Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:47

Sarkisyan BMT-də Azərbaycanı ittiham etdi


Serj Sarkisyan BMT Baş Assambleyasında çıxış edir. 23 sentyabr 2011
Serj Sarkisyan BMT Baş Assambleyasında çıxış edir. 23 sentyabr 2011
Ermənistan prezidenti Serj Sarkisyan BMT-nin Baş Assambleyasındakı çıxışında Azərbaycanı Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə hazır olmamaqda günahlandırıb:

“Azərbaycanın “ya hər şey, ya da müharibə” mövqeyi sülh danışıqlarının dalana dirənməsi ilə nəticələnib”.

Sarkisyan bu yaxınlarda BMT-yə üzv qəbul edilən Cənubi Sudan dövlətini təbrik edib.

Cənubi Sudan referendum keçirərək Sudanın mərkəzi hökumətinin nəzarətindən çıxıb.

Ermənistan prezidenti deyib ki, Dağlıq Qarabağ da Cənubi Sudan kimi “20 il qabaq öz seçimini edərək, öz müqəddəratını həll etmək hüququndan yararlanaraq, Azərbaycanın başladığı müharibəyə sinə gərərək öz azadlıq haqqına qovuşub”.

Sarkisyan iki ölkə prezidentinin sonuncu - Kazan görüşündə irəliləyiş əldə edilməməsində Azərbaycanı ittiham edib. O, Azərbaycanın “əvvəllər razılaşdırılmış məsələləri rədd etməkdə”, “ermənifobiyanı dövlət siyasətinə çevirməkdə” günahlandırıb.

Sarkisyan iddia edir ki, Azərbaycanın dövlət təbliğatı ermənilərə nifrəti gənclər arasında da yayıb və bu, gələcəkdə yanaşı yaşama perspektivlərinə zərbə vurur.

Ermənistan prezidenti Azərbaycanı “qara piar”da suçlayıb, cəbhə xəttində erməni silahlı qüvvələrinin “uşaqları qətlə yetirməsi” ilə bağlı məlumatları “ağ yalan” adlandırıb.

Sarkisyan Azərbaycanı atəşkəsi pozmaqda və münaqişənin sülh yolu ilə həlli haqda sənədlərin altında Azərbaycan prezidentinin qolu olmasına baxmayaraq müharibə çağırışları etməkdə günahlandırıb.

Ermənistan prezidenti öz çıxışında həm də Osmanlı Türkiyəsində ermənilərin qətlini soyqırımı kimi tanınmasının vacibliyindən danışıb. O, türk liderlərini də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması haqqında protokolların həyata keçməsinə maneçilik törətməkdə ittiham edib.
XS
SM
MD
LG