Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:54

Britaniya sənətçilərə üz çevirir


Arxiv foto
Arxiv foto
New York Times

SƏRT İMMİQRASİYA QAYDALARI
Britaniya saysız-hesabsız qeyri-Avropa yazıçıları, rəssamları və digər yaradıcı şəxslər üçün arxasını çevirir. Buna səbəb çox sərt immiqrasiya qaydalarıdır. Bu qaydalar əcnəbi sənətçiləri öz proqramlarına qatmaq istəyən bir çox incəsənət qurumlarının yolunda əngələ çevrilib.
İqtisadi və təhlükəsizlik baxımdan gərgin dövrdə əcnəbilərin ölkəyə axınına məhdudiyyət qoyan bu sistem kağız üzərində kifayət qədər sadə görünür.
Bu qaydalar sərgi, festival, mühazirədə iştirak etmək üçün Britaniyaya gələn, amma pul qazanmaq və ya burada qalmağa çalışanlarla əlaqədar olaraq gündəmə gəlib.
Amma bu yeniliklər o qədər sərtdir ki, qanun icraçıları onu asanlıqla subyektiv yoza və tətbiq edə bilirlər. Belə ki, hətta Britaniyaya illərlə gəlib-gedən şəxslər də ölkəyə girişdə qəflətən rədd cavabı ilə rastlaşırlar.
«Rəssam və yazıçılarla elə rəftar edirlər ki, sanki onlar potensial əməkçi miqrant, yaxud terrorçudurlar», PEN təşkilatının Britaniya təmsilçiliyində çalışan Jonathan Heawood bu fikirdədir. O, hakimiyyəti çağırır ki, qanunları bir qədər yumşaltsın:
«Hakimiyyət sənətçiləri onlar üçün uyğun olmayan bir sistemə salmağa çalışır. Hakimiyyət sənətçilərə təhlükəli şəxslər kimi baxır, onları faydalı hesab etmir».
İran rejissoru Abbas Kiarostami
İran rejissoru Abbas Kiarostami
BRİTANİYAYA GEDƏ BİLMƏYƏN ŞAİR, YAZIÇI VƏ REJİSSOR
Bu sistemin son qurbanlarından biri Rusiyada doğumlu, Nyu-Yorkda yaşayan şair Alex Galperdir. O, bir xeyriyyə tədbirində təmənnasız olaraq qiraətə gəlməyi planlaşdırarkən geri qaytarılıb.
London qalereyası üçün əsər hazırlamaq hüququ almış gürcü rəssamı Gela Patashuriyə də viza verməkdən imtina ediblər, rəsmilər bildiriblər ki, onun ixtisasından «razı qalmayıblar».
Eyni taleyi İran rejissoru Abbas Kiarostami də yaşayıb. İngiltərə Milli Operasında «Così Fan Tutte» əsərini səhnəyə qoymaqla bağlı rejissorun planları alt-üst olub. Əvvəlcə ona viza veriblər, az keçmədən bu fikirdən daşınıblar. Sonradan rejissora bildiriblər ki, viza üçün yenidən müraciət etsin və ondan barmaq izləri götürülsün.
Britaniya «sərhədləri üzərində əsən» yeganə Qərb ölkəsi deyil. Birləşmiş Ştatlar da çətin viza sənədləşmələri baxımından ad çıxarıb. Bu sistem də dəfələrlə tanınmış rəssam və aktyorlar üçün maneə olub.
Amma Avropada Britaniya öz sərt siyasət yürütməyi və onu həyata keçirərkən uğursuzluğa düçar olması ilə seçilir.
2008-ci ildə hökumət siyasi təzyiqlər altında qalaraq qeyri-avropalıların buraya axınının qarşısını almaq üçün viza rejimində kəskin dəyişikliklər təqdim etdi. Bundan sonra rəssam və aktyorlar «müvəqqəti işçi» statusunu təsdiq etmək üçün digər şərtlərlə yanaşı bank hesabında 800 funt-sterlinq olduğunu da göstərməliydilər və bu məbləğ son 90 gündə hesabda qalmış olmalıdır, bundan başqa, onları elə incəsənət qurumu dəvət etməlidir ki, Britaniyada olduqları müddətdə bütün çətin xərclərini qarşılamaq imkanlarına malik olsun.
Londonda olan ABŞ səfirliyinin binası
Londonda olan ABŞ səfirliyinin binası
BRİTANİYA RƏSMİSİNİN GÖZLƏNTİSİ...
