Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:48

D.Miyatoviç: «Ümid edirəm ki, gənc fəallar tezliklə azad ediləcək»


Dunya Miyatoviç
Dunya Miyatoviç
ATƏT-in Tbilisidə keçirdiyi 8-ci Cənubi Qafqaz Media Konfransında «Plüralizm və internet idarəçiliyi» mövzusunda müzakirələr aparılıb. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç (Dunja Mijatović) də konfransda iştirak edib. O, AzadlıqRadiosuna eksklüziv müsahibə verib.

«ÜMİD EDİRƏM Kİ, ONLAR TEZLİKLƏ AZAD EDİLƏCƏK»

- Xanım Miyatoviç, Siz 8-ci Cənubi Qafqaz Media Konfransında bildirdiniz ki, sosial şəbəkə və bloqosferada problemlər görən kimi qırmızı bayraq qaldırırsız. Yəqin ki, çox məşğulsunuz. Mənə Sizi Azərbaycanda məşğul edən səbəblərdən danışın.

- Bu səbəblər nədirsə, hamısı üzdədir və ictimaidir. Mənim Cabbar Savalanlı və Bəxtiyar Hacıyevin həbsinə münasibətim də həmçinin. Bu məsələni yüksək səviyyədə, prezident İlham Əliyev qarşısında qaldırmışam. Mən çox ümid edirəm ki, onlar tezliklə azad ediləcək. Əlbəttə ki, mən onların məsələsini izləyirəm, bloqqerlər Emin Milli və Adnan Hacızadənin məsələsini izlədiyim kimi. Bu, mənim üçün yeni bir şey deyil, öhdəliyimin bir hissəsidir. Bəzən bloqqer və «Facebook» fəallarını müdafiə edəndə, mənə deyirlər ki, axı onlar jurnalist deyil. İnsanların öz mövqelərini azad şəkildə ifadə etməsinin qarşısı həbs və ya digər qısnamalarla alındığını gördüyümdə, onlardan kimin jurnalist olub-olmamasını müəyyən etmirəm. Düşünürəm ki, səsimi qaldırmaq və onların azad olmasını istəmək mənim vəzifəmdir.

HƏR ŞEY HÖKUMƏTİN QƏRARINDAN ASILIDIR

- Sizin Azərbaycana son səfərinizdən sonra jurnalist Eynulla Fətullayev azad edildi. Bəzi insanlar düşünür ki, digər fəalların da azad olunması üçün Azərbaycanda Sizə yenidən ehtiyac var. Bu gözləntilərə münasibətiniz necə olardı?

- Mən çıxarılan bu nəticəyə hər hansı bir şərh verməkdən çəkinirəm. Mən həqiqətən də düşünürəm ki, Azərbaycanda hər bir hadisə Azərbaycan hökumətinin qərarları nəticəsində baş verir. Mən ümumilikdə ölkə prezidenti və hökumətlə danışıqlar apara bilərəm və açıq tənqidi şəkildə problemləri qaldıra bilərəm. Amma sonunda düşünürəm ki, bu, Azərbaycan hakimiyyətinin qərarıdır. Həmçinin, Azərbaycan xalqının da bu məsələyə qatqısı var. İki gənc oğlanın məsələsində də eynidir, onlar tezliklə azad edilməlidirlər.
Dunya Miyatoviç və İlham Əliyev
Dunya Miyatoviç və İlham Əliyev
Mən tezliklə Azərbaycana səfər edəcəyəm. Çünki diffamasiyanın dekriminallaşdırılması məsələsində hakimiyyətlə əməkdaşlıq edirəm. Ümid edirəm ki, bu, tezliklə baş verəcək. Azərbaycan hökumətinə də yaxşı əməkdaşlıq üçün təşəkkür edirəm.

«MƏNƏ BELƏ DEMƏYİBLƏR»

- Azərbaycan hakimiyyəti sübut etməyə çalışır ki, Cabbar Savalanlı və Bəxtiyar Hacıyevin həbsi ifadə azadlığı ilə əlaqəli deyil. Güman ki, Siz də onlardan bunu eşitmisiniz. Bu halda onlara cavabınız nə olur?

- Xeyr, onlar mənə bunu deməyiblər. Mənim üçün ən vacib olan gənclərin tezliklə azad olmasıdır.

- Amma hakimiyyət yerli mediaya bunu deyir.

- O zaman hakimiyyətdən soruşun bunları. Sizin hakimiyyətin əvəzinə cavab verə bilmərəm.

- Yaxşı, bəs hakimiyyət nümayəndələri ilə görüşəndə Sizə nə deyirlər bu məsələ ilə bağlı?

- Mən onların çox tezliklə azad olunmasını gözləyirəm. Mən buna ümid edirəm.

- Sizi Azərbaycanda nə vaxt gözləyək?

- Nəzərə alın ki, mən 56 ölkə üzrə nümayəndəyəm, amma Azərbaycana gəlmək üçün səbirsizlənirəm. Orada çoxlu dostlarım, həmkarlarım və görüləcək çoxlu işlərim var. Sizə dəqiq tarix deyə bilmərəm, amma mümkün olan kimi gələcəyəm.

- Müsahibə üçün təşəkkür edirəm.

- Sizə təşəkkürlər.
XS
SM
MD
LG