Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:10

40 manatlıq texniki baxış neçəyədir: bizim gördüklərimiz (VIDEO)


40 manatlıq texniki baxış neçəyədir
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Bakıda avtomobillərin illik texniki baxışdan keçirilməsi ilə məşğul olan DYP idarəsi Xırdalandan Maştağa şossesinin üzərinə köçürülüb


Bakıda avtomobillərin illik texniki baxışdan keçirilməsi ilə məşğul olan Dövlət Yol Polisinin idarəsi Xırdalandan Maştağa şossesinin üzərinə köçürülüb. Bu ilin əvvəlindən prezidentin göstərişi ilə əksər dövlət qurumlarında, xüsusilə də yol polisi orqanlarında anti-korrupsiya tədbirlərinin gücləndirilməsi haqqında rəsmi xəbərlər dolaşır.

Amma bu Müayinə Mərkəzində əvvəllər Xırdalanda olduğu vaxt gördüyümüz problemlərin elə yeni ünvanda da təkrar edildiyinə şahid olduq. Elə Xırdalanda olduğu kimi burada da sürücülərdən rüşvət tələb edilməsi haqda şikayətlər, polisdən isə bu şikayətlərin yalan olması barədə and-aman eşitdik.

Maşınlara texniki baxışdan sonra bu sənəd verilir ki, ön şüşəyə vurulsun.
Maşınlara texniki baxışdan sonra bu sənəd verilir ki, ön şüşəyə vurulsun.
SÜRÜCÜLƏRDƏN EŞİTDİKLƏRİM...

- Məndən 60 manat aldılar.

- Bəs, nə qədər verməli idiniz?

- Qanuni mən 40 manatdan az rüsum ödəməli idim. Müayinə göstərmişdi ki, maşınımda hər hansı problem yoxdur. Amma 2-ci otaqda məndən 60 manat aldılar.

Bu sürücü maşınına yol polisinin tələb etdiyi illik texniki baxışı keçib təzəcə Mərkəzdən aralanmaq istəyirdi. Dediyinə görə, Xırdalandakı texniki baxış mərkəzinin yeni ünvana köçməsi, həm də korrupsiyaya qarşı mübarizə davam etdiyi üçün yeni müayinə mərkəzi barədə çox ümidli imiş. Amma ümidləri elə 2-ci otağa girənə qədər davam edib.

ÖZ GÖRDÜKLƏRİM...

Yeni müayinə mərkəzi 12 bölmədən ibarət olsa da biz orda olanda həmin bölmələrdən 6-ı işləyirdi. Maşın sahibləri isə bu qədər bölmə olduğu halda uzun növbələrin yaradılması səbəblərini başa düşmədiklərini deyirdilər.
Maşınların müayinədən keçirildiyi yer
Maşınların müayinədən keçirildiyi yer

Avtomobillərini kompyuter vasitəsilə müayinədən keçirənlər qəbz alıb bir otağa daxil olurlar ki, avtomobillərin texniki vəziyyətini əks etdirən vərəqi əldə eləsinlər. Bu vərəqi almaq avtomobil sahibinə 2 manatdan 5 manata qədər pula başa gəlir.

Amma həmin pulu verənlərə nə qəbz verilir, nə də pulun nəyə görə alındığı izah edilir. Vətəndaşların uzun-uzadı növbəyə durduğu həmin otaqda heç kimin ağlına gəlmirdi ki, soruşsun: bu pulu nəyə görə alırlar? Hər halda 10-15 dəqiqə ərzində beləsinə rast gəlmədim.

Həmin otağın bir tərəfində şüşənin üzərinə iri qızılı hərflərlə “XƏZİNƏ” sözü yazılsa da pulu sürücülərdən həmin xəzinədə yox, başqa otaqlarda alırdılar.

Boş xəzinə
Boş xəzinə
Sonradan sürücülər digər otaqlara başa çəkib, avtomobilin illik müayinə kartını alırlar.

İQTİSADÇIDAN EŞİTDİKLƏRİM...

İqtisadçı Zöhrab İsmayılla da müayinə mərkəzində rastlaşdım. Məlum oldu ki, 2-ci dəfədir mərkəzə gəlib.

Dediyinə görə, birinci dəfə ona avtomobilində bəzi problemlər olduğu deyilib. O digər bir ünvanda avtomobili yoxlatdırsa da, hər hansı problem qeydə alınmayıb. Buna baxmayaraq, ona yenə də maşınında problem olduğu bildirilirdi. Kompyuter müayinəsinin başında əyləşən əməkdaşı isə “bunu biz demirik, kompyuter göstərir” deməklə Zöhrab İsmayılla razı olmadığını bildirirdi.

Zöhrab İsmayıl isə hesab edir ki, hər maşında bir problem göstərmək əslində onların sahiblərindən əlavə pul almağa hesablanmış bəhanədir. Onun sözlərinə görə, çoxları həmin problemlərin həllinin vaxt aparacağını görüb əlavə pul verməyə razı olur:
Zöhrab İsmayıl
Zöhrab İsmayıl

“Burda yalnız o adamları yoxlayırlar ki, onlar rüşvət vermirlər. Ümumiyyətlə, müayinəyə girən maşınların hamısında “problemlər” çıxır”.