Viza alarkən sənətçilər üçün ərizə formasında ayrıca bölməni doldurmalıdırlar. Burda ərizəçilərdən tələb edilir ki, Britaniyada pul qazanmayacaqlarına, yaxud kommersiya tədbirlərində hətta pulsuz çıxış etməyəcəklərinə söz versinlər.
« Biz onlardan bizim tələblərimizə əməl etmələrini gözləyirik», adının çəkilməsini istəməyən Britaniya rəsmisi deyir:
«Uzun müddət immiqrasiya məsələləri nəzarətdən kənarda qalmışdı. Və bu hökumətə tapşırıldı ki, ən yaxşı sistemi tətbiq etsin və qanunu pozanlara qarşı sərt davransın».
Tanınmış Hindistan musiqiçisi Rajeswar Bhattacharya Britaniyaya 1996-cı ildən bəri gəlib-gedir. Viza alarkən də həmişə göstərib ki, çıxış etmək və dərs verməyə gəlir. Bu il onun Rabindranat Tagorun 150 illik yubileyilə əlaqədar keçirilən festivala gəlişi mümkün olmayıb. Britaniya rəsmiləri deyir ki, o, musiqi ilə bağlı təlimlər də keçirəcəyi üçün – onun Britaniyada həmişə etdiyi iş – viza verilməyib.
Bu qaydalar hansısa tədbirə qatılmaq istəyən turistləri də çıxılmaz vəziyyətdə qoyub. Məsələn, Argentinadan olan tanqo-rəqqasları Ismael Ludman və Maria Mondino da bu problemlə üzləşiblər. Onlar Avropa turu zamanı Şotlandiyada bir salonda onlarla insanın qarşısında pulsuz rəqs etməyə ümid edirdilər. Onlara rədd cavabı verilib. Rəqqaslar buna etiraz olaraq aeroportda tanqo ifa edib internetdə yerləşdiriblər.
Amerikalı fotoqraf Alec Soth Brighton Photo Biennale-da nümayiş etdirmək üçün foto çəkməyə dəvət edildiyini miqrasiya rəsmilərinə deyəndə başına iş açdı. O, saatlarla sorğu-suala çəkildikdən sonra ölkəyə daxil ola bilib. Amma şəkil çəkməyəcəyinə söz verdikdən sonra. (Onun əvəzindən birlikdə səyahət etdiyi 7 yaşı qızı şəkil çəkib)
London
London
BRİTANİYAYA GƏLMƏK İSTƏYƏN MUSİQİÇİLƏRİN VİZA PROSESİ DAHA FƏRQLİDİR
Musiqiçilər deyir ki, onların alətləri gözə dəyən kimi sərhəddə şübhələr oyanmağa başlanır. Ötən il Leedsə gələn amerikalı violonçel ifaçısı Kristin Ostling sərhəddə belə suallarla rastlaşıb: «Sizin burda violonçel çalmaq fikriniz varmı?», «Sizə kim pul verir?».
Xanım Ostling izah edib ki, öz pulu hesabına Britaniyaya gəlib və rusiyalı bəstəkar Sergey Taneyevlə bağlı akademik konfransda çıxış edəcək. Bu söhbətdən 8 saat sonra Ostling təyyarəyə yerləşdirilib və Çikaqoya doğru yola salınıb.
Bundan sonra isə onun həmkarları öz bəxtlərini sınamaq üçün Britaniyaya yollanıblar. John Ewing and Charles Wetherbee çoxsaylı suallarla üzləşiblər:
«O çalışırdı ki, bizim ağzımızdan alsın ki, bura işləməyə gəlmişik», Ewingə rəsmilərdən biri barədə danışır. «O təkrar-təkrar soruşurdu – Niyə violinçelinizi özünüzlə götürmüsünüz?». Biz də əvvəlki cavabımızı təkrarlayırdıq: «Biz musiqçiyik. Ümumiyyətlə, onlar qəbul etmək istəmirdilər ki, biz burda akademik konfransa gəlmişik».
Nəhayət, onlar Leedsə gəlib çıxıblar. Amma Ostling olmadığı üçün çıxış edə bilməyiblər.
Çikaqoya qayıdan yorğun Ostling «rədd» vurulmuş pasportunu da götürüb Britaniya Konsulluğuna şikayət edib. Bu zaman Britaniya sisteminin məntiqsizliyi ilə rastlaşır.
«Mən dedim ki, «elə bir xüsusi viza varmı ki, onu almaq üçün müraciət edim». Onlar dedilər: «Yox, biz sizə viza verə bilmərik, çünki buna ehtiyacınız yoxdur. Mühacirət etmək düzgün deyil».

Sayta hazırladı: Durna Səfərli
XS
SM
MD
LG