Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:43

2 aprel aksiyasına görə həbs edilənlərin məhkəməsi davam edib


2 aprel aksiyası
2 aprel aksiyası
Sentyabrın 1-də Səbayel rayon məhkəməsində 2 aprel aksiyasında iştirak etmiş bir qrup şəxsin məhkəməsi davam edib. Təqsirləndirilən şəxslər- Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural AbbaslıMəhəmməd Məcidlinin məhəkəmə prosesinə hakim Famil Nəsibov sədrlik edirdi.

Saat 11-də başlamalı məhkəmə 1 saata yaxın ləngidi. Sonradan hakim bunu təqsirləndirilən şəxslərdən hazırda zamində olan Fuad Qəhrəmanlının prosesə gecikməsi ilə izah etdi. Vəkillərin təqsirləndirilən şəxslərin həbslərinin ev dustaqlığı ilə əvəz olunması vəsatətinə münasibət bildirərkən dövlət ittihamçısı Ceyhun Kazımov isə bildirdi ki, onlar da Fuad Qəhrəmanlı kimi məhkəmə prosesinə gecikə bilərlər. Hakim vəsatəti rədd etdi.

Məhkəmə zalına əli qandallı gətirilən təqsirləndirilən şəxsləri tərəfdarları və yaxınları alqış sədası ilə qarşıladı. Hakim isə bildirdi ki, əgər məhkəmə zalında bu cür davranışlar müşahidə olunsa və ya kimsə yerindən replika atısa, o zalın boşaldılmasını tələb edəcək.

MƏHKƏMƏ SALONUNDA GÖZYAŞARDICI QAZ

Bunlara da nəzər yetirin
Proses başlayan kimi vəkil Əsabəli Mustafayev qeyd etdi ki, müdafiə etdikləri şəxslərlə tez-tez məsləhətləşməyə ehtiyac yaranacaq. Bunun üçün təqsirləndirilən şəxslər dəmir barmaqlıqlar arasından çıxarılıb onların yanında əyləşdirilsin. Hakim bu vəsatəti təmin etdi. Vəkil Anar Qasımlı isə prosesə zərərçəkən kimi cəlb edilən polis əməkdaşlarının silahla məhkəmə zalına gəlməsinin qadağan olunmasını istədi. Qeyd elədi ki, hazırda zalda olan polis əməkdaşlarından birinin üstündə o, gözyaşardıcı qaz olduğunu görür və bunu təhlükəsizlik qaydalarına zidd sayır. Hakim Famil Nəsibov bununla da razılaşdı və dedi ki, belə hallara bir də yol verilməsin.

TURAL ABBASLININ 23 SUALI

Proses boyu təqsirləndirilən şəxslərin vəkilləri ittiham aktının onlara aydın olmadığını bildirdilər. Anar Qasımlı dedi ki, hüquqlarını müdafiə etdiyi Tural Abbaslı hələ də nəyə görə həbsə atıldığını bilmir. Onun hakimə ünvanladığı 23 sualla bağlı Anar Qasımlı belə deyir:

“Tural Abbaslı aksiyada iştirakçı, yoxsa təşkilatçı olmasını aydınlaşdırmaq istəyir. O, martda 8 günlük həbs olunub, azadlığa çıxanda artıq mitinq qərarı verilmişdi. O aksiyanın necə təşkilatçısı ola bilər? Aksiya başlamazdan az əvvəl isə Mərkəzi Univermağın qarşısında polis əməkdaşı tərəfindən saxlanıb. Bu zaman Tural “Azadlıq, İstefa” şüarları qışqırıb. Biz istəyirik bilək ki, aksiyada adi iştirak nədir, fəal iştirak nədir? Neçə dəfə “Azadlıq, İstefa” şüarı qışqıranda fəal iştirakçı sayılırsan?

2 aprel aksiyası
Anar Qasımlı deyir ki, o, “özünü dəli oğlanlığa” qoymayıb, həqiqətən də Tural Abbaslı hansı hərəkətinə görə məhkəmədə cavab verməli olduğunu başa düşmür. O cümlədən, Arif Hacılı da dedi ki, o da ittihamın mahiyyətini anlaya bilmir. A. Hacılının sözlərinə görə, zərərçəkənlərin heç biri ifadəsində onların adını çəkməyib, bəs nəyə görə bu şəxslər bu işə zərərçəkən kimi cəlb olunublar?

