Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:26

Parlamentdə Urmiyə gölü və mübahisə


«Milli Məclisin binasına yaxşı muzey yox, parlament deyilməsi üçün onun divarları arasında ciddi diskussiyalar getməlidir». Bunu sentyabrın 30-da keçirilən plenar iclasda «Ali tibb təhsili haqqında» qanunun qəbuluna ehtiyac olduğunu izah etməyə çalışan deputat Zahid Oruc onun mikrofonunu söndürüb necə deyərlər sözü ağzında qoyan spiker Oqtay Əsədova dedi:

«Oqtay müəllim, mən sizin siyasi dözümlülük baxımında qüdrətli bir adam sayıram. Amma bu divarlar arasında ciddi debatlar, diskussiyalar olmasa, bura yaxşı arxitekturalı bina, muzey deyəcəklər, lakin parlament deməyəcəklər».

Spiker Oqtay Əsədov isə Zahid Oruca hələ cavan olduğunu və ona dərs keçməyə nə yaşı, nə də təcrübəsinin çatmadığını bildirdi.

Parlamentin payız sessiyasının ilk iclasında xeyli mövzulara toxunuldu. Deputatlar İranda Urmu gölünün qurumasından tutmuş, Azərbaycanda vəkillik institutunun sıradan çıxarılmasına qədər hər şeydən danışdılar. Çıxışlar bəzi hallarda elə bir həddə çatırdı ki, spiker mikrofonu söndürüb millət vəkilini çox sərt danışmamağa çağırırdı.

Azər Tağıyev
«AZƏR TAĞIYEV YUXUSUNDA NƏ GÖRÜR, ONU YAZIR VƏKİL HAQQINDA»

Deputat Fazil Mustafa son vaxtlar bəzi vəkillərin fəaliyyətinə müxtəlif əsaslarla son qoyulması məsələsinə diqqəti yönəltdi. Dedi ki, artıq ölkədə vəkillik institutu sıradan çıxarılır. Bu tendensiya davam etsə məhkəmə sistemini də zədələyəcək. Bəlkə problem vəkillərdə yox, Vəkillər Kollegiyasının rəhbərliyindədir?

Deputat İqbal Ağazadə İsə Vəkillər Kollegiyasının sədri ilə bağlı məsələni bir qədər konkretləşdirdi:

«Aksiyada saxlanılanların hüquqlarını müdafiə edən vəkillərə çox təəssüflər olsun ki, Azər Tağıyev hər gün bir qondarma ittiham yazır. Osman Kazımov haqqında verdiyi qərarı xatırlayın. Ondan sonra Xalid Bağrov, Elçin Namazov, Elçin Rüstəmov haqqında qondarma şeylər yazıb göndərir. Bu Vəkillər Kollegiyası ləğv edilməli və burada «Vəkillik institutu» haqqında yeni qanun qəbul olunmalıdır. Azər Tağıyev yatıb yuxusunda nə görür, onu yazır vəkil haqqında. Yazır ki, adam vəkilliklə pul qazanır, gedir dövlət çevrilişi hazırlayır. Bu şəkildə qondarma ittiham irəli sürən adam həm Vəkillər Kollegiyasında təmsil olunur, həm də MSK-da».

Çıxışın bu yerində Oqtay Əsədov İqbal Ağazadənin də mikrofonunu söndürməli oldu.

«İqbal Ağazadə, Milli Məclisdə belə aqressiv çıxış etməyin. Təkliflərinizi verin. Kimsəni təhqir etmək lazım deyil».

Həbsdə olan Arif Hacılı
MÜSTƏQİLLİK NAMİNƏ AZAD EDİLMƏLİ

İclasda Fazil Mustafa, İqbal Ağazadə İctimai Palatanın 2 aprel aksiyasına görə saxlanılanların həbsdən azad olunmalarını təklif etdilər. Fazil Mustafa Arif Hacılı, Nemət Pənahlı və digərlərinin Azərbaycanın müstəqilliyinin bərpası naminə azad olunmasını zəruri saydı. Arif Hacılının azad olunması məsələsinə deputat Qüdrət Həsənquliyev də toxundu. İqbal Ağazadə isə bu işi ölkənin imici naminə həyata keçirməyin vacibliyini vurğuladı.

