Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:02

Zirəlilərə Xruşşovdan qalan problem


Zirə kəndi
Zirə kəndi
Xruşşovun zirəlilərə verdiyi torpağı hələ də sənədləşdirə bilmirlər. Kənd sakini, 57 yaşlı Fikrət Əliyev deyir bu il martın 9-da xeyli sevinibmiş. Həmin gün prezident İlham Əliyev keçirdiyi müşavirədə daşınmaz əmlakların, həm də qanunsuz tikililərin sənədləşdirilməsində yaradılan əngəlləri pisləyib və əlaqədar qurumlara göstəriş verib. Fikrət Əliyev də deyir ki, nəhayət ki, 20-ci əsrin əvvəllərindən qalan probleminin 21-ci əsrdə həll olunacağına ümidi birə yüz artıb.
Fikrət Əliyev deyir bir müddət onların əlində olan sənədlər «ev dəftəri» dən ibarət olub. 60-cı illərdə, Xruşşov hakimiyyəti dövründə (Nikita Xruşşov 1953-cü ildən 1964-cü ilə kimi Sov.İKP MK Baş katibi olub) vergiləri yığmaq üçün ucdan tutma hamıya texniki pasport verilib.
«İndi bizdə olan bircə həmin texniki pasportdur. Gedirəm BTİ-yə (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti)-inventar büroya evi özəlləşdirməyə, deyirlər Torpaq Komitəsindən kadastr planı götürməlisən. Komitədə deyirlər həmin torpağın sərəncamı olmalıdır. Arxivdə yoxdur, icra hakimiyyətində hər hansı sənəd yoxdur. İcra hakimiyyəti deyir biz verə bilmərik, bu torpaqlar adamlara verilib ötən əsrin 30-cu illərində. Deyirlər, gözləyin qanun olacaq».
VƏ PREZİDENTİN GÖZLƏNİLƏN SƏRƏNCAMI
Zirə qəsəbəsinin icra nümayəndəsi Tahir Əliyev isə prezidentin keçirdiyi müşavirədə onlara verilən bütün tapşırıqları yerinə yetirdiklərini bildirir. Deyir sənədlərin toplanmasına onlara 2 ay vaxt verilibmiş və həmin müddətə bütün sənədləri hazırlayıb Bakı şəhər İcra Hakimiyyətinə təqdim ediblər:
«İndi gözləyirik ki, prezident sərəncam versin, biz də ona uyğun hərəkət edək, amma hələki heç bir şey yoxdur. Əlbəttə prezident sərəncam verməlidir ki, hansı şərtlərlə həmin evlər, torpaqlar özəlləşdirilsin, sənədləşdirilsin».
«EVİMİZ 70 İLDİR SƏNƏDSİZDİR, DEYİRLƏR BİR AZ DA GÖZLƏ»
Sənədləşmə işlərinə hələ prezidentin göstərişindən xeyli əvvəl başladığını deyən Fikrət Əliyev deyir ki, sonuncu müraciət etdiyi ünvan 2 saylı Bakı İnzibati - İqtisad məhkəməsi olub. Orda da ona gözləməyi məsləhət görüblər:
«Məhkəmədə mənə dedilər ki, sən tez gəlmisən. Çünki layihə hələ yeni hazırlanıb Milli Məclisə göndərilib və yaxınlarda təsdiqlənəcək. 70 ildir bizim ev inşa olunub, deyirlər tez gəlmisən. İndi gedim mən bir 70 il də gözləyim».
İndi Fikrət Əliyevin ümidi Milli Məclisə qalıb.
İlham Əliyev
İlham Əliyev
HƏLƏ LAYİHƏ OLMASA DA
Milli Məclisə isə hələ ki, sənədsiz və qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı qanun layihəsi təqdim olunmayıb. Amma Parlamentin Regional Məsələlər Daimi Komitəsinin üzvü Tahir Rzayev narahatlığa əsas görmür. Deyir ki, konkret elə bir layihə olmasa da, gündəlikdə bu problemlərin bəzilərini özündə əks etdirən digər bir layihə- «Şəhərsalma və Tikinti Haqqında» qanun layihəsi var.
«Gündəlikdədir bu məsələ, hardasa payız sessiyasında müzakirə olunmalıdır. Bunlar həll olunmalıdır. Çünki prezident də tapşırıq verdi, adamlar da narahatdır. Millət vəkilləri bu məsələ ilə bağlı tez-tez çıxış edirlər, elə mən özüm də bu məsələni bir neçə dəfə qaldırmışam. Həmin qanun layihəsində prosedurların sadələşdirilməsi ilə bağlı müsbət məqamlar var».
HÜQUQŞÜNASIN ŞÜBHƏSİ
Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev isə bu məsələnin həllinin gecikməsindən narahatdır.
Hüquqşünas deyir ki, vətəndaşların qanuni sənədləri olan mülklərinin söküldüyü bir vaxtda, sənədsiz tikililərin heç bir problem olmadan qanuniləşdiriləcəyinə xeyli şübhə ilə yanaşır.
Hazırda Bakıda və ətraf qəsəbələrdə 400 mindən artıq sənədsiz və qanunsuz tikili olduğu bildirilir.
XS
SM
MD
LG