Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:03

Amnesty İnternational Azərbaycanda azadlıqların vəziyyəti haqqında xüsusi hesabat yayıb


"Amnesty İnternational" Azərbaycan haqda
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

"Amnesty İnternational" Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı növbəti hesabatını açıqlayır. Sənədin Bakıda elan edildiyi mətbuat konfransından videogörüntülər.



Amnesty İnternational Beynəlxalq insan haqlarını müdafiə təşkilatı Azərbaycanda əsas azadlıqların vəziyyətindən bəhs edən xüsusi hesabatını yayıb. “Çiçəklər açmayan bahar: Azərbaycanda cilovlanmış azadlıqlar” adlanan hesabatda bu ilin martında baş verən etiraz aksiyalarında həbs olunanların durumundan bəhs edilir və beynəlxalq ictimaiyyət neft zəngini olan Azərbaycanda insan haqlarının pozulmasına göz yummamağa çağırılır.

Noyabrın 16-da yayılan sənədə görə hakimiyyətin sistematik qısnamalarına baxmayaraq, Azərbaycanda gənclər özlərinin toplaşma və ifadə azadlıqlarından istifadə etməyə yollar tapmağa çalışırlar: “Dissidentlərin təqiblərlə üz-üzə qaldıqları bir vaxtda internet azad sözün tək sığınacaq yerinə çevrilib.
Siyasətdə, jurnalistikada, təhsildə, hətta, sosial şəbəkələrdə, harda olursa-olsun, hökumətin ünvanına tənqidi çıxış edənlər bir qayda olaraq cəzalandırılır.

Dövlət televiziyası Facebook şəbəkəsindən istifadə edənləri ruhi xəstələr kimi təsvir edən verilişlər yayır.

Azərbaycanda küçədə “Azadlıq” şüarlı səsləndirənə 10 gün həbs cəzası verilə bilər. Başqalarını da bu şüarı səsləndirməyə cəlb etmək isə ömrünün üç ilini həbsdə keçirməyə gətibi çıxara bilər” – deyə sənəddə qeyd olunur.

CABBAR SAVALAN

“Amnesty İnternational” hesab edir ki, 19 yaşlı Cabbar Savalan Facebook-dakı fəaliyyətinə görə həbs edilib. “O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənclər təşkilatının fəal üzvü kimi hökumət əleyhinə aksiyalarda iştirak edirdi. Bu il yanvarın əvvəlində o, Türkiyədə Azərbaycan prezidenti İlham Əliyev haqqında dərc edilmiş məqaləni Facebook-da yayıb. Həmin məqalədə Əliyev korrupsiyaya bulaşmış qumarbaz kimi təsvir edilirdi. Fevralın 4-də isə Cabbar Savalan Facebook-da “Qəzəb günü” aksiyasına çağırış yerləşdirmişdi. Ertəsi gün o, evdə deyib ki, naməlum şəxs tərəfindən izlənir. Fevralın 5-də isə polis əməkdaşları onu izahatsız həbs edərək bölməyə aparıblar. Cabbar Savalana ilk günlərdə vəkiliylə görüşməyə imkan verilməyib. Bir neçə gündən sonra isə o, vəkilinə deyib ki, polislər onu döyərək etirafedici ifadə alıblar. Onu marixuana saxlamaqda ittiham ediblər. Gənc fəal narkotik maddənin polis tərəfindən onun cibinə atıldığını deyib.

ELNUR MƏCİDLİ

Bu il aprelin 1-də Fransada yaşayan azərbaycanlı fəal Elnur Məcidliyə qarşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən “hakimiyyəti zorakı yolla devirmə, yaxud buna çağırış” ittihamı irəli sürülüb. Məhkəmə təsdiqləyərsə, həmin ittihama görə cəza 12 ildir. Azərbaycan hüquq-mühafizə orqanları hətta onun həbsi üçün İnterpola da müraciət ediblər. Amma Elnur Məcidliyə görə, İnterpol bundan imtina edərək ona ittihamı təsdiqləyən sübutların təqdim edilmədiyini bildirib.

Elmur bu ilin mart-aprel aylarında Bakıda keçirilməsinə cəhd edilmiş etiraz aksiyalarının təşkilatçısı olub. Azərbaycanın Baş Prokurorluğundan ona zəng edərək bu fəaliyyətini dayandırmağı tələb ediblər, əks halda cinayət məsuliyyətinə cəlb olunacağını deyiblər. Elnur həm də Azərbaycandan ona hədələyici zənglər də edildiyini bildirib.

