Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:17

N.Nozadze: «Azərbaycan hakimiyyətinin mesajı: tənqidi fikir dözülməzdir»



Amnesty International insan haqları təşkilatının Azərbaycan haqda xüsusu hesabatı çıxıb: “Heç vaxt çiçək açmayan bahar, Azərbaycanda əzilən azadlıqlar".

Təşkilatın Azərbaycan üzrə araşdırıcısı Natalia Nozadze Azadlıq Radiosunun suallarına cavab verir.

Azadlıq Radiosu: Amnesty İnternational bu hesabatı niyə indi yayıb?

Natalia Nozadze: Biz Azərbaycanda vəziyyəti neçə illərdir ki, müşahidə edirik və təəsüf ki, azadlıqlarla bağlı mənfi təmayüllər çoxalır: söz azadlığı, toplaşmaq azadlığı.

Hesabatın vaxtının seçilməsi metodologiya ilə əlaqədardır. Biz vəziyyəti öyrənmək üçün Azərbaycana mart ayında getmişdik. Həmin vaxt gənclər Facebooka çağırışlar qoyurdular, ictimai itaətsizliyə və küçə etirazlarına çağırırdılar.
Biz bütün bunların nə ilə qurtarmağını gözləyirdik.

Bizim hesabatda 17 məhbusla bağlı xüsusi hissə var. Biz onları vicdan məhbusu adlandırırıq. Çünki onlar yalnız öz haqlarından dinc şəkildə istifadə etdiklərinə görə tutulublar və onların hamısı həbs cəzası aldı.
11 mart 2011. Bakıda nümayiş
11 mart 2011. Bakıda nümayiş

Azadlıq Radiosu: Sizcə, nümayişləri belə kobud dağıtmaqla və sosial media fəallarını həbsə atmaqla hakim rejim hansı mesajı verir?

Natalia Nozadze: Mənim fikrimcə, mesaj çox aydındır.
Mesaj budur ki, narazılıq və tənqidi fikir, xüsusilə də bu tənqidi fikirlər təşkilatlanıbsa, Azərbaycanda dözülməzdir.

Və bu nəinki siyasi müxalifətə, həm də vətəndaş cəmiyyətinin öz adından danışa bilən və və ya özünü müdafiə edə bilən hissələrinə də aiddir.

Mənim fikrimcə, etirazlar hakimiyyətin öz əlində olan sıxışdırma üsullarından və inzibati vasitələrdən necə istifadə etməsinin və etmək istəməsinin nümayişi oldu.
Bir tərəfdən baxanda bu vasitələr tənzimləmə vasitələridir, ancaq tətbiq edəndə, tənqidi səsləri boğmaq üçün çox güclü gözqorxutma, sıxışdırma vasitəsidir.\

Azadlıq Radiosu: Beynəlxalq aləm rejimə təsir göstərmək üçün nə etməlidir?

Amnesty İnternational beynəlxalq aləmə hansı mesajı verir?

Natalia Nozadze: Bizim fikrimizcə, buna göz yummaq Azərbaycan xalqının və beynəlxalq aləmin marağında deyil.

Ona görə biz hökumətləri bütün mümkün forumlarda Azərbaycanda insan haqlarının vəziyyəti məsələsini qaldırmağa çağırırıq. Fərqi yoxdur, o forumlarda söhbət ticarətdən gedir yoxsa Azərbaycanın Avropa Şurasındakı statusundan.

Azadlıq Radiosu: Sizin fikrinizcə, hökumət bu təzyiqlərə reaksiya verəcəkmi?

Natalia Nozadze: Bu, ikitərfli yoldur. Bir tərəfdən, Qərb ölkələrinin Azərbaycana ehtiyacı var, çünki Azərbaycanda haqlar pozulsa da, nisbi sabitlik var.

Azərbaycan neft və qaz resurslarına görə də çox əhəmiyyətli ölkədir.

Ancaq eyni vaxtda vurğulanmalıdır ki, Azərbaycan Qərbdə maraqlıdır. Azərbaycanın öz resurslarını satmağı üçün bazar lazımdır.

Ona görə beynəlxalq aləm insan haqları pozuntularına səsini ucaltmalıdır və aydın mesaj verməlidir ki, fundamental azadlıqları əzən ölkə ilə iş görməyəcəklər və ya bunun müvafiq nəticələri olacaq.
XS
SM
MD
LG