Dövlət ittihamçısı Ceyhun Kazımov isə dedi ki, bu iddialar əsassızdır. Çünki istintaq zamanı təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər: “Əgər ittihamın mahiyyəti onlara aydın deyildisə, onda onlar nəyin əsasında özlərini təqsirli bilmirdilər”, - dövlət ittihamçısı soruşdu.

Tural Abbaslının vəsatəti təmin olundu.

Müsavat Partiyasının gənclər təşkilatının sədri Tural Abbaslı Yasamal Polis İdarəsində təzyiq və işgəncələrə məruz qalması ilə bağlı cinayət işi qaldırılması üçün Bakı şəhər prokurorluğuna müraciətinin rədd edilməsindən də hakimə məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi yazaraq, bu məsələyə hüquqi qiymət verilməsini istəyir. Hakim onun bu şikayətinin qəbul olunduğunu bildirdi. Tural Abbaslı öz şikayətində istəyir ki, ona verilən işgəncələrlə bağlı cinayət işi qaldırılmasının rədd olunması ilə bağlı Bakı şəhər prokurorluğunun şöbə rəisi Ceyhun Qurbanovun qərarı ləğv edilsin.

HAKİMLƏ ŞƏKİL ÇƏKDİRMƏK ARZUSU

Prosesdə səslənənlərin protokolda tam əksini tapacağına inamları az olduğunu dilə gətirən vəkillər məhkəmə prosesinin audio-video yazılışının aparılmasına icazə verilməsini istəsələr də, hakim buna yol verməyəcəyini bildirdi. Tural Abbaslı isə dedi ki, o, jurnalistlərin onun şəklini çəkməsini istəyir. Onun “Cənab hakim, istəyirəm sizinlə də bir şəklim olsun” söyləməsi prosesdəkilərin gülüşünə səbəb oldu. Amma hakim hər hansı foto çəkilişin aparılmasına da icazə vermədi.

MÜXALİFƏTDƏ OLMAQ MƏNFİ XASİYYƏT İMİŞ...

Təqsirləndirilən şəxs Məhəmməd Məcidli isə onun barəsində mənfi xasiyyətnamə verən Cəbrayıl rayonun Böyük Mərcanlı kəndinin ərazi üzrə icra nümayəndəsi Fəxrəddin Niftəliyevin şahid kimi məhkəməyə çağırılmasını istədi:

Məhəmməd Məcidli məhkəmədən çıxarılarkən
“O, məni yaxından tanımaya-tanımaya barəmdə belə bir xarakteristika verib. Yazıb ki, Məcidov həmişə müxalifətdə olub və ölkədəki siyasi –iqtisadi inkişafa öz prizmasından yanaşaraq narazı qalıb. Yazıb ki, mən bir neçə dəfə qəsəbə sakinləri ilə dalaşmışam”.

Hakim onun Fəxrəddin Niftəliyevin şahid kimi çağırılması vəsatətini təmin etdi. Müdafiə tərəfi həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu və şöbə müdiri Zaur Ramazanovun da şahid kimi çağırılmasını istədilər. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı dedi ki, onları qeyri-qanuni aksiyaya görə həbs ediblər. Halbuki, bu iddianı əsassız sayırlar . Hesab edirlər ki, Sərbəst Toplaşma Azadlığı haqqında qanunu pozmayıblar. Hakim şahidlərlə bağlı vəsatəti məhkəmənin gedişində dəyərləndirəcəyini bildirdi.

ARTIQ HÖKM VAR?

Vəkil Əsabəli Mustafayevin deməsinə görə, Səbayel rayon məhkəməsində 2 aprel aksiyasına görə saxlanan 6 nəfər barəsində çıxarılan hökmdə qeyd edilib ki, onların Arif Hacılı və bu zaldakı digər təqsirləndirilənlərlə birgə cinayətləri sübut olunub:

“Arif bəygilin məhkəmə prosesi indi başlayır, onların bu aksiyanın təşkilatçısı olub-olmadığı sübut olunmayıb. Amma artıq başqa bir məhkəmə prosesində onların “təşkilatçı” olduğu sübut kimi göstərilir. Bu, qanunsuzluqdur və belə çıxır ki, artıq bu məhkəmə prosesinin keçirilməsi əhəmiyyətsizdir.”

