmuşam, namazımı qılmışam, amma bayram günü isə idarə rəsədxanaya inanmır. Bəs mən kimə inanmalıyam?».

Ramazan ayı Hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlanıb. Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Bu il orucluq avqustun 1-dən başlamışdı.
XS
SM
MD
LG