Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:07

Mölvud Mövlud. Deyirlər Füzuli zarafatı sevərmiş...


Mövlud Mövlud


XIŞILDADI XƏZƏL XALÇA

Jalə İsmayıla

Füzuli adlı şeir səltənətinin qapısını qorxa-qorxa itələyib içəri boylandığım günlər idi. Ərəb-fars tərkibli izafətlər, qüdrətli intonasiya, böyük sənətkarlıq, irfani dünyagörüş. İçim fırtınaya düşmüş gəmi kimi alt-üst olmuşdu.

Başımı itirmişdim. Suallar rahatlıq vermirdi mənə – bir kitablıq poema yazıb axırda: “əbsəm-əbsəm,” – demək də niyə? Heç İmam Hüseyn aşiqliyi ilə: “Ayrı tutmuşsan Füzuli, məscidi meyxanədən,/ Səhv imiş ol kim səni biz əhli-irfan bilmişiz” bir arada olurmu? Məcnunu səhralara salıb eşq naləsi çəkdirmək hara, “dərdə yox səbri onun hər ləhzə min fəryadı var,” – demək hara? “Məndə məcnundan füzun aşiqlik istedadı var,” – deyəcəkdinsə, niyə onu eşqin səhrasına, bizim qəlbimizin taxtına çıxarırdın? Bu saqqallı kişi kimdir belə? Nə istəyir bizdən? Niyə imkan vermir 70-ci illərdə yazılmış, qız tutmağa yarayan aşırma qafiyəli şeirlərlə başımızı qataq?

Belə qatmaqarışıq günlərin birində, İşlədiyim redaksiyada əllərimi belimdə düyünləyib o baş-bu baş gəzişir, sabahdan bəridir dilimdən düşməyən beyti təkrar-təkrar zikr eləyirdim:

Nə yanar kimsə mənə
atəşi-dildən özgə,
Nə açar kimsə qapım
badi-səbadan qeyri.


Bir belə, iki belə, üç belə... İş yoldaşım, dəyərli ziyalı Fərzux Seyidbəyli başını qaldırıb üzünü mənə tutdu:

– Oğlum, belə şeylərə çox bənd olma. Dərdli yazılara çox ürək versən, Allah göstərməsin, dərdə düşərsən.

Fərzux bəyin bu sözləri qəribə gəldi mənə? Necə yəni dərdə düşərsən? Gör neçə əsr

Bu dəfə “Cəmaət-ül-Müvahidün”ə (xalq arasında Vəhhabi kimi tanınan dini camaatlıq) qoşulmuşdum. Dayanmadan dəvət aparırdım. Qonşumuz Xaliq mənə beət edər-etməz adını dəyişdirtdim. Dedim Xaliq yaradan deməkdir. İnsana Xaliq demək olmaz. Gəl sənə bu gündən Abdulxaliq deyək. Yəni Yaradanın qulu.
əvvəl yazılmış qəzəllərdir. Kərbəlalı bir kişi yazıb özü üçün. Özü də deyirlər, elə də qaraqabaq adam olmayıb. Əksinə, zarafatı çox sevərmiş. Əşi, özü deməyibmi, aldanma ki, şair sözü, əlbəttə, yalandır? Yəni, ay camaat, mənim qan ağlamağıma baxmayın, qəzəldi də, yazmışam. Ol zamanlar bir: “nə isə,” – deyib üstündən keçdim bu söhbətin. Fərzux bəyin “bənd olma”sına bənd olmadım.

Cəmi bir həftə sonra portmanatımı itirdim. İçində də rayona göndərməli olduğum 1000 manat pul və şəxsiyyət vəsiqəsi. O əzablı günlərdə ciyərimi də soyuğa verdim üstəlik. Uzun müddət xəstəxanada yatdım. Müalicədən sonra həkim qadağan etsə də, eşşək kimi içirdim. Sərxoş başda ağıl olmaz deyiblər. İçki havasına, mənəviyyatını salıb itirmiş adamlara dost deyirdim. Bir mahnıda deyildiyi kimi: “Dolaşıyordum avarə”.

***

Fərzux bəylə aramızda olan söhbəti bu ilin avqustunda Bakı avtovağzalından rayonumuza gedən avtobusa minəndə xatırladım. İllərdir “525-ci qəzet” də yazdığım yazılarda, internet-forumlarda, dost-tanışla çayxana-meyxana söhbətlərində “rayonumuz” deyib, “rayonumuz” eşidirdim.

Hətta bəzi dostlar məni yerlibazlıqda suçlayır, “bir az da başqa yerlərdən, başqa adamlardan yaz,”- deyirdilər. Dəfələrlə: “Mən oraları, o adamları yaxşı tanıyıram, başqa mövzulara girişsəm, saxta yazılar yazaram,” – desəm də, dostlar elə dediklərini deyirdilər. Belə mübahisələrdən qalib çıxmaq istədiyim günlərdə başımı qaldırıb gördüm ki, kitablardan, başqalarından danışa-danışa özümü unutmuşam. Öz həyatım xarabazara çevrilib. Diş xarab, baş xarab, göz xarab, böyrəklər kamança kimi sızıldayır, saç tökülür. Tez-tez düşdüyüm depressiyalar, xeyirdən başqa hər şey verən antidepressantlar. Fərzux bəy yenə də haqlı çıxdı. “Rayon, rayon” deyirdim. İndi budur, deyəsən, biryolluq rayona qayıdası oldum...

