Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:32

Salam Sarvan və Aqşin Yeniseydən reaksiyalar


"Oxu zalı"nın redaktoru Rövşən Qəmbərovun "Kamal Abdullanı xorla tərifləmək..." yazısına daha iki reaksiya.

R.Qəmbərovun yazısında "tərifnamə" olduğu iddia edilmiş yazıların dərc edildiyi Kultaz.com saytı Kamal Abdullanın rektoru olduğu Bakı Slavyan Universitetinin nəşriyyatının direktoru, şair Salam Sarvan və nəşriyyatın əməkdaşı, şair Aqşin Yeniseyə müraciət edərək onların da yazıya münasibətini dərc edib.

SALAM SARVAN:


Təkcə Rövşən bəy deyil ki, Azərbaycanda ədəbiyyata orta statistik oxucunun münasibəti demək olar ki, belədi.

Hər şeyi öz arşınınla ölçmək hələ dərdin yarısıdı. Ən dəhşətlisi odur ki, hər şeyi bir ölçü vahidiynən ölçəsən – yəni ədəbiyyata münasibətin ədəbiyyatın öz ölçüləriylə deyil, məsələn, siyasətin ölçüləriylə formalaşa…

Məsələn, Sartrın “İntim”, ya da Çexovun “6-cı palata” hekayəsi və Səməndər Üsyankarın “Prezidentə istefa” əsərləri arasında seçimdə üstünlüyü Səməndərə verəsən. Arqumentin də bu ola ki, Sartr tumanda, Çexov xalatda gizlənib, Səməndər isə Prezidenti tənqid eləmək cəsarəti göstərib. Və bununla da dünya ədəbi standartlarını infarkt eləyəsən, Lorkanın gorun çatladasan, Heminqueyin başına hava gətirəsən: “di get, ağzın tökülsün!”.

Bizdə hələ də yazıçıya nədən yazmaq baxımından diktə eləmək hikkəsi var: niyə bu günümüzün problemlərindən yazmırsan, niyə millətin dərdlərindən yazmırsan. Birdəfəlik bilmək lazımdı: ədəbiyyat insanın azad ola biləcəyi yeganə yerdir. Bu, həm də o deməkdir ki, yazıçı yaradıcılığında hər cür ideoloji tələblərdən, cəmiyyətin sosial umacaqlarından, hətta yersiz milli təəssübkeşlikdən də azaddır.

BIZ ÖZ GÜLƏŞÇİMİZİN TATAMİ ÜSTÜNDƏKİ QƏLƏBƏLƏRİYLƏ KİFAYƏTLƏNMƏLİYİK, TA ONUN QOLUNUN GÜCÜ VAR DEYƏ AZƏRBAYCANIN BAŞQA YÜKLƏRİNİ DƏ DAŞITDIRMAMALIYIQ ONA.

Ədəbiyyatda da belədi – yazıçıdan o taylı-bu taylı Azərbaycanı birləşdirməyə, Qarabağ probleminin həllinə töhfələr yox, ədəbi-estetik qələbələr ummaq lazım. Ədəbi-estetik dəyərlər baxımından isə Qarabağı itirməyimiz yazıçı üçün uzaqbaşı, məsələn, Napoleonun öz sərkərdələrindən birini itirməyə bərabər bir şeydir, ondan artıq deyil.

Dünyada çoxdan qəbul olunub e: əxlaq bədii əsərin məqsədi deyil, predmetidir.
Sovet dövründə ədəbiyyatı əmək qəhramanı yetişdirməyə TƏHRIK edən zehniyyətlə indi də ədəbiyyatı milli qəhrəman, inqilabçı yetişdirməyə TƏHRIK edən zehniyyətin heç bir fərqi yoxdur.

O yerdə ki, ədəbiyyata məmura olan tipik məişət antipatiyası ovqatında yanaşılır, Kamal Abdulla kimi yazıçıların işi çox çətindi. Belə “əxlaqi” qaragüruh, mənəvi şantaj qarşısında əsərlərini bəyənənlər də onun haqqında yaxşı fikirlər yazmağa çəkinirlər. Bizdən nə desən çıxır da – biz məişət kompleksləriylə dolu, utancaq, çəkingən, saxta ictimai rəy qarşısında qorxaq Azadlıq çarçılarıyıq.

Belə çıxır ki, Rövşən bəyin də içində olduğu orta statistik düşüncə bu məntiqi diktə eləyir: “Robinzon Kruzo”nu dəyərləndirməyin, çünki Defo dövlət qəzetinin redaktoru kimi saray məmuru olub, “Faust”u tərifləməyin, çünki, Gete sarayda rəsmi vəzifə tutub, Nazim Hikmətin şeirlərini sevməyin, çünki kommunist idi, Əkrəm Əylisliyə yaxşı yazıçı demək olmaz, çünki deputat olub, Orxan Pamuksa milyonçudur deyə, adını da çəkməyin. Bu məntiqlə Tolstoy də öz əsərlərini pul verib yazdırıb, çünki imkanlıydı.

Dünyada hər şeyin getdikcə incələndiyi-incəldiyi, hər şeyin QRAMLARLA ölçüldüyü vaxtda da biz PUDLARLA danışmaq şakərimizdən əl çəkə bilmirik ki, bilmirik.

AQŞIN YENISEY:

Rövşən bəyin tələskənliyi ondan ibarətdir ki, bizə ədəbi tənqid dərsi vermək istəyib, özü də az qala “qulaqburması” kimi.

Adam yazısında təxminən belə bir ədəbi tezis irəli sürür ki, Kamal Abdulla günümüzün ictimai-siyasi problemlərini yazmaq əvəzinə miflərin, divlərin, əcinnələrin arxasında gizlənir.

Ədəbiyyatda belə bir ölçü vahidi yoxdur. Belə yanaşma cavabı gülünc bir sual doğurur; indi nə etməliyik? Kafkanı yəhudi ailəsinə xas olan mühafizəkarlığın, Eliotu ingilis aristokratiyasının, Koelyonu Tövrat rəvayətlərinin, Tompsonu heyvanat aləminin, Əkrəm Əylisilini Buzbulaq kəndinin, Nəsimini hürufizmin, Füzulini imam Hüseynin qəbrinin, Şoloxovu Don kazaklarının, Kavabatanı yapon ənənələrinin arxasında gizləndiyinə görə ədəbiyyatdan sil-süpür etməliyik?

Türklər demiş, anlamadım gitti.

Kultaz.com
XS
SM
MD
LG