Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:08

Azərbaycan-Türkiyə Əməkdaşlıq Şurası nə vəd edir?


İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqda saziş imzalayırlar, 15 sentyabr 2010
İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqda saziş imzalayırlar, 15 sentyabr 2010
Azərbaycan və Türkiyə arasında ötən il yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı keçirilir. Oktyabrın 25-26-da İzmirdə keçiriləcək toplantıda iştirak etmək üçün ölkə başçısı İlham Əliyev Türkiyəyə yollanıb. Toplantıda hər iki ölkənin nazirləri də iştirak edir.

İzmir toplantısının ilkin olaraq ötən ilin dekabrında keçirilməsi nəzərdə tutulmuşdu.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi gündəmə gəldiyindən rəsmi Ankara ilə Bakı arasında soyuqluq yaranmışdı. Bu, Şuranın ilk iclasının vaxtına da təsir etmişdi. Amma indi toplantının baş tutması Şuranın real mexanizmə çevrilməsi istiqamətində ilk addımdır:

«Təkcə toplaşmaq vacib şərt deyil, önəmli olan toplaşdıqdan, bu Şuranın iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə alt komitələrini yaratdıqdan sonra ikitərəfli əlaqələri daha üst səviyyəyə qaldırmaqdır. Yəni, bundan sonra izləyəcəyik ki, Yüksək Səviyyəli Əməkdaşlıq Şurası necə işləyəcək».

«TÜRKİYƏNİN DİGƏR ÖLKƏLƏRLƏ DƏ BU TİP ŞURASI VAR, AMMA...»

Elxan Şahinoğluna görə, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının effekti hər iki tərəfin bu birliyə nə dərəcədə maraq göstərməsindən asılı olacaq:

«Azərbaycanla Türkiyə arasında başqa strateji müqavilələr də var. Bu o demək deyil ki, həmin müqavilələr də çox işlək vəziyyətdədir.
Elxan Şahinoğlu
Elxan Şahinoğlu
Digər tərəfdən, Türkiyənin tək Azərbaycanla deyil, digər ölkələrlə də belə səviyyəli iqtisadi şurası var, amma bu o demək deyil ki, həmin şuralar geniş fəaliyyət göstərə bilir. Məsələn, Türkiyə vaxtilə Suriya ilə də belə bir şura yaratmışdı, amma indi görürük ki, bu iki ölkənin münasibətləri faktiki dondurulub. Yəni, Şuranın yaradılması hələ o anlama gəlmir ki, mütləq Türkiyə-Azərbaycan strateji əlaqələri üst səviyyəyə qalxacaq. Bunda iki tərəfin də marağı olmalıdır. Tərəflərdən biri buna çox maraq göstərməsə, əlbəttə ki, bu şura da ciddi irəliləyişlər əldə edə bilməyəcək».

«HƏLƏ Kİ, MÜNASİBƏTLƏR BİRTƏRƏFLİDİR»

Elxan Şahinoğlu deyir ki, hələ ki iki ölkə arasında münasibətlərdə qarşılıqlı deyil, birtərəfli məqamların olduğu göz qabağındadır. Məsələn, investisiyaların yatırılması, viza rejiminin aradan qaldırılması kimi məsələlərdə Türkiyənin atdığı addımı heç də Azərbaycan tərəfi təkrarlamır.

Türkiyəyə səfəri çərçivəsində İlham Əliyev həm də Azərbaycan Dövlət Neft Şirkətinin İzmirdə tikiləcək yeni neft-kimya müəssisəsinin təməlqoyma mərasimində iştirak edib. 2015-ci ildə istismara veriləcək bu zavodun tikintisinə Azərbaycan tərəfi 5.5 mlrd. dollar vəsait ayırıb:

Foto: Arxiv
Foto: Arxiv
«Bununla da Türkiyə hər cür şərait yaradır ki, Azərbaycan investisiyalarını Türkiyədə yatırtsın və bundan hər iki tərəf gəlir əldə etsin. Amma çox təəssüf ki, bu, qarşılıqlı deyil. Türkiyənin iri kapitalı üçün Azərbaycanın qapıları hələ də bağlıdır. Oliqarxik sistem buna imkan vermir. Çünki Türkiyənin böyük kapitalı Azərbaycana gəlsə, burada bir canlanma yaranar. Azərbaycanın oliqarxik sisteminin müəyyənləşdirdiyi qiymətlərlə rəqabətdə türk malı önə çıxar».

QAZ SAZİŞİ OLACAQMI?

O ki qaldı iki ölkə arasında uzun müddətdir ki, müzakirəsi gedən qaz sazişinin imzalanıb-imzalanmayacağına, ekspertlərin gözləntiləri müsbətdir. Çünki ölkə başçısının səfəri ərəfəsində jurnalistlərə müsahibəsində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev sazişin imzalanacağını istisna etməyib, deyib ki, Azərbaycan tərəfi buna hazırlıqlı şəkildə yola düşür.

Bu ilin aprel-mayında Azərbaycanla Türkiyə tranzit qaz sazişinin imzalanmasına yaxın olub. Amma müəyyən amillər bu saziş üzərində işi yekunlaşdırmağa imkan verməyib.
XS
SM
MD
LG