Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:13

Professor: “Rövşən Qənbərovun mövqeyi anlaşılmazdır”


Rövşən Qənbərovun “Azadlıq” radiosunun saytında «Kamal Abdullanı xorla tərifləmək…» adlı yazısı bir daha aşkarladı ki, bir çoxları sənətə bədiyyat meyarları ilə yanaşmır.

Həqiqi sənət mövzu populyarlığı və kütlə zövqü ilə dəyərləndirilməməlidir.

Obıvatel populyarlığı şou təfəkkürünə xasdır, əsl sənətə yox. Mövzu bədiiyyatın üst qatıdır, mətləb isə dərində, mətnin alt qatındadır.

Kamal Abdullanın üç romandan ibarət trilogiyası, fikrimcə, işarəvi baxımdan vahid mətndir və bu mətnin alt qatı bir çox etnopsixoloji və aksioloji anlamları, zamanın, məkanın, insanın dərki ilə bağlı konsept və simvolları ehtiva edir.

Bu məsələlərdən başlıcası milli şüurumuzda zamanın, tarixin və bu zəmində özlüyümüzün dərki kimi mühüm fəlsəfi anlayışlar, bütövlükdə etnik dünya mənzərəsidir.

Eyni zamanda, Kamal Abdulla mətni məhz öz oxucusuna yönəlmiş və onu daxili mənəvi fəallığa, düşüncəyə sövq edən reseptiv mətndir.

Yazıçının ən böyük nailiyyəti də məhz “düçünməyə qabil olanları düşünməyə məcbur etməkdir” (E.Delakrua).

Heç bir əsər hamı üçün yazılmır, hər əsərin öz dəyərlər sistemi və oxucu çevrəsi var.


Kamal Abdulla
Kamal Abdulla
Buna görə də Kamal Abdulla mətninə yuxarıda qeyd etdiyimiz anlayışlar üzərində düşünməyə meylli ədəbi həmkarlarının reaksiyası təbiidir.

Rövşən Qənbərovun təbirincə, ““semiosfera”, “paralel dünyalar” və s. gurultulu terminlər” işlədən bu araşdırıcıların digər yazarlara guya ögey münasibətinə gəldikdə isə, demək istərdim ki, fəlsəfi, mifopoetik, semiotik mətləblərin tətbiqi o yerdə mümkündür ki, material buna imkan versin.

Kamal Abdulla öz oxucusunu (tək Azərbaycanda yox, Rusiya, Fransa, Türkiyə, Braziliya, Polşa, Gürcüstan, Estoniya və digər ölkələrdə) tapmış, ədəbi taleyi uğurlu yazıçılardandır.

Və əsərə, tənqidi yazılara mahiyyətcə yanaşmayaraq, yazıçıya və onun oxucularına subyektiv münasibət bildirən Rövşən Qənbərovun mövqeyi ən azı anlaşılmazdır.

Asif Hacılı,
filologiya elmləri doktoru,
professor
kultaz.com

Rövşən Qəmbərovun tənqid edildiyi digər yazılar
Salam Sarvan və Aqşin Yenisey
Timurçin Əfəndiyev
Tehran Əlişanoğlu
Etimad Başkeçid
XS
SM
MD
LG