“İSTİNTAQ İŞİNİN ÖHDƏSİNDƏN GƏLMƏYİB”

Dövlət ittihamçısı ittihamı elan edəndən sonra ilk olaraq Arif Hacılı ifadə verməyə başladı. Təxminən 40 dəqiqəlik ifadəsi zamanı o, bu işin qondarma olduğunu, istintaqın yetərincə sübut toplamadığını bildirdi. O dedi ki, “təşkilatçı” kimi ittiham edilən şəxslərin heç biri mitinq qərarlarını vermək səlahiyyəti olan İctimai Palatanın Koordinasiya Şurasının üzvü deyillər:

“Bizim Bakının Fəvvarələr meydanında mitinq haqqında qərar verilməsində heç bir rolumuz yoxdur. Bakı şəhər polis idarəsi də bizi təşkilatçısı kimi tanımayıb, bizə xəbərdarlıq etməyib. Materiallarda da göstərilməyib ki, biz bir yerə yığışıb aksiya ilə bağlı müzakirə aparmışıq. İstintaqın borcudur ki, bizim günahımızı sübut etsin. Ancaq istintaq bu işin öhdəsindən gəlmədi”.

Arxiv foto
“HEÇ SAXTA SÜBUTLAR DA YOXDUR”

Arif Hacılı 2005-ci ilin parlament seçkisindən sonra həbs olunduğu cinayət işini xatırlatdı. Onun sözlərinə görə, o zaman iş materiallarında saxta da olsa ifadələr vardı ki, onlara filankəslər göstəriş verib: “Saxta sübutlar bizə onları təkzib etməyə imkan yaradırdı. Təəssüf ki, bu işdə heç saxta sübutlar da yoxdur”.

Arif Hacılı dedi ki, 2 aprel aksiyası zamanı mağaza şüşələri sındırılıb, amma bu hərəkətə yol verən şəxslərin heç biri tapılıb istintaqa cəlb olunmayıb:

“30 nəfərlik istintaq qrupunun 4 ay ərzində şüşə sındıranların şəxsiyyətini müəyyən edə bilməməsi, mətbuatda da gedən foto-video materiallarda sifətləri açıq görünən bu şəxslərin tapılmaması suallar doğurur”.

Arif Hacılı 2 aprel aksiyası zamanı saxlananda polisə tabe olmasına baxmayaraq, fiziki təzyiqlərə məruz qaldığını da bildirdi. O ifadəsini siyasi çıxışa çevirib bildirdi ki, Baltikyanı ölkələrin maliyyə gəlirləri Azərbaycanınkından azdır, amma onlarda həyat şəraiti yüksəkdir:

“Çünki bu ölkələrdə demokratiya var, biz də Azərbaycanda demokratiya istəyirik. Sizi əmin edirəm, bu baş verəcək.”

Müsavat funksionerinin çıxışına zalda əl çalmaqla reaksiya verilməsinə isə hakim sərt reaksiya verib zalın boşaldılmasını tələb etdi. Amma Arif Hacılı israrla bildirdi ki, əl çalanlar fasilədən sonra zala yeni gələnlərdir və onların hakimin səhərki qadağasından xəbəri yoxdur.

Məhkəmənin növbəti iclası sentyabrın 5-ə təyin edildi.

Avqustun 25-də 2 aprel məhbuslarından 6 nəfərinə Səbael rayon məhkəməsində hökm oxunub.

AXCP üzvü Arif Alışlı 3 il, bitərəf Elnur İsrəfilov 2 il 6 ay, AXCP üzvü Zülfüqar Eyvazlı 1 il 6 ay, AXCP sədrinin müşaviri Sahib Kərimov 2 il, AXCP üzvü Babək Həsənov 1 il 6 ay, Müsavat üzvü Elşən Həsənov 2 il azadlıqdan məhrum edilib.

Müttəhimlər ittihamları qəbul etmir, həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG