Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:56

Mövsüm Səmədov son söz dedi


Mövsüm Səmədov
Mövsüm Səmədov
Oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakimiyyəti zorla ələ keçirməkdə və terrora hazırlıqda ittiham olunan İslam Partiyasının sədri Mövsüm Səmədov və daha 6 nəfər son sözlə çıxış edir.

M.Səmədov son sözlə çıxışında bildirib ki, «məhkəmə sifariş yerinə yetirir, şahidlərdən isə aldatma və təzyiq yolu ilə ifadələr alınıb». O deyib ki, başqalarının da həbs olunması onun 2 yanvar çıxışına görədir.

Məhkəmə zalına isə müttəhimlərin qohumlarının çoxu buraxılmayıb. Məhkəməyə gələnlərdən biri Sərdar Hacıhəsənli AzadlıqRadiosuna bildirib ki, məhkəmə binasını polis mühasirəyə alıb, adamları sıxışdıraraq zorla ərazidən uzaqlaşdırıblar:

«Polislər, mülkigeyimli şəxslər qadın-kişi bilmir, yumruq, təpik atır, üstümüzə qışqırır, alçaldıcı sözlər deyirlər».

Bu iş üzrə ibtidai istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb. İttihama görə, M.Səmədov rəsmi dövlət qeydiyyatı olmayan İslam Partiyasına daxil olan bir neçə nəfərlə ölkədə terrora hazırlıq işləri aparıb. Cihada çağırışa, mövcud hakimiyyəti dəyişməyə yönələn hərəkətlər edib.

İstintaq orqanı cinayət işinin başlanmasına əsas kimi M.Səmədovun yanvarın 2-də hicabla bağlı çıxışını göstərib. İttiham aktında qeyd olunur ki, partiyanın hazırda həbsdə olan üzvləri, o cümlədən M.Səmədovun həbsdə olan qohumları ətrafında aparılan əməliyyatlar zamanı silahlar aşkar edilib.

Ancaq M.Səmədov və onunla birlikdə həbs olunanlar ibtidai istintaqa verdikləri ifadələrində özlərini təqsirli bilmədiklərini deyiblər. Onlar silahların yaşadıqları mənzilə kənardan atıldığını bildiriblər.

«SİLAHI ƏMƏLİYYATÇILAR ATIBLAR»

Bakı Ağır Cinayətlər Məhkəməsində son sözlə çıxış edən İslam Partiyası fəalları - Vaqif AbdullayevFərəməz Abbasov bildiriblər ki, mənzillərindən tapılmış silah onların olmayıb.

Silahı evlərinə əməliyyatçılar atıblar.

Onlar özlərini günahkar saymadıqlarını bildiriblər. Məhkəmədən bəraət istəyiblər.

Fasilədən sonra təqsirləndirilənlər son sözlə çıxışlarını davam etdirəcəklər.

İslam Partiyasının sədri Mövsüm Səmədov və daha 6 nəfər hakimiyyəti zorla ələ keçirməkdə və terrora hazırlıqda ittiham olunurlar.

İSLAM PARTİYASININ 2 ÜZVÜ SAXLANIB

İslam Partiyasının 2 üzvü - Məhəmmədəli AxundzadəSeyidhəsən Həsənovu polislər Nəsimi rayon 22-ci polis bölməsinə aparıb. Onlar İslam Partiyası sədri və daha 6 nəfərin məhkəməsini müşahidə etmək istəyirmişlər.

Xəbəri AzadlıqRadiosuna İslam Partiyası sədrinin müavini İnqilab Əhədli verib.

22-ci polis bölməsindən isə bu haqda məlumat verə bilməyəcəklərini dedilər.
XS
SM
MD
LG