Amma “Amnesty İnternational” hesab edir ki, Elnurun Facebook-dakı fəaliyyəti onun dövlət çevrilişinə cəhd etməsi barədə iddiaların əsassız olduğunu göstərir. “Amnesty İnternational”a görə, Azərbaycanın hüquq-mühafizə orqanları belə ittihamları onun öz söz və sərbəst toplaşmaq azadlıqlarından istifadə etməsi cəhdlərinə görə irəli sürüblər. Və həmin ittihamlar ləğv edilməlidir.

Hesabatda Bəxtiyar Hacıyev, Tural Abbaslı, Elmin Bədəlov, Emin Milli, Adnan Hacızadə kimi gənc fəalların da siyasi motivlərlə təqib edildiyi yazılıb.

HESABAT MÜƏILLİFLƏRİNİN GƏLDİKLƏRİ QƏNAƏT

Sənəddə nəticə kimi qeyd edilir ki, təşkiltın 2009-cu ildə yaydığı Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatından bəri ölkədə bu sahədə vəziyyət daha da pisləşib: “Hazırda bu ölkədə tənqidi söz deyənə dözüm çox aşağı səviyyədədir. Siyasətdə, jurnalistikada, təhsildə, hətta, sosial şəbəkələrdə, harda olursa-olsun, hökumətin ünvanına tənqidi çıxış edənlər bir qayda olaraq cəzalandırılır. Beynəlxaql dairələrin bu cür cəza tədbirlərinə susqun reaksiyası hökumətin əl-qolunu daha da açır, ona yardım vermiş olur.

(Məlumat videodan sonra davam edir)


Bəzi ölkələr Azərbaycanın neft və qaz sektoruna yüksək məbləğlərdə sərmayələr yatırıblar. Belə görünür ki, Azərbaycan hökuməti də öz addımlarında məhz həmin sərmayəçi dövlətlərə güvənir. Onların çoxu da bu ölkədə insan haqları pozuntularına göz yuman Avropa Birliyinin üzvü olan dövlətlərdir. Nəticədə də Azərbaycan hökuməti insan haqlarının vəziyyətinə görə səslənən tənqidləri ciddiyə almır”.

AVROPA KOMİSSİYASININ PREZİDENTİNƏ ELEKTRON MÜRACİƏT

Amnesty İnternational nəticə kimi Avropa Komissiyasının prezidenti José Manuel Barroso-ya göndərilmək üçün hazırladığı elektron müraciəti imzalamağa çağırır. Həmin müraciətdə Avropa Komissiyasının rəhbəri Azərbaycanla ticarət əlaqələrində bu ölkədə insan haqları sahəsində irəliləyişlərə önəm verməsi xahiş edilir.
...küçədə “Azadlıq” şüarlı səsləndirənə 10 gün həbs cəzası verilə bilər. Başqalarını da bu şüarı səsləndirməyə cəlb etmək isə ömrünün üç ilini həbsdə keçirməyə gətibi çıxara bilər.

Bundan başqa, Bakı ilə təmaslarda ayrı-ayrı şəxslərin pozulmuş haqlarının gündəmə gətirilməsi istənilir.

Müraciətdə həmçinin Avropa Komissiyasının prezidentindən Cabbar Savalan, Bəxtiyar Hacıyev, Tural Abbaslı, Rüfət Hacəbəyli və başqalarının dərhal və qeyd-şərtsiz azadlığaı buraxılmasına çağırması xahiş edilir.

Azərbaycanda insan haqlarını müdafiə qurumları ölkədə hazırda 20-ə yaxın siyasi məhbus olduğunu deyirlər. Onlardan 10 nəfərə yaxın bu ilin yazında müxalifətin Bakıda keçirdiyi etiraz aksiyalarında həbs olunanlardır.

Rəsmilər isə adətən beynəlxalq təşkilatların insan haqlarının vəziyyətinə görə Bakıya yönələn tənqidlərini rədd edirlər. Onlar bildirirlər ki, belə tənqidlər yalnız hansısa dairələrin Bakıya təzyiq cəhdlərinin nəticəsidir.
XS
SM
MD
LG