Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:51

Avrozona dağılır?


Avropa Birliyinin Iqtisadi Məsələlər üzrə Komissarı Olli Rehn deyib: “Xahiş edirəm, bəd xəbər gətirəni və ya bəd proqnoz verəni güllələməyin. Sabah ola bilər yaxşı xəbərlər gətirəcəm. Ancaq bu gün Avropa iqtisadiyyatının vəziyyəti çox tutqun və qaranlıqdır”.

Italiyada hökumət bondlarının faizi 7-ni keçdi. Bunu bütün agentliklər, qəzetlər öz yazılarının əvvəlinə , hətta başlığına çıxarıblar: İtaliyanın vəziyyəti o qədər pisdir ki, hökumət hazırda borcu ilə 7 faizdən aşağıya tapa bilmir.

7 faiz kritik hədd hesab olunur.
Məhz 7 faiz həddində 2009-cu ildə İrlandiya və Portuqaliya xaricdən kömək istədilər.
Avropa pulun əvəzində sərt qənaət tələb edəndə bu ölkələrin əhalisi öz hökumətlərindən üz döndərdilər.

İndi eyni hadisələr Yunanıstanda və İtaliyada təkrarlanır.

İTALİYA NƏ İRLANDİYADIR, NƏ YUNANISTAN

New York Times yazır ki, İtaliya balaca ölkə deyil ki, iflasına imkan verilsin ya da qıraqdan köməklə xilas oluna bilsin: İtaliya çox böyükdür.

Ümumi Daxili Məhsula görə İtalya iqtisadiyyatı Avropanın 4-cü, dünyanın 8-ci iqtisadiyyatıdır.
İtaliya iqtisadiyyatı böyüklüyünə görə Almaniya iqtisadiyyatının 70 faizi həcmindədir.
Avropa Birliyinin daxili məhsulunun səkkizdə birini İtaliya verir.

Economist İntelligence Unitin Barclays Wealth
Təşkilatına istinadla verdiyi məlumata görə, İtaliyada dollarla götürəndə 280 min milyonçu var.
Forbes jurnalına görə, İtaliyada 12 milyarder var.
Italiya milyarderlərin sayına görə Avropa Birliyində yalnız Almaniyadan geri qalır. Fransa, İsveçrə kimi ölkələrdən qabaqdadır.

Economist jurnalı yazır ki, son bir gününü Avropa Mərkəzi Bankı (AMB) bazarda keçirib. AMB kütləvi sürətdə İtaliya bondlarını alır ki, faizi aşağı sala bilsin.

Reuters yazır ki, 17 ölkənin və 330 milyon adamın ümumi pulu olan avronun taleyi hazırda İtaliyanın əlindədir. Ona görə AMB İtaliya bondlarını almağa məcburdur. Ancaq Economist yazır ki, AMB-nin imkanlarının da həddi var.

3 TRİLYON

Avrozonaın 17 ölkəsinin borc problemini həll etməyə nə qədər pul lazımdır?

Bu günlərdə G20 sammiti Avropanın borc problemi ilə mübarizə üçün yaradılmış Sabitlik Fondunu artırıb 1 trilyon avroya çatdırmaq qərarını vermişdi.

New York Times yazır ki, bundan bir az sonra Almaniya kansleri Merkel öz iqtisadi müşavirləri ilə müzakirə aparıb. Orda iqtisadçılar Merkelə deyiblər ki. borc problemini tam həll etməyə 3 trilyon 100 milyard avro lazımdır. Onlar Merkelə məsləhət görüblər ki, bu məbləğdə borcödəmə fondu yaradılsın.
Merkel bu ideyanı rədd edib.

BAŞ NAZİRLƏRİ QOVMAQLA VƏZİYYƏTİ BİR NEÇƏ AY ƏVVƏL DÜZƏLTMƏK OLARDI

Böhran yayılmaqdadır. New York Times yazır ki, Fransa hökuməti növbəti büdcə ixtisarını yenicə elan edib. Fransada qorxurlar ki, İtaliyadan sonrakı qurban Fransa olsun.

Daily Telegraph yazır ki, avrozona rəhbərliyini bu günlər sanki iflic vurub. Almaniya məsuliyyəti götürüb, konkret addım atmaq istəmir.

Qəzet hesab edir ki, bir-iki baş naziri işdən qovmaqla vəziyyəti bir neçə ay əvvəl düzəltmək olardı.
Avrozona o nöqtəni artıq keçib.
Avrozona uçurumun kənarındadır. Bəzi ölkələrin başçıları bunu başa düşmürlər ya da başa düşmək istəmirlər.

İndependent yazır ki, vəziyyət Yunanıstan böhranından qat-qat ciddidir. Dünyanın ən güclü hökuməti də ildə 7 faizdən çox borc götürə bilməz.
İndependentin fikrincə, Almaniya imkan verməlidir ki, Avropa Mərkəzi Bankı İtaliya bondlarını, borclarını alsın.

QLOBALLAŞMA PARADOKSU

Reuters indiki iqtisadi böhranın siyasi nəticələrinə də toxunur və yazır ki, Harvard Universitetinin professoru Dani Rodrik bu ilin əvvəlində çıxan kitabında təkid edirdi ki, iqlisadi qloballaşma, milli suverenlik və demokratik siyasət birlikdə ola bilməz. Bunlardan istənilən ikisi bir yerdə ola bilər, ancaq üçü bir araya gələ bilməz. Rodrik bunu “qloballaşma paradoksu” adlandırır.
XS
SM
MD
LG