Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:58

«Eurovision»: İTV-dən tənqidçilərə cavab gəldi


2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı «Eurovision» mahnı müsabiqəsində Azərbaycan 25 ölkə arasında birinci olub
2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı «Eurovision» mahnı müsabiqəsində Azərbaycan 25 ölkə arasında birinci olub
«Bu, mahnı yarışmasıdır, bunun əvvəlini – «Eurovision» sözünü çıxardaq lap. İstəyirsiz, Asiya mahnı yarışması olsun, istəyirsiz Afrika mahnı yarışması. Bu, mahnı yarışmasıdır. Avropa Yayım Birliyi dəfələrlə elan edib: «Eurovision» mahnı müsabiqəsi qeyri-siyasi bir müsabiqədir».

Oktyabrın 21-də «Azad musiqi qeyri-azad ölkədə» kampaniyası ilə bağlı hüquq müdafiəçilərinin toplantısına qatılan İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov bu fikirdədir.

«MAŞINI DÜZ SÜRMƏK LAZIMDIR»

«Azad musiqi qeyri-azad ölkədə» kampaniyası təşkilatçılarının məqsədi «Eurovision» yarışmasına qatılacaq ölkələrin diqqətini Azərbaycanda həm də ictimai-siyasi hadisələrə çəkməkdir. Tələbləri ondan ibarətdir ki, «Eurovision» yarışması başlayana qədər Azərbaycanda siyasi motivlərlə həbsdə olan insanlar azad olunsun, İTV-də plüralizm təmin olunsun, sərbəst toplaşma hüququ tanınsın, vətəndaşların mülkiyyət hüquqları qorunsun və viza rejimi sadələşdirilsin.

İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov isə hesab edir ki, bu problemlərin mahnı yarışması ilə heç bir əlaqəsi yoxdur:

«Burda biz dolayısı ilə əlaqə axtarmağa çalışırıqsa, istənilən məsələdə bir əlaqə tapmaq olur. Məsələn, möhkəm külək əsirdi, mən döndüm ağacdan düşən yarpağa baxdım, getdim svetoforda başqa maşına dəydim. Bunun nə əlaqəsi var? Maşını düz sürmək lazımdır».

HÜQUQLAR TƏMİN OLUNSUN

Hüquq müdafiəçisi Rəsul Cəfərli isə bildirir ki, söz azadlığı problemi Avropa Yayım Birliyinin diqqət verdiyi məsələlərdəndir:

«Avropa Yayım Birliyi avqustun 31-də Azərbaycanla bağlı geniş bir bəyanat verib. Ölkədə siyasi azadlıqlar təmin olunmalıdır, mülkiyyət hüquqlarına hörmət edilməlidir».

Tahir Məmmədov: «Orda elə yazılmayıb».

Rəsul Cəfərli
Rəsul Cəfərli
Rəsul Cəfərli: «Özbəkistanda jurnalisti tuturlar, Avropa Yayım Birliyi bəyanat verir. Sizin xəbəriniz var? Siz necə deyə bilərsiniz ki, Avropa Yayım Birliyi söz və ifadə azadlığına qarışa bilməz?»

«Artur Rasi-zadə Avropa Yayım Birliyinə məktub yazıb ki, «biz zəmanət veririk ki, sərbəst toplaşmaq azadlığı və söz azadlığı qorunacaq. Əgər bu, siyasi tədbir deyilsə, bu məsələlərin yarışmaya aidiyyatı yoxdursa, niyə ölkənin baş naziri həmin zəmanəti verir?»

Bu sualı isə «Azad musiqi qeyri-azad ölkədə» kampaniyası təşkilatçılarından jurnalist Şahvələd Çobanoğlu qaldırır.

DÖVLƏT ZƏMANƏTİ

«Eurovison» yarışmasının Azərbaycanda təşkilinə məsul olan İctimai Televiziya təmsilçisi Tahir Məmmədov baş nazirin zəmanəti məktubu bağlı bunları bildirdi:

Artur Rəsizadə
Artur Rəsizadə
««Eurovision» mahnı yarışması keçirilən hər bir ölkələrin hər birindən dövlət zəmanəti adlı bir zəmanət alınır. İki zəmanət məktubu var: biri maliyyə zəmanəti, biri də dövlət zəmanəti. Bura vizanın sadələşdirilməsi, gələn bütün turistlərin, jurnalistlərin və bütün qonaqların Avropa Yayım Birliyinin «Eurovision» mahnı müsabiqəsi çərçivəsində olan bütün tədbirlərə istədiyi formada qatılması ilə bağlı zəmanət daxildir».
Azərbaycanın baş nazirinin oktyabrın 9-da Avropa Yayımlar Birliyinə göndərdiyi öhdəlik məktubda «Eurovision-2012» ilə əlaqədar Azərbaycana gələcək əcnəbilərin təhlükəsizliyinin təmin edilməsi, minlərlə xarici qonaq üçün viza rejiminin sadələşdirilməsi öhdəliyi öz əksini tapıb.

Məktubda deyilir ki, 57-ci «Eurovision» mahnı yarışması zamanı mətbuat və azarkeş kimi gələcək bütün insanların Avropa İnsan Haqları Konvensiyasına uyğun ifadə və sərbəst toplaşma azadlıqları təmin ediləcək.

2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı «Eurovision» mahnı müsabiqəsində Azərbaycan 25 ölkə arasında birinci olub.

Növbəti yarışma 2012-ci il may ayının 22-26-da Bakıda keçiriləcək.
XS
SM
MD
LG