Deputat Siyavuş Novruzov isə həbsdə olanların siyasi mənsubiyyətinə görə deyil, cinayət əməllərinə görə cəza çəkdiklərini bildirdi:

«Əgər kimsə bu və ya digər şəkildə cinayət törədibsə, o hansısa müəllimdən, hakimdən artıq deyil, cəzasını çəkməlidir. «Vicdan məhbusu» və sair yeni adlar kəşf edirlər. Onlar cinayət törədiblər. Əgər kimsə razılaşmırsa, versin Avropa Məhkəməsinə».

MƏKTƏBLİ FORMASI 150 MANATA

İlk iclasda son vaxtlar gündəmdə olan Təhsil Nazirliyinin də bostanına daş atıldı. Söhbət məktəbli formalarının istehsal olunduğu müəssisədən, onun satış dükanının qarşısında növbədən başlayıb düz nazirliyə qədər gedib çıxdı. Siyavuş Novruzov hesab etdi ki, məktəbli formasını yalnız bir müəssisənin tikməsi düz deyil. Kim harada istəyir, orada da tikdirib geyinməlidir. Məsələn istəyən olsa lap elə Fransada və ya Türkiyədə də sifariş edə bilsin bu formaları.

Vahid məktəbli forması
Deputat Elmira Axundova isə formaların sintetik materialdan olmasından, onların səhhət üçün təhlükə yaratmasından və şagirdlərə baha satılmasından danışdı:

«Avqust ayında mənə bir valideyn müraciət edib. Deyib ki, «mən kasıb adamam, pulum yoxdur. Amma məktəbin direktoru məktəbi öz vəsaiti hesabına təmir etdirdiyini bildirib, hər valideyndən məktəbli forması üçün 150 manat pul alır». Mən də bu qanunsuzluğun aradan qaldırılması üçün Təhsil Nazirliyinə məlumat vermək istədim. Təəssüf ki, nə cənab nazir, nə onun müavinləri, nə də şöbə müdirləri ilə əlaqə saxlaya bilmədim. Telefona cavab vermirlər».

URMİYƏ GÖLÜNƏ BİGANƏ QALMAYIN

Payız sessiyasının ilk iclasında haqqında ən çox danışılan məsələ isə İranın azərbaycanlılar yaşayan ərazisində yerləşən Urmiya gölünün quruması oldu. Söhbəti deputat Qənirə Paşayeva başladı. İran dövlətinə səslənib dedi ki, «Azərbaycan əleyhinə xərclədiyiniz pulları Urmiyə gölünün xilasına sərf edin». Deputat beynəlxalq təşkilatları bu məsələyə diqqət yetirməyə çağırdı.

Millət vəkili Fəzail Ağamalı isə parlamenti bu məsələyə biganə qalmamağa çağırdı:

«Urmiyə gölünün quruması 5700 kvadrat kilometrdə böyük fəlakət yaradacaq. Artıq həmin gölün suyu 7 metr azalıb. 157 hektar sahə duzlağa çevrilib. Bu proses davam etsə, yaxın 2-3 ildən sonra Azərbaycanda daxil olmaqla biz duz tozunun içərisində məhv olacağıq. Orada 10 milyon insan böyük humanitar fəlakətə məruz qalacaq, yerlərini dəyişəcək».

Fəzail Ağamalı hesab edir ki, Azərbaycan bu məsələ ilə bağlı həyəcan təbili vurmalı, Milli Məclis İran parlamentinə bu fəlakətin aradan qaldırılması işində sahədə
Urmiyə gölü

əməkdaşlıq üçün müraciət etməlidir.

Deputat Siyavuş Novruz isə deyir ki, «düzdür, Azərbaycan tərəfi bu məsələdə öz dəstəyini versin, amma İrandakı azərbaycanlılar da səslərini çıxarmalıdılar. Onlar ölkə əhalisinin yarısını təşkil edirlər. Ayağa qalxıb bu məsələyə münasibət bildirsinlər».

Payız sessiyasının ilk iclasında həmçinin təhsildə, səhiyyədə islahatlardan danışıldı, müstəqillik aktının qəbul olunmasında iştirak edən keçmiş deputatların sosial vəziyyətinin yaxşılaşdırılması, 100-dən artıq yaşı olan vətəndaşların qeydiyyatı aparılıb onlara xüsusi dövlət qayğısının göstərilməsi, aparılan söküntülər nəticəsində ölkədə yeni söküntü köçkünlərinin yaradılmasına yol verilməməsi, ictimai yerdə siqaret çəkilməsinə son qoyulması, Azərbaycanda diplomatik korpusun nümayəndələrinin fəaliyyətinin nəzarətə götürülməsinin hüququ bazasının yaradılması və sair təkliflər də səsləndi.
XS
SM
MD
LG