Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:51

Azərbaycanı «Eurovision»da Yelena da təmsil edə bilər


Azərbaycan Eurovision-2012-yə start verir
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00
Direct-ə keçid

"Eurovision-2012" Milli Seçimi başladı. Yelena Kərimova sənədlərini müsabiqəyə təqdim edənlərdən biridir. Ülkər Akifqızının reportajı

Şərifzadə 241, İctimai Televiziyanın yerləşdiyi ünvan. «Eurovision-2012»-də iştirak etmək istəyən, hətta növbəti qələbəni Azərbaycana gətirməyə iddialı gənc qızlar və oğlanlar bura üz tutmalıdırlar. Elanda belə deyilir. Amma... Müsabiqədə iştirak etmək istəyənlərin sıraya düzüldüyünü gözləyirdinizsə, səhviniz var. Müraciət edənlər tək-tükdür. Hər halda, mühafizəçi gündə ən yaxşı halda 4-5 nəfərin gəldiyini deyir.

On dəqiqə keçməmiş gənc bir qız həyəcanla yaxınlaşır. Ona «gözləməlisiz, sənədlərin qəbulu saat 2-dən sonra başlayır» deyirlər.

MAVİ GÖZLÜ «SARI GƏLİN»: «ŞAHLIQ QUŞU KİMİN BAŞINA QONDUSA»

- Uşaqlıqdan bu müsabiqədə - «Eurovision»da iştirak etmək istəyirəm. Hər şey həm də uğurdan, bəxti gətirməkdən də asılıdır. Yəni şahlıq quşu kimin başına qondusa...

Mavi gözlü, sarışın, zərif bir xanım. Bu 24 yaşlı Yelena Kərimovadır. İngilis, rus dillərində sərbəst danışır. Azərbaycan dilində danışmağa dəfələrlə cəhd etsə də, həyəcanı buna aman vermir.

- Mən uşaqlıqdan mahnı oxumağı çox sevirəm. Və mənim arzum... Davayte s naçalo... Kak skazat... Mənim arzum mühənni olmaqdır.

Amma Yelena az sonra Azərbaycan dilində oxuyanda başa düşürük ki, ona doğrudan da həyəcanı mane olurmuş.

Bakı Slavyan Universitetinin məzunu, filoloqdur. Yelena indiyədək müxtəlif müsabiqələrdə iştirak edib. Musiqi təhsili yoxdur:

- Düşünürəm ki, «Eurovision»da iştirak etmək üçün öz üzərində işləmək lazımdır. Uzun müddət işləmək. Əlbəttə ki, səs lazımdır, xarizma, artistlik lazımdır. Kim öz üzərində işləyəcəksə, onun da keçmək şansı var. Düşünürəm ki, mənim şansım var. Ən azı mən əlimdən gələni edəcəm. Niyə mən? Mən öz ölkəmi çox sevirəm.

«BU SEVDA NƏ SEVDADIR»

Yelena bizə studiyada çəkilən şəkillərini göstərir, gözəl düşüb. Sonda isə həyəcanla bir xalq mahnısı oxuyur:

Eurovision seçimlərinə qatılan Yelena
Eurovision seçimlərinə qatılan Yelena
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər, Sarıgəlin.
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər,
Neynim aman, aman, Sarıgəlin...

Həmkarım Ülkərlə mən bu ifanı bəyəndik. Amma Yelenanın ifasına peşəkarlardan ibarət münsiflər qiymət verəcəklər. Eyni zamanda tamaşaçıların rəyi də nəzərə alınacaq. Bu, müsabiqənin qaydasıdır.

Yelena ilə söhbəti başa çatdırıb növbəti iştirakçını gözləmək istəyirik. Amma İctimai Televiziyanın mühafizəçisi nəzakətlə bizə «İşinizi yekunlaşdırın, daha getməlisiz» deyir.

«HƏLƏ MİLLİ SEÇİMLƏR BAŞLAYIR»

İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədova zəng vurub görüş istəyirik. Deyir: «Xoş gəlmisiz, amma indi başım qarışıqdır. İsveçrədən nümayəndə heyəti gəlib, onlarla toplantıdayam».

Qısa telefon söhbətində Tahir Məmmədov da etiraf edir ki, müsabiqə ilə bağlı onlara müraciət edən azdır. Hələlik 10-15 nəfər müraciət edib. Ancaq bunu da deyir: «Tələsməyək, vaxta bir neçə gün var».

«Eurovision - 2012» mahnı müsabiqəsinin Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün milli seçim turu başlayıb. Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər müsabiqəyə dəvət olunur. İştirak etmək istəyənlər oktyabrın 15-dən 25-dək «Eurovision»un Azərbaycandakı təşkilatçısı və yayımçısı olan İctimai Televiziyaya müraciət edə bilər.
XS
SM
MD
LG