***

İki aydır ki, buradayam. Özümə verdiyim sözü hələ ki tuturam. Bura gələndən nə içki içmişəm, nə də siqaret çəkmişəm. Ara-sıra gəzməyə çıxdığım parkda maşın yolunu keçən axsaq it kimi qorxa-qorxa sağ-soluma baxıram. İndicə hansısa heykəlin arxasından bir cavanlıq dostum çıxacaq deyə, həyəcanlanıram. Yazıqları aldatdım. Hamısını aldatdım. Elə özümü də...

***

Görəsən, Əfqan gəlibmi? Təzəcə gəlmişdi əsgərlikdən. Vuran-tutan, qaz vurub-qazan dolduran oğlan idi. Onda mən rayonun sufilərinə beət etmişdim. Səhər obaşdan cübbəmi geyinib Şeyxin evinə gedir, sübh namazını qılandan sonra da qalıb zikrlər edirdim. Bir dəfə Əfqan yazıq peşman oldu məndən: “Deyirlər, Nəsimi kafir olub, düzdürmü?” – deyə soruşdu. Başladım Nəsimi, hürufilik, İnsan kamilliyi, sufizm barədə danışmağa. O vaxtlar belə şeylərdən danışanda ağlayırdım da. Söhbətin sonunda əlimdə tutduğum qızılgülü Əfqana verdim. “Bax bu gülə – Eşqli ol, Eşqdə ol, özündə Eşq ol!” – dedim.


O-bu, Əfqan qoşuldu bizə. Cübbə geyinib saqqal uzatdı. Namazlardan sonra uzun-uzadı zikrlər elədi. Yazıq uşaq təzə-təzə mənə “şeyx” deyirdi ki, “şeyx”i sufiləri tərk elədi. Başladı içməyə. Əfqan da İstanbuldakı “Nəqşibəndi”lərlə tapışıb Türkiyəyə gedəsi oldu.

***

Deyirlər, Azər də rayondadır. Namazın məni təzə-təzə tərk etdiyi vaxtlar idi. Hər gün içirdim. Onda Azər 11-ci sinifdə oxuyurdu. Təzəcə qonşuluğumuza köçmüşdülər. Onu hər gün özümlə “vurmağa” aparırdım. Bir belə, beş belə. Bir də onda ayıldım ki, Azər məndən çox içir. Evlərində əməlli-başlı problemlər yaşanır. Əyyaşlığımızın “çiçəkləndiyi” bir vaxtda mən tövbə eləyib oyundan çıxdım. Yazıq Azər ondan sonra lap pozuldu, narkoman oldu. Heroinlə tutulub türməyə düşdü, iki ay deyil çıxdığı. Heç axtarmamışam da onu. Görənlər deyir, Bakıda işləyir, ara-sıra bayram-seyran olanda rayona, qohum-əqrəbanı görməyə gəlir.

Bu dəfə “Cəmaət-ül-Müvahidün”ə (xalq arasında Vəhhabi kimi tanınan dini camaatlıq) qoşulmuşdum. Dayanmadan dəvət aparırdım. Qonşumuz Xaliq mənə beət edər-etməz adını dəyişdirtdim. Dedim Xaliq yaradan deməkdir. İnsana Xaliq demək olmaz. Gəl sənə bu gündən Abdulxaliq deyək. Yəni Yaradanın qulu. Razılaşdı.

Bir il, iki il, axırda camaata dədəsinin qoyduğu addan imtina etdirən oğlan aradan çıxdı. Təzədən içməyə və yazmağa başladım. “Cəmaət-ül-Müvahidun” namazı tərk etdiyimə, küfrü yazmağa və yaymağa yenidən başladığıma görə məni mürtəd (dinindən dönən) elan elədi.

Birdimi? Beşdimi? Hansını deyim? Hansınnan danışım? İndi həmin adamlar gəlib qarşımda dayansalar: “Belə eləyəcəkdinsə, bəs o nə hoqqalar idi çıxarırdın? Niyə namaz qıldın, tərk elədin, niyə gah yazdın, gah yazmadın, niyə heç vaxt nə istədiyini bilmədin,” – deməzlərmi?

Mən parkda köhnə dostlarla qarşılaşmaq, üz-üzə gəlib əzab çəkməkdənsə, əllərindəki telefonda “janrsızlıq” janrında oxunan mahnılara qulaq asan cavanlara dözməyə razıyam.

***

Bu gün noyabrın 5-dir. Şaxta vurmuş ağaclardan tökülən sarı yarpaqlar yerdə xəzəl xalçaya dönüblər.

Kaş bir saralmış yarpağa dönüb torpağa qarışaydım...


Qazax, 2011-ci il
525-ci qəzet
XS
SM
MD
LG