Zöhrab İsmayıl ən ciddi problemlərin maşının müayinədən keçməsindən sonra, onun sahibinin otaq-otaq göndərilməsi zamanı baş verdiyini deyir:

“Həm 2-ci otaqda, həm də 7-ci otaqda heç avtomobilini müayinə mərkəzinə gətirməsən belə “texniki baxış”dan keçmək mümkündür. Əlbəttə, əlavə pullar ödəməklə. Əgər sən avtomobilini bura gətirmisənsə, müayinənin nəticəsindən asılı olmayaraq, rüsumdan başqa, 25-30 manat əlavə pul alınır. Ümumiyyətlə, bu mərkəzdə xəzinə olsa da bir nəfər ora pul ödəmir. Bütün pullar 2-ci və 7-ci otaqda nağd ödənilir”.

POLİS İDDİALARI TƏKZİB EDİR

Müayinə Mərkəzində 2-ci və 7-ci otaqda nə baş verənləri izləyə bilməsək də, sonradan Baş Dövlət Yol Polisinin şöbə rəisi Kamran Əliyevlə söhbətləşdik. O, rüsumdan artıq pul alınması ilə bağlı sürücülərin iddiaları ilə bağlı deyir ki, həmin pul rüşvət yox, texniki müayinəyə gecikdikləri üçün onlardan alınan cərimələrdir:

- Yəni, bir çox avtomobillər oktyabra qədər olan vaxtı (nəqliyyat vasitələrinin texniki müayinəsi üçün vaxt oktyabrın 31-də bitirdi - müəl.) ötürüblər. Buna görə də əlavə cərimə olunurlar.

- Kamran müəllim, amma sürücülər demədilər ki, onlardan artıq alınan pul cərimədir.

- Bəs, cəriməni başqa nəyə görə edirlər?

- Avtomobilini müayinədən keçirənlərin əlində pul və sənəd var idi. Yəni otaqların qarşısında duran adamların əlində pul olmalıdırmı?

- Xeyr. Xəzinə var, ora ödəsinlər. Yol vergisini də, müayinəyə görə rüsumu da, cərimələri də hamısını həmin xəzinəyə ödəməlidirlər.

Kamran Əliyev
Kamran Əliyev
Kamran Əliyev deyir ki, otaqlara girəndən sonra adamları xəzinəyə də göndərirlər. Onun sözlərinə görə, sadəcə sürücülər sənədi də, pulu da bir yerə verməyə öyrəşib. Gedib pulu xəzinəyə ödəyib qəbz gətirməyi isə sadəcə özlərinə əziyyət sayırlar.

ƏSLİNDƏ TEXNİKİ BAXIŞIN QİYMƏTİ NƏ QƏDƏRDİR?

Dövlət Yol Polisinin rəsmi saytında verilən məlumata görə avtomobillərin texniki baxışı zamanı ödənilməli olan rüsum belə hesablanır:

- mühərrikin həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1 qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat + mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik yol vergisi tutulur, əlavə olaraq avtonəqliyyat vasitələrinə xidmətlərin göstərilməsi üçün 10 manat dövlət rüsumu ödənilir.

Qaydalara görə maşınını vaxtında texniki baxışdan keçirməyən fiziki şəхslər 30 mаnаt miqdаrındа, vəzifəli şəхslər 40 mаnаtdаn 70 mаnаtаdək miqdаrdа cərimə edilirlər.

SİZ PREZİDENT OLSAYDIZ İLK FƏRMANINIZ NƏ OLARDI?

Azərbaycanda maşını olan hər kəs onu ildə bir dəfə texniki baxışdan keçirməlidir. Texniki baxışı keçirən qurum da dövlət yol polisinindir, ona nəzarət edən də elə yol polisinin özüdür.

Prezident elə bu yaxınlarda hökumətin iclasında çıxışında bildirdi ki, rüşvətxorluq və korrupsiyanın aradan qaldırılması üçün həm cəza tədbirləri, həm də institusional tədbirlər görülür.

Dövlət başçısının fərmanı ilə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr yalnız bank yolu ilə ödənilə bilər və həmin məbləğin bir hissəsi yol polisinin özünə ödənilir. Bu kimi tədbirlərə baxmayaraq, yol polisinin rüşvət tələbi ilə bağlı iddiaların arası kəsilmir.

Əlavə informasiya olsun deyə qeyd edək ki, məsələn, Gürcüstanda maşınların texniki baxışdan keçməsi tələbini ümumiyyətlə ləğv ediblər. Bizim radionun baş ofisinin yerləşdiyi Çex Respublikasında əksər maşınlara texniki baxış tələbi iki ildir, həm də bu müayinəni polis yox, lisenziya almış ustalar həyata keçirirlər. Onların da sayı nə qədər istəsən, harda xoşuna gəlir, maşınını texniki baxışdan keçir.

Sizin təklifiniz nədir, texniki baxışda və ümumiyyətlə yol polisində əlavə pul tələbi necə aradan qaldırılsın?

Prezidentin yerində olsaydınız bu barədə nə fərman verərdiniz?

Bu suala cavabınız varsa, buyurun, şərhlərinizlə bu bəlaya çarə tapmağa yardımçı olun.

XS
SM